Suriyada səfirliyimizin fəaliyyətə başlaması əlaqələrimizi yeni mərhələyə qaldıracaq

Azərbaycan 13 illik fasilədən sonra Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa edib. Xarici İşlər Nazirliyindən bildirilib ki, səfirliyin müvəqqəti işlər vəkili artıq Dəməşq şəhərinə ezam edilib və fəaliyyətə başlayıb.
Mövzu ilə bağlı Lim10.az-a danışan Milli Məclsin deputatı Hikmət Babaoğlu deyib ki, Suriya Yaxın Şərqin ən əhəmiyyət ölkələrindən biridir və bizim strateji müttəfiqimiz Türkiyə ilə ən uzun sərhədləri olan qonşu dövlətdir:
"Suriya-Azərbaycan münasibətlərinin bu gününü diktə edən xalqlarımızın tarixi əlaqələridir. Suriyada yaşayan çoxsaylı xalqların içərisində etnik kök etibarı ilə bizə qohum xalqlar var, onlar Suriyanın ictimai-siyasi, mədəni və iqtisadi həyatında çox fəaldırlar. Eyni zamanda, Suriya zəngin ehtiyyatlara sahib olan bir ölkədir. Bu baxımdan, Azərbaycanla əlaqələrin qarşılıqlı faydalılıq əmsalı çox yüksək ola bilər. Ona görə də əgər Azərbaycan bu gün Ağ dəniz hövzəsində əhəmiyyətli aktorlardan birinə çevrilirsə, Yaxın Şərqin digər ölkələri ilə iqtisadi-ticari əlaqələr qurursa, əlbəttə ki, Suriya ilə də qurmalıdır. Nəticə etibarı ilə Suriya Yaxın Şərq kimi strateji bir regionun bir hissəsidir".
"Çox təəssüf ki, Bəşər Əsəd diktaturası dövründə Suriya-Azərbaycan münasibətləri, məhz rejimin davranışları nəticəsində arzuolunan səviyyədə deyildi, çünki tarixən burada yaşayan ermənilər Əsədin diktatura rejiminə təsir göstərərək, Suriyanı Azərbaycanla əks qütblərə çəkməyə çalışır və buna da nail olurdular. Amma hazırda diktatura rejimi çöküb və Suriyadakı xalqların iradəsinin təmsilçiləri olan yeni hökumət qurulub. Bu hökumətlə əməkdaşlq əlbəttə ki, Azərbaycan-Suriya münasibətlərinə yeni töhfələr verəcək və səfirliyimizin fəaliyyətə başlaması qısa müddətdə əlaqələrimizi yeni bir mərhələyə qaldıracaq", - deyə deputat bildirib.
Mərahim Nəsib