Tarix müəllimliyindən ABŞ-də vəzifəyə yüksələn Tərlan Əhmədov: "İnsanlara yanaşma fərqlidir"

"O zaman Azərbaycanda rus bölməsində dərs deyəcək müəllim qıtlığı yaşanırdı. Bilirsiniz, 90-cı illərdə vəziyyət gərgin idi, Qarabağdan köçkünlər gəlməyə başlamışdı, rusdilli müəllimlər azalmışdı. Mən BDU-nun Tarix fakültəsinin axşam növbəsinə daxil olmuşdum. Həm oxumalı, həm də işləməli idim. Belə bir vaxtda məni Təhsil İdarəsində maliyyə şöbəsinə işə götürmüşdülər. Orada işləyə-işləyə çox şey öyrənirdim. Amma müəllimlik etməyi daha çox istəyirdim. Elə orada işlədiyim müddətdə gəlib dedilər ki, məktəblərdə rus dilində dərs deyə biləcək müəllim çatışmır. Mən deyəndə ki, işləmək istəyirəm, dedilər ki, sən hələ ali məktəbi bitirməmisən, ona görə də, buna ancaq təhsil naziri Lidiya Rəsulova icazə verməlidir. Bir az düşündüm, özümdə güc tapdım və getdim Lidiya xanımın qəbuluna".

Bunu Lim10.az-a müsahibəsində ABŞ-da yaşayan soydaşımız, Meyn Azərbaycan Cəmiyyətinin rəhbəri, Amerika Azərbaycan Təşkilatları Alyansının üzvü, qubernator Janet T.Mills tərəfindən Meyn ştatının Qubernatorluq Siyasət İnnovasiyası və Gələcək İdarəsi yanında Yeni Amerikalılar Ofisinin (Office of New Americans) birinci direktoru təyin edilən Tərlan Əhmədov deyib.

- Tərlan bəy, dediniz ki, Lidiya xanım sizə xüsusi icazə verib...

- Bəli. Lidiya xanım məni qəbul etdi, yanında müavini də vardı. Dedim, Lidiya xanım, bilirsiniz ki, məktəblərdə rus bölmələrində müəllim qıtlığı var, özüm Tarix fakültəsində oxuyuram və məktəbdə işləmək istəyirəm.

Mənə dedi ki, "Tərlan bəy, mən sizə icazə verirəm. Heç bir problem yoxdur. Arzulayıram ki, bizim gələcək nəslimizə dəstək olasınız. Rusdilli kadr çatışmazlığı sahəsində kömək olasınız", - beləcə, mən başladım müəllim işləməyə.

- İlk olaraq hansı məktəbdə dərs demisiniz?

- İlk dərs dediyim məktəb 182 nömrəli idi. Binəqədi rayonunun Binəqədi kəndində. O vaxt məktəbin müdiri Zinyət xanım idi. Məni mehribanlıqla qəbul etdi, danışdıq və başladım işləməyə. Baxmayaraq ki, hələ universiteti bitirməmişdim, kadr probleminə görə məni tam ştat işə götürdülər. Söhbət 1993-cü ildən gedir.

- Siz artıq Təhsil İdarəsindən çıxmışdınız?

- Xeyr. Orada da işləyirdim. İki işdə işləyirdim, üstəlik də axşamlar universitetdə təhsil alırdım deyə çox çətin olurdu. Təsəvvür edin ki, səhər saat 06:30-da evdən çıxırdım, çünki yol elə 40 dəqiqə idi. Mənə də 1-ci saatda olan dərslər verilmişdi.

- Binəqədiyə haradan gedirdiniz ki?

- 8-ci mikrorayondan. Orada meliorasiya idarəsi var idi, yaxınlığında da çörək evi. Oradan düz qalxırdım yuxarı, Azadlıq prospekti ilə 6-cı mikrorayona gedən dairədəki poliklinikanın yanına, oradan isə avtobusla gedirdim dərsə. Binəqədinin özünə istənilən avtobus gedirdi, amma Binəqədi kəndinə tək bir avtobus gedirdi, nömrəsini unutmuşam, kənd Binəqədiyə getmək üçün onu gözləmək məcburiyyətində idik.

- Məktəbdə nə qədər işlədiniz?

- Bir ildən çox o məktəbdə dərs dedim. Sonra imkan yarandı, elə öz bitirdiyim 248 nömrəli məktəbdə işləməyə başladım. O məktəbdə də haradasa 2-3 il işlədim. 1997-ci ildə universiteti bitirəndə, müəllimlik sahəsində xeyli təcrübəm vardı. Sonra işdən ayrıldım.

- Bəs bu qədər sevdiyiniz işdən niyə ayrılmaq istədiniz?

- Maaş az olduğuna görə. Müəllimlərə verilən maaş çox az idi. Əvvəl başladım bizneslə məşğul olmağa. Məktəbdən tamamilə çıxdım. Başladım konsaltinqlə məşğul olmağa. Çünki rus dilindən əlavə ingilis və fars dillərini yaxşı bilirdim.

- Fars dilini indi də yaxşı bilirsiniz?

- Bəli, fars dilində mükəmməl danışıram. Yazı-pozunu o qədər də yaxşı bilmirəm, amma mükəmməl anlayıram və danışıram.

- Harada öyrənmisiniz?

- Oxuduğum vaxtlarda öyrənmişdim. Amma sonra daha çox radio ilə öyrəndim. Fars dilində verilişləri dinləyirdim və xoşum gəlirdi. Çox istəyirdim ki, fars dilini öyrənəm. Qəribə bir marağım var idi. Həm də dil qavramaq sahəsində xüsusi qabiliyyətim var (gülür).

- İşinizi elə konsaltinqlə davam etdirdiniz?

- 2000-ci illərdə Azərbaycanda artıq bələdiyyələr yaranmağa başladı. Başladım bələdiyyələrin rayonlarda təşkili ilə məşğul olmağa. Bu səbəbdən bir çox rayonlara getdim. İngilis dilini çox yaxşı bildiyim üçün və bu işdə də Amerika QHT-si iştirak etdiyi üçün hər şey yaxşı keçirdi. Müxtəlif sosial layihələr, sosial sorğular həyata keçirirdik. Sonra bir müddət miqrantlarla işlədim. Həmin vaxtlar bir çox xarici ölkələrə də gedirdim. Həm öz, həm də biznes maraqlarım var idi. Dostlarımla birlikdə kompüter biznesi ilə də məşğul olurduq.

- Xaricə getmək qərarını necə verdiniz və niyə məhz Amerika?

- İlk dəfə 2000-ci ildə Amerikada olmuşdum. Bura gəlməzdən əvvəl bir çox ölkələri gəzmişdim. 2003-cü ildə evləndim. ABŞ-də yoldaşımın qohumları olduğu üçün biz bura gəlməyə qərar verdik. Beləcə, həyatımızı yenidən başladıq. Amerikadan əvvəl, bayaq dediyim kimi, Avropanın bir çox ölkələrində olmuşdum - Lüksemburq, Almaniya, Niderland və s. Gördüm ki, həqiqətən Amerikada imkanlar və insanlara olan yanaşma tam fərqlidir. Məsələn, Avropaya gedəndə, tutaq ki, Almaniyada insanla çox rasistcə davranırlar. İstəmirlər səninlə ayrı dildə danışsınlar, çox kobud cavab verirlər və s. İnsana özünü diskriminasiyaya uğramış kimi hiss etdirirlər. Fransada da eyni halı müşahidə etmək olurdu, Amerikada isə belə bir şey yox idi.

- Siz gedən vaxtlarda viza məsələsi necə həll olunurdu?

- Təbii ki burada müəyyən qanunlar var. Vizadan əlavə burada sənin sponsorların olmalıdır. Biz gəldik, çünki bizə ailəmiz və qohumlarımız kömək etdilər.

- Tərlan bəy, həyat yoldaşınız nə işlə məşğuldur?

- Həyat yoldaşım BDU-nun Coğrafiya fakültəsini qurtarıb. Bakıda müəllimlik edirdi.

- Neçə övladınız var?

- İki övladımız var. Oğlan və qız. Oğlumun 20 yaşı var, qızımın 18. Hər ikisi tələbədir. Oğlum həkim, qızım isə hüquqşünas olmaq istəyir.

- Siz ABŞ vətəndaşlığı almısınız yəqin ki...

- Bəli, əlbəttə. 15 ildən çoxdur ABŞ vətəndaşıyıq və həm də Azərbaycan vətəndaşı.

- Azərbaycana tez-tez gəlirsiniz?

- Əslində tez-tez gəlirdim, ildə bir dəfə. Çünki evdə anam var idi. Anam iki il əvvəl rəhmətə gedib. Həm də yeni bir layihə başlamışam. Burada aspiranturaya daxil olmuşam, dövlət və qanunlar üzrə. Layihənin adı "xaricdə təhsil alan peşəkarlar və onların Amerikaya inteqrasiyası"dır.

- Siz qubernator Janet T.Mills tərəfindən Meyn ştatının Qubernatorluq Siyasət İnnovasiyası və Gələcək İdarəsi yanında Yeni Amerikalılar Ofisinin (Office of New Americans) birinci direktoru təyin edilmisiniz. Yeni işiniz necədir?

- Bəli, təyin olunmuşam amma yeni işimin başında yanvarın 21-dən olacağam. Bu təyinat elə-belə olmadı. Mən 19 il burada qaçqınlar idarəsində işləmişəm və hər il pillə-pillə qalxmışam. 2009-cu ildə qaçqınlar idarəsinin müdiri idim. 2017-ci ildə isə Meyn ştatının Federal proqramının koordinatoru təyin olundum. 2022-ci ildə Əmək Nazirliyinə işə daxil oldum və oradakı məşğulluq idarəsində bütün federal və ştat proqramlarının direktoruyam. İndi isə qubernator məni yeni bir vəzifəyə təyin edib. Bu, yeni bir ofisdir. Ofisin adı "Yeni amerikalılar" adlanır və onun ilk direktoru mən olacağam.

Meyn ştatının öz parlamenti var. Həmin ofis həm senat, həm də nümayəndələr palatası tərəfindən yekdilliklə qəbul olunan bir qanuna əsasən təşkil olunub. Bu, ABŞ-də 19-cu ştatdır ki, belə bir ofisini açıb.

Bu ofisin əsas məqsədi yalnız qaçqınlarla deyil, bütün immiqrantlarla işləməkdir.

- Sizə işlərinizdə uğurlar arzulayırıq.

- Təşəkkür edirəm.

Əzizə İsmayılova