Güney Azərbaycan qadınları üçqat zülmlə üzləşirlər
İsrailin "İsrail Milli Xəbərləri" - Arutz Şeva (Yeddinci Kanal) radiostansiyasının internet saytında İranda qadınların acınacaqlı vəziyyətinə dair məqalə dərc olunub.
Həmin materialın tərcüməsini oxucuların diqqətinə təqdim edirik.
Redaktorun qeydi: Rachel Avraham Dona Gracia Diplomatiya Mərkəzinin baş direktoru və israilli jurnalistdir.
“Bu yaxınlarda Paris Biznes Məktəbi İranda qadınların statusu ilə bağlı simpozium təşkil etdi və qeyri-fars mənşəli nümayəndələrə xüsusi diqqət yetirildi.
Simpoziumda Avropa Parlamentinin Demokratiyaların Müdafiəsi Assosiasiyasına rəhbərlik edən Avropa Parlamentinin müşaviri Manel Msalmi deyib: “Məhsa Əmininin ölümü dünyanı şoka saldı və İran rejiminin əsl mahiyyətini, yəni qadınlara qarşı zülmü ortaya qoydu. Həm də hakimiyyətin müxtəlif etnik qrupların nümayəndələrinə qarşı pis rəftarına işıq salır”.
Fəal Nəmam İsmaili qeyd edib: “Onlar Əmini hicabının altından çıxan saçlara görə öldürüblər. İndi gənclər azadlıq tələb edir. Onlar hamı üçün hüquq tələb edirlər, çünki hər kəsin ləyaqət və azadlıqda yaşamaq hüququ var. Əmini tək qurban deyildi. Tehran yaxınlığındakı Qarec şəhərindən olan ərəb fəal Atefeh Naminin meyiti evinin eyvanında tapılıb”.
İran həbslərdən sonra səbəbsiz ölümlər fenomeni ilə çox tanışdır. Atefeh Naminin qardaşı - Məhəmməd Əmin Nami deyib: "Bacımın öldürüldüyünü biləndə tamamilə sarsıldım".
Məhəmməd və onun bacısı uzun müddətdir ki, İran ərəblərinin məktəblərdə ana dillərini öyrənmək hüququnu müdafiə ediblər. "Əmini də, Nami də tək olanlardan uzaqdır. Keçən il 23 yaşlı azərbaycanlı tibb tələbəsi Aylar Haqqının Təbriz şəhərində məcburi hicab etirazında iştirak edərkən İran rejimi tərəfindən öldürülməsi əyalətdəki azərbaycanlılar arasında geniş etiraza səbəb oldu”.
Kürd, Əhvaz və Bəluc qadınları kimi Güney Azərbaycandakı azərbaycanlı qadınlar da İranda daimi ayrı-seçkiliklə üzləşirlər. Sevil Süleymani kitabında yazırdı: “Azərbaycan türk qadınlarının üzləşdiyi ayrı-seçkiliyin müxtəlif formaları ABŞ-da rəngli qadınlarla baş verənlərə bənzər bir “struktur əlaqə” olaraq təyin olunur. Azəri türk qadınları patriarxal adət-ənənələr, sistematik iqtisadi bərabərsizlik və İran hərəkatlarında yanlış təqdimatla üzləşirlər. Bir çox azəri türkləri dil maneələri və resurslara çıxış problemlərinə görə fars qadınlarından daha çox patriarxal qaydalardan əziyyət çəkirlər. Beləliklə, Güney Azərbaycan qadınları üzücü ayrı-seçkiliklə - cinsiyyətçilik, irqçilik və sinif ayrı-seçkiliklə üzləşirlər”.
Süleymaninin sözlərinə görə, İran məktəblərində türk dilində tədrisin olmaması qadınların təhsilində çoxlu problemlər yaradıb. "Uşaqların əksəriyyəti Fars dilini bilməyən valideynlərlə böyüyür. Onların ana dili türk dili olub və olaraq qalır. İnsanlar ləhcələrinə görə məşğulluqda ayrı-seçkiliyə məruz qalırlar və bu, onların sosial hərəkətliliyini məhdudlaşdırır. Dil çətinliyi üzündən media və hüquq sistemlərinə çıxışı olmayan bu qadınlar öz hüquqlarından məhrumdurlar.
Təcavüzkar ərini qətlə yetirdiyinə görə edam edilən Rahele Zamani kimi azərbaycanlı qadınların işində onun məhkəmədə deyilənləri başa düşməməsinin əsas səbəbi dil baryeri olub.o ana dili və qanuni hüquqlarını müdafiə etmək istəyirdi. İran mediasinda, məktəblərdə və hüquq sistemində yalnız fars dilindən istifadə olunur. Heç vaxt məktəbə getmək imkanı olmayan qadınların fars dilini öyrənməsini necə gözləmək olar?”
“İran konstitusiyası nəzəri olaraq etnik azlıqlara bərabər hüquqlar verərək, onların öz dillərindən istifadə etmələrinə və adət-ənənələrinə riayət etmələrinə icazə versə də, kürdlər, əhvaz ərəbləri, bəlucilər, azərbaycanlılar və digər qruplar onlara qarşı ikinci növ vətəndaş kimi davranıldığını iddia edirlər. Onların şəhərləri dövlət büdcəsindən ayrılan vəsaitdən məhrum edilir və icmaları ciddi şəkildə təqib edilir. Qeyri-fars əhali, yəni əhvaz, azərilər, türkmənlər və bəluclar təhsil və işlə təmin olunmaq üçün fundamental hüquqları uğrunda onilliklər boyu mübarizə aparıblar, lakin onlar həmişə təzyiqlərə, həbslərə və işgəncələrə məruz qalıblar. Hazırda həbsdə onlarla əhvaz qadını var və onların əksəriyyəti işgəncələrə məruz qalır”.
Simpoziumda Güney Azərbaycandan olan hüquq müdafiəçisi Saleh Kamrani də çıxış edərək deyib: “Azərbaycan türkləri İran əhalisinin 40 faizini təşkil edir. Xalqım yüz ildən artıqdır ki, etno-milli hüquqlar, demokratik dəyərlər və insan haqları uğrunda mübarizə aparır, amma ana dilimizdə bir dənə də olsun məktəbimiz yoxdur. Dilimiz məhkəmələrdə, idarələrdə və məktəblərdə qadağandır və biz qəddar sistemli irqçiliyə məruz qalırıq. İranda davam edən etirazlar zamanı minlərlə azərbaycanlı gənc saxlanılıb, onlarla gənc sadəcə olaraq öldürülüb.
Azərbaycanlılar dil və etnik soyqırıma məruz qalır və onların öz müqəddəratını təyin etmək hüququ yoxdur. Mən insan hüquqlarına hörmət edən bütün siyasətçiləri İrandakı etnik azərilərə əsas azadlıqlara nail olmağa kömək etməyə çağırıram.
Azərbaycan cəmiyyəti uzun illər zülmə məruz qalıb, lakin bu zülmə baxmayaraq, son otuz ildə İranın daxilində və xaricində təşkilatlanıb. Əldə etdiyimiz irəliləyişlərə baxmayaraq, siyasi məhbuslarımıza kömək etmək üçün dünya miqyasında dəstəyə ehtiyacımız var. Bizə Qərb parlamentlərində dinləmələr keçirmək və beynəlxalq mediada daha geniş işıqlandırma imkanının verilməsini xahiş edirik. Sizi əmin edə bilərəm ki, heç kim təkbaşına rejim dəyişikliyi həyata keçirə bilməz və bütün demokratik müxalifət qüvvələrinin birliyi və əməkdaşlığı İranda müxtəlif qruplara hörmətə nail olmağa kömək edəcək.
İran Yaxın Şərqdə sabitliyi pozan əsas oyunçulardan biridir. Onun izini bütün terror təşkilatlarında, bütün müharibələrdə və hətta, Avropada, məsələn, Ukraynada tapa bilərsiniz.
İran atom bombaları istehsal etməyə çalışır və Hörmüz boğazından Aralıq və Qırmızı dənizlərə qədər su yollarının təhlükəsizliyini təhdid edir. O, həmçinin Azərbaycan Respublikasını Avropaya enerji resursları təchizatçılarından biri, Qərb və İsrailin müttəfiqi kimi təhdid edir. İran rejiminin dünyaya, Yaxın Şərq və Qafqaz xalqlarına zərərli təsiri haqqında nə desəm, bu kifayət deyil. Sistemi dəyişmək və İran daxilində və qonşu ölkələrdə insanların əzablarına son qoymağın, qaçqın böhranını dayandırmağın vaxtıdır. Bu təhdidlərə son qoymağın və daha təhlükəsiz dünya qurmağın vaxtıdır”.
Seyid Həmidan deyib: “İndi biz əsl inqilabi qiyamın şahidiyik. Bu günə qədər davam edən mübarizlər, rejimin devrilməsi çağırışlarını davam etdirir. Xalq azadlıq uğrunda mübarizəni davam etdirir və hər şeyi qurban verir”.
İranın artan nüvə potensialı ilə təhdid edilən Qərb ayətullahların hakimiyyətinə son qoymağa kömək edə bilər”, - Rachel Avraham yazıb.
Tərcümə: Fərəh Məmmədli