Peyin gölməçəsi, "varlılar üçün" zibil konteynerləri - Türkanda nə baş verir?

Türkan qəsəbəsinin girişində, mərkəzi yoldan 200 metr aralıda yaranan antisanitar vəziyyətdən sakinlər şikayətçidirlər.

Onlar bu barədə Lim10.az-a şikayət ünvanlayıblar.

Sakinlər bildiriblər ki, qəsəbədə sıx yaşayışın olduğu ərazidə ferma yaradılıb:

"Ferma sahibi Etibar adlı Dəvəçi sakinidir. Qəsəbədə yaşayan sakinlər dəfələrlə ona fermaya görə yaranan antisanitar vəziyyət barədə müraciət ediblər, amma bir faydası olmayıb. Mal-qara peyini tövlədən çıxarılaraq yola tökülür. Biabırçı vəziyyət yaranıb. Sakinlər bütün gün bu yolu gedib-gəlirlər. Yol kanalın kənarıdır. Nə Türkan qəsəbəsi icra nümayəndəliyi, nə də bələdiyyə buna nəzarət edir. Sanki yolu keçəndə gözlərini bağlayıb gedirlər. Sakin bir daş üstünə daş qoyarsa, həmin dəqiqə başının üstünü kəsirlər, bəs bu vəziyyətə niyə baxmırlar?"

Sakinlər qeyd ediblər ki, Türkan qəsəbəsinin problemi yalnız peyinin yola tökülməsi ilə bitmir:

"Zibilin yaratdığı antisanitar vəziyyətdən də əziyyət çəkirik. Qəsəbədə zibil konteynerlərinin sayı azaldılıb, buna görə də hamı zibili yola atmaq məcburiyyətində qalır. Hər yer zibillik içindədir. Əvvəl qəsəbənin mərkəzi küçəsində zibil konteynerləri ardıcıl şəkildə quraşdırılmışdı. İndi isə bir-iki yerdə zibil konteynerləri qalıb. Mərkəzi küçədən bu konteynerlər yığışdırılıb. Sakinlərin şikayətindən sonra konteynerlərı gətirdilər, lakin onlar da dəniz qırağına, varlıların yaşadıqları yerlərə qoyuldu. Çünki onlar zibil üçün pul verirlər, biz isə yox. Qəsəbənin zibil problemi həmişə olub, qalmaqda da davam edir. Kəndin içərisində gözdən uzaq ərazilərdə gizli zibilxanalar mövcuddur. Bunlara baxan yoxdur, deyəsən, belə gəlib, vəziyyət belə də gedəcək".

Sakinlərin ərazidən göndərdiyi videonu təqdim edirik:

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb.

Aygün Mirakif