"Bakcell"in şikarları oğurlanan pulları geri almağa ümidlidir


"Bakcell” mobil operatorundan "Azad İstehlakçılar” İctimai Birliyinə (AİİB) şikayətlər davam edir.


Bu barədə birliyin sədri Eyyub Hüseynov məlumat verib.
Onun sözlərinə görə, mobil operatorların istehlakçı hüququnu pozması barədə AİİB-ə çoxsaylı müraciətlər var:

"Sonuncu iki şikayət "Bakcell” mobil opearotoru ilə bağlıdır. Ərizənin məzmununu nəzərinizə çatdıraraq qeyd edirik ki, istehlakçı hüquqlarının pozulmasına dair AİİB-ə daxil olan şikayətlərin 80%-i AİİB tərəfindən danışıq yolu ilə həll olunsa da, mobil operatorlarla bu mümkün olmur.
Təəssüf ki, istehlakçı hüquqlarını qorumağa cavabdeh olan dövlət qurumları da mobil operatorların bu əməllərinə sədd çəkə bilmir".
Sonuncu şikayətlərlə bağlı AİİB İqtisadiyyat Nazirliyinə, o cümlədən Rabitə və Yüksək Texnologgiyalar Nazirliyinə rəsmi müraciətlər ünvanlayıb.

Həmin məktubda bildirilir ki, "Azad İstehlakçılar” İctimai Birliyinə Binəqədi rayonu, 7-ci mkr, F.Məlikov küçəsi 31/24 ünvanda yaşayan Salehova Nəcibə tərəfindən ərizə daxil olub.
Ərizədə bildirilir ki, təxminən 3 ay əvvəl "Bakcell" şirkəti tərəfindən gecələr mənim balansımdan 0.10 AZN, 0.07 AZN və 0.39 AZN pul çıxılır, daha doğrusu oğurlanır: "Balansımda məbləğ çox olanda bunun fərqinə varmıram. Amma balansımdakı məbləğ az olanda səhər balansımdakı məbləğin azaldığını görürəm. Həm də telefonumun ekranına balansımdan pul çıxıldığı haqqında bildiriş də gəlir.

Artıq iki dəfə "Bakcell"ə bu barədə telefonla şikayət etmişəm. Onlar mənim ödənişli xidmətlə abunə olduğumu bildiriblər. Qisaca məni "yola veriblər”. Axı mən bilirəm ki, mən ödənişli xidmətlərə abunə deyiləm.
Bir dəfə isə səhvlərini boyunlarına alıb, məbləğin səhvən çıxıldığını bildiriblər. Bir həftədən sonra mesajla 0.07 AZN-in balansıma oturulduğunu bildirdilər. Buna qədər artıq mən onlara şikayətimi bildirmək üçün 0.15 AZN xərcləmisdim. Bu problemi yaşayandan bəri dəfələrlə 5595-ə STOP yazıb göndərmişəm ki, əgər xəbərim olmadan "Bakcell" və ya "Bakcell"lə müqavilə bağlayıb, insanların cibinə girən "şirkətlər” ödənişli xidmətlərə abunə ediblərsə də, nömrəm həmin mesajlardan deaktiv etsinlər. Lakin yenə mənim balansımdan məbləğlər silinir. Hesablayanda ki, 3 aydan çoxdur ki, (mən bildiyim 3 aydır, bəlkə də ondan çox qabaq çıxılır) mənim balansımdan "Bakcell" pul oğurluyur, bu mənim üçün o qədər də az məbləğ təşkil etmir.
Xahiş edirəm, bu vaxta qədər mənim balansımdan oğurlanan məbləğ mənim balansıma qaytarılsın".