Bakıda hər yağışdan sonra palçıq əmələ gəlir: Qurum qazmaq üçün icazə gözləyir
Sakinlər Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Əcəmi Naxçıvani küçəsində yolun vəziyyətindən şikayətçidirlər.
Onların sözlərinə görə, sözügedən ərazidə yol qazılaraq su borusu düzəldildikdən sonra hər yağış yağdıqda palçıq yaranır.
Məsələ ilə bağlı Lim10.az-a açıqlamasında Binəqədi Rayon Sukanal İdarəsinin nümayəndəsi Malik Həsənov bildirib ki, sözügedən ərazidə olan problem su sızıntısının olması ilə əlaqədardır:
"Ərazidə hazırda su sızıntısı var. Yolun qazılaraq təmir işlərinə başlanılması üçün "Azəravtoyol" ASC-yə müraciət edilib. Onların icazəsi olmadan biz qazıntı işini apara bilmirik. Ərazidə qazıntı işinin aparılmasına sabah gün ərzində icazə veriləcək. "Azəravtoyol" ASC-dən icazə verildikdən sonra su sızıntısının qarşısı alınacaq, əraziyə çınqıl, qum örtüyü döşənəcək. Daha sonra yola asfalt qatının çəkilməsi üçün "Azəravtoyol" ASC-yə müraciət ediləcək".
Aygün Mirakif