Ermənistan sərhəd məsələsində loyaldır, sazişi isə sabotaj edir - ziddiyyətin səbəbləri...

Əli Orucov: "Görünür, Ermənistan hakimiyyəti hazırkı dönəmdə Azərbaycanla yenidən ciddi ixtilaflara getmək istəmir..."

Bir neçə ay çəkən fasilədən sonra yanvarın 16-da Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə ermənistanlı həmkarı Mher Qriqoryanın sədrliyi ilə iki ölkənin dövlət sərhədinin delimitasiya və təhlükəsizliyi məsələləri üzrə Komissiyalarının on birinci görüşü keçirilib.

Görüş iki ölkənin sərhədində gerçəkləşib, tərəflər növbəti mərhələdə delimitasiya işlərinin aparılması üçün fikir mübadiləsini davam etdiriblər.

“... Kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan, Ermənistan və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan və Ermənistanın İran İslam Respublikası ilə sərhədinə qədər başlanması barədə razılığa gəliblər", - məlumatda deyilir.

Eyni zamanda, məlumatda bildirilir ki, tərəflər növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

Sözügedən komissiyaların bundan əvvəlki görüşü ötən il noyabrın 1-də olmuşdu.

Ermənistan sərhədlərin delimitasiyasına razı olduğu halda, nədən sülh müqaviləsinin bağlanmasından hər vəchlə yayınır, onu uzatmağa çalışır?

“Bakı-Xəbər” qəzetinə açıqlamasında Əli Orucov bildirdi ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya üzrə Dövlət Komissiyalarının yenidən görüşməsi və müəyyən razılıqlara gəlmələri müsbət haldır: "Baxmayaraq ki, bu proses çox ləng gedir. Hər iki dövlət arasında 1066 km uzunluğunda olan sərhəd xəttindən indiyədək cəmi 13 km-nin müəyyənləşdirilməsi onu bir daha təsdiq edir ki,  bu prosesin aparılması heç də asan deyil. İrəvanın mübahisə etdiyi ərazilər əsasən işğal dövründə sərhəddə ələ keçirdiyi ərazilərdir. Həmin vaxtlarda sərhədlərini Azərbaycanın içərilərinə doğru çəkən Ermənistan indi bu əraziləri özününkü sayır. Erməni ictimaiyyətinin də şüurunda kök salan ideya ondan ibarətdir ki, Azərbaycan onların ərazilərini tutub. Hətta bu yanlış fikirləri dünya ictimaiyyətinə də sırımağa çalışırlar. Ona görə də dövlət sərhədlərinin delimitasiyasına Ermənistan tərəfdən ciddi maneələr var. Kilsə və revanşistlər buna müqavimət göstərir. Cəmiyyətdə yanlış təsəvvürlər işlərin gecikdirilməsinə əngəl olan başlıca səbəblərdəndir. Amma delimitasiya və sərhədlərin təhlükəsizliyi məsələsi öz həllini tapmasa hər iki dövlət arasında sülh sazişinin əldə olunması çətinləşə bilər. Hətta hipotetik olaraq hesab eləsək ki, delimitasiya olunmadan sülh bağlandı, ancaq sonrakı ehtimal olunan ərazi mübahisələri sazişin özünü də risq altına qoyur.

Ermənistan tərəfinin uzun fasilədən sonra sərhədlərin delimitasiyasına yönəlik vasitəçisiz  atdığı bu addım özlüyündə müsbət hal olsa da, ancaq bu prosesin sürətlənəcəyinə marağının necə olması bir müddət sonra görsənəcək. Görünür, Ermənistan hakimiyyəti hazırkı dönəmdə Azərbaycanla yenidən ciddi ixtilaflara getmək istəmir və yaxud da bu, vaxt qazanmağa hesablanıb.  Çünki İrəvanın hazırkı prioriteti Qərbdə özünə tərəfdaşlar və müttəfiqlər axtarışıdlr. ABŞ ilə strateji müttəfiqlik sazişinin imzalanmasının İrəvanı Rusiyanın ciddi təzyiqləri ilə üzləşdirəcəyi qorxusu onu daha ehtiyatlı və diqqətli davranmağa sövq edir".

Dəniz NƏSİRLİ