32-ci hissədir. DÖVLƏT 33 İL ƏVVƏL, BU GÜN VƏ 33 İL SONRA

Səxavət Əlisoy
Kitabdan hissələr- 32
DÖVLƏTİN SOSİAL SİYASƏTİ
Sosial dövlət nədir? Sosial dövlət-vətəndaşların rifahını başlıca vəzifə qəbul edən dövlət anlayışı olub, onların iqtisadi və sosial əmin-amanlıqlarının qorunması və irəli çəkilməsində dövlətin əsas rol oynamasını təklif edir. Bu sistem sosial ədalət təmin olunmuş, maddi sərvətlər, nemətlər, istehsal resursları qanun daxilində hamıya əlçatan olan və hər bir vətəndaşın layiqli həyat şəraiti əldə etməsinə təminat verən hüquqi, demokratik, müasir ictimai-siyasi quruluşdur.
“Sosial dövlət” anlayışını ilk dəfə 1850-ci ildə alman alimi Lorenz fon Ştaynın “Almaniyanın elmi hüquqi bu günü və gələcəyi” kitabında işlətdi. Lorenz Fon Şteyn yazırdı ki, sosial dövlət bütün siniflərdən olanların, ayrı-ayrı şəxslərin mütləq hüquqi bərabərliyini öz hakimiyyəti vasitəsilə təmin etməlidir. O, bütün vətəndaşlarının iqtisadi və ictimai tərəqqisinə nail olmalıdır, çünki son nəticədə birinin inkişafı digərinin inkişafına səbəb olur. Məhz bu təzahür olduqd sosial dövlət barəsində danışılır. Sosial dövlətin əsas əlamətlərindən biri kimi bütün insanların bərabərliyi xüsusi olaraq seçilir, əvvəlki “dövlət-cəmiyyət” dixotomiyası (dixotomiya yunan sözü olub ikilik və ya bir-birindən daha çox daxildə əlaqəli iki hissəyə bölünmə anlamındadır) “şəxsiyyət-dövlət” dixotomiyası ilə əvəz olunur, dövlətin əsas məqsədi isə iqtisadi və sosial tərəqqiyə nail olunmasıdır...
Hər bir sosial dövlətin iki tip siyasi və sosial yanaşması ola bilər: Birinci tip yanaşmada dövlət vətəndaşların firavan həyat şəraitinin yaradılmasında əsas məsuliyyət daşıyan qurumdur. Bu yanaşmada dövlətin vəzifəsi daha geniş əhatəli olur, çünki bir vətəndaşın rifahının hər bir yönü üçün məsuliyyət dövlətin üzərinə düşür və bu məsuliyyət heç bir fərq qoyulmadan ölkənin bütün vətəndaşları üçün ümumilik daşıyır. İkinci tip yanaşmada isə vətəndaşlarının həyat səviyyələrinin əvvəlcədən müəyyən olunmuş minimum standartların altına enməməsi üçün "sosial təhlükəsizliyi təmin etmə şəbəkəsi" yaradılması nəzərdə tutulur...
Quruluş tipindən asılı olmayaraq, dünyanın bütün dövlətləri öz Konstitusiyalarında sosial dövlətin elementlərini təsbir etməklə insan faktorunun prioritet oilduğunu göstərir. Azərbaycan Respublikasının Konstitusiyası bu cümlələrlə başlayır:
Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:
- Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
- Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
- vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
- xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
- ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;
- ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.
Yuxarıda sadalanan ülvi niyyətlərlə ümumxalq sәsvermәsi referendum yolu ilə bu Konstitusiya qəbul edilir.
Bu niyyətlərdən biri “ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək” sosial dövlətin ən önəmli göstəricisidir. 175 il əvvəl alman Lorens fon Şteyn deyirdi ki, dövlət vətəndaşların mütləq bərabərliyini sosial, iqtisadi sferada təmin etməlidir. Gə¬lirlər ədalətli paylanmalıdır. L. Şteynin bu deyiminə nəzər salmaqla dövlətlərin sosial siyasətinə qiymət vermək mümkündür. Ancaq alman iqtisadçının qaçırdığı bir nəsnə var və o da ondan ibarətdir ki, “gənclik dövrünü” yaşayan dövlətlərin qısa zaman kəsimində vətəndaşların mütləq bərabərliyini təmin etmək mümkün deyildir. Ələxsüs 70 il SSRİ adındakı bir şər imperiyasının əsarətində yaşamış və insanların düşüncə tərzində deformasiyalar baş vermiş müttəfiq respublikaların suverenlik əldə etdikdən sonra dövlət quruculuğu prosesində qarşılarına çıxan ciddi maneələr obyektiv və subyektiv səbəblərdən bu bərabərliyin gerçəkləşməsinə imkan vermir. Belə ki, yeni yaranmış müstəqil dövlətlərin iqtisadi inkişafına SSRİ-dən miras qalmış problemlər iqtisadi inkişafa mane olur, dövləti büdcənin əhəmiyyətli bir hissəsini silahlanmaya xərcləməyə məcbur edirdi. 33 ildə Azərbaycanın SSRİ-dən miras qalmış Dağlıq Qarabağ probleminin həlli-ərazisinin bütövlüyü üçün hərbi mnəqsədlərlə ayırdığı toplam vəsaitin miqdarı
Dövlətin həyata keçirmək istədiyi Sosial siyasətin qarşısını alan iki problem var:
1-ci problem o dövlətin müharibə vəziyyətində olmasıdır. 2-ci problem isə dövlətin təməlini dağıdan rüşvət və korrupsiyadır.
Dövlətin bu iki problemin ikisini də yaşaması, öz əksini vətəndaşların rifahında göstərir.
Dövlətin birinci problemi həll etmək üçün müdafiə xərclərinə büdcədən ayırdığı vəsaiti lap belə iki dəfə də artırsa, bu, ölkə vətəndaşlarında narazılıq törətməz. Nədən ki, Ermənistanın beynəlxalq güclər tərəfindən silahlandırılması müqabilində Azərbaycanın adekvat addımlar atması gərəkdir. Dəfələrlə yazdım, təkrar yazıram, Azərbaycan-Ermənistan müharibəsi bitməyib hələ. Nə qədər ki, iki dövlət arasında Sülh sazişi bağlanmayıb müharibənin bitdiyini güman etmək olmaz. Hətta, Sülh sazişindən sonra da Azərbaycan müdafiə qüdrətini artırmaq üçün müasir hərbi texnologiyala sahib olmalıdır. Və ən mühümü mükəmməl Hava Hücumundan Müdafiə sistemini əldə etməlidir. Gərəkirsə, ölkə vətəndaşları şəxsi büdcələrindən belə bu sistemin alınması üçün müəyyən miqdar vəsait ayıra bilər. 30 il torpaqları işğal altında qalmış bir Xalqın Dövləti qorumaq üçün atılan hər bir addıma biganə qalması mümkün deyil.
Bu xalq Dövlətin taleyindən söhbət gedəndə əsla “qarın davası” etməz. Lakin...
Yaşı 100-200 olan və iqtisadi parametrlərə görə çox qüdrətli dövlətlər var ki, ciddi sosial problemlərlə üzüzədir. Sosial dövlət deyəndə bizim toplumun əksəriyyətinin ağlına ilk olaraq əmək haqqı, təqaüd və müavinat gəlir. Ancaq ölkədə işsizlik, qadınlara yönəlik məişət zorakılığı, urbanizasiya, ekologiya, səhiyyə, təhsil, narkomaniya və sair kimi ciddi problemlər də qalmaqdadır. Və 33 yaşlı dövlətin bu problemləri qısa zamanda həll etməsi reallıqdan uzaqdır. Cəmiyyət üçün pensiya və müavinətlər daha həssas olduğu üçün onlarla bağlı bəzi fikirləri vurğulamaq faydalı olar. Müasir dövrdə qocalıq (müəyyən yaş həddinə çatma), əlillik, ailə başçısının itirilməsi, yoxsulluq, işsizlik, xəstəlik və digər hallar insanın sağlamlığı və onun maddi rifahı üçün əlverişsiz nəticələrin baş verməsinə səbəb olan sosial risklərə aid edilir. Beynəlxalq hüquqi aktlarda hər bir şəxsin layiqli həyat səviyyəsinin təmin edilməsi üçün, o cümlədən sosial risklərin baş verdiyi hallarda sosial təminatın müvafiq növünü almaq hüququnun təsbit olunması məhz bununla bağlıdır. Bütün ehtiyacı olan vətəndaşların dövlətdən maddi yardım almaq hüququ əsas insan hüquqlarından biri kimi BMT-nin 1948-ci il «Ümumdünya İnsan Hüquqları Bəyannaməsi»nin 25-ci maddəsində təsbit edilmişdir: hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət də daxil olmaqla, layiqli həyat səviyyəsinə malik olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dul qalma, qocalıq, yaxud özündən asılı olmayan digər səbəblərə görə yaşayış üçün zəruri olan vəsaitlərdən məhrum olduğu hallarda təminat hüququna malikdir. Analıq və uşaqlara qulluq cəmiyyət tərəfindən sosial himayə və yardım almaq hüququ verir
Azərbaycanda aylıq müavinətlərın aşağıdakı növləri var:
1. Dövlət qulluqçularına ömürlük sosial müavinət
2. Yaşa görə aylıq sosial müavinət
3. Əlilliyə görə aylıq sosial müavinət
4. Ailə başçısını itirməyə görə aylıq sosial müavinət
5. 3 yaşınadək uşağa qulluğa görə aylıq sosial müavinət
6. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına aylıq sosial müavinət
7. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) aylıq sosial müavinət
8. 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə aylıq sosial müavinət
9. Vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən aylıq sosial müavinət
10. Beşdən çox uşağı olan qadınlara aylıq sosial müavinət
11. Övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə aylıq sosial müavinət
12. Himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə aylıq sosial müavinət...
Qeyd etdik ki, dünyanın bütün dövlətləri sosial siyasətin prioritet olduğunu konstitusiyalarına təsbit edir, insan faktoruna böyük önəm verdiklərini bəyan edir. Uğurlu sosial siyasətdən adambaşına düşən ÜDM-i (Ümumdaxili məhsul) 50 min ABŞ dollarından artıq olan dövlətlər də, vətəndaşları gündəlik 1 ABŞ dollarına çalışan dövlətlər də danışır. Yəni, heç bir dövlət sosial siyasətdən “üz döndərmədiyini” vurğulamaqla humanist dəyərlərə sadiq qaldığını ortaya qoyur. İş orasındadır ki, dünyanın heç bir ölkəsində vətəndaşı dövlətin sosial siyasətindən tam olaraq məmnun deyil. Bu bir təbii prosesdir. İnsanlar daha çox müavinət əldə etməklə yaxşı yaşamaq istəyir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atır. Müxtəlif dövlət proqramları qəbul edilib və hədəflər müəyyən olunub. Ölkə üzrə kasıblıq həddinin son 20 il ərzində 41 faizdən 5 faizə düşməsi dövlətin sosial siyasətinin uğuru sayıla bilər.
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazir 2023-cü ilin oktyabr ayında mətbuatda bir məqalə ilə çıxış etdi. Məqqalənin adı belə idi: Qalib dövlət, güclü sosial siyasət! O məqalədən bəzi hissələrlə tanış olun:
...Ötən 20 ildə dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərclərində 20 dəfədən çox artım baş verib. Minimum əməkhaqqı 38 dəfə artırılaraq 345 manata, orta aylıq əməkhaqqı 12 dəfə artaraq 925,3 manata çatıb. Sosial müdafiə sisteminin mühüm komponenti olan pensiya təminatı yoxsulluğun azaldılmasında əhəmiyyətli rola malikdir. 2006-cı ilin əvvəlindən Azərbaycanda qabaqcıl dünya təcrübəsinə uyğun müasir sığorta-pensiya modelinə keçidin təmin edilməsi pensiya təminatında müsbət trendləri şərtləndirib. Dövlət başçısının 2014-cü il 4 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası"na uyğun olaraq həmin sistemin yeni çağırışlara uyğun təkmilləşdirilməsi, layiqli pensiya təminatı sisteminin qurulması istiqamətində mühüm addımlar atılıb. Bununla yanaşı, dövlət başçısı tərəfindən hər il müvafiq sərəncamlar imzalanmaqla minimum pensiyaların mütəmadi artırılması, hər ilin əvvəlində pensiyaların və fərdi hesablardakı pensiya kapitallarının indeksləşdirilərək artırılması təmin olunub. Ümumilikdə , orta aylıq pensiya 18 dəfə artaraq 435 manata, yaşa görə orta aylıq pensiya 19 dəfə artaraq 466 manata, əlilliyə görə orta aylıq pensiya 14 dəfə artaraq 366 manata, ailə başçısını itirməyə görə orta aylıq pensiya isə 19 dəfə artaraq 408 manata çatıb. Pensiya üzrə ödənilən illik vəsaitlərin məbləği isə 30 dəfədən çox artaraq 5 mlrd. 907 mln. manata çatıb. Təkcə son bir ildə pensiyalar üzrə ödənişlərə ayrılan illik vəsaitdə 1 mlrd. manata yaxın, son beş ildə isə 2,4 mlrd. manat (70 faiz) artım olub. Digər tərəfdən, 2003-cü ildə orta aylıq pensiya məbləği pensiyaçılar üçün yaşayış minimumundan 2 dəfə aşağı olduğu halda, hazırda bu məbləğ (435 manat) olmaqla pensiyaçılar üçün yaşayış minimumunu (199 manat) 2,2 dəfə üstələyir.
Minimum və orta aylıq pensiya məbləğlərinin Alıcılıq Qabiliyyəti Pariteti (AQP) əsasında hesablanmış AQP dolları ilə ifadəsində MDB ölkələri, Gürcüstan və Ukrayna üzrə müqayisə sıralamasında Azərbaycan müvafiq olaraq birinci və ikinci yeri tutub.
Minimum aylıq əməkhaqqının həm ABŞ dolları, həm də AQP dolları ilə ifadəsində MDB ölkələri, Gürcüstan və Ukrayna üzrə müqayisə sıralamasında Azərbaycan ikinci yeri tutub... Nazir çıxışında statistik rəqəmlərə isnad edib və gerçəkdən də o rəqəmlərə diqqət edəndə Dövlətin vətəndaşların sosial rifahı üçün önəmli addımlar atdığı görünür. Sırf iqtidarın təbliğinə yönəlmiş bu çıxışda nazir bəzi nüanslara da açıqlama gətirsəydi, obyektiv mənzərə ortaya çıxardı. Bir misalla buna aydınlıq gətirək. Nazir deyir: ... ötən 20 ildə minimum pensiya 14 dəfə artaraq 280 manata çatıb. Yəni 20 il əvvəl pensiya 20 manat olub və bu gün 280 manatdır. Sual olunur, bu günkü pensiya ilə 280 çörək almaq olur, 20 il əvvəlki 20 manat pensiya ilə neçə çörək almaq mümkün idi? 20 çörəkmi?
Nazirin iqtidarın təbliğinə hesablanmış çıxışana baxmayaraq, həqiqət naminə etiraf etmək lazımdır ki, sosial tərəqqi var və Dövlət ilbəil insanların rifahını yaxşılaşdırmaq üçün addımlar atır. Ancaq vətəndaşların böyük bir qismi-təqaüdçülər, aztəminatlı ailələr dövlətdən aldığı təqaüdün, müavinətin miqdarı az olduğu üçün narazılıq etməkdədir. Xüsusilə uşaqlara verilən müavinət əhalinin ciddi narazılığana səbəb olur. Azərbaycanın hökumət yetkililəri illərlə gündəlikdə dayanan bu problemin həllinin gətirdikləri arqumentlərlə mümkün olmadığını vurğulayır. Məsələn, 2021-ci ilin sonunda dönəmin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri bu məsələ barəsində danışarkən bunları dedi: Hazırda Azərbaycanda 2,7 milyon nəfərdən çox yaşı 18-ə qədər olan uşaq var. Ayda 100 manat uşaq pulu təyinatı aparılması təkliflərini nəzərə alsaq, bu, illik 3,3 milyard manat vəsait edir. Sosial proqramlar adətən 10 illik hazırlandığına görə, bu müddət ərzində uşaq pulu təminatı üçün 30 milyard manatdan çox pul tələb olunur. Ona görə “bu qədər vəsaitin sırf uşaq pulu üçün ödənilməsi məqbul sayılmır...
Buradan hasil olan odur ki, mühüm bir qurumun başında dayanan şəxs dövlətin gələcəyi sayılan uşaqların sosial müdafiəsinin təmin edilməməsinin fəsadlarından xəbərsizdir. Uşaqlara qayğının diqqətdən kənarda qalması adətən uşaq ölümünün səviyyəsinin yüksəlməsi ilə nəticələnir. Uşaq ölümü isə, təkcə Azərbaycanın deyil, dünyanın hər bir dövlətinin SOSİAL BAROMETRİ hesab olunur. Əgər bir ölkədə uşaqlar arasında ölümün səviyyəsi yüksəkdirsə, dövlətin uğurlu sosial siyasətindən danışmaq inandırıcı qəbul edilmir. Sadəcə, uşaq ölümü göstəricilərini analiz etməklə təkcə uşaqlara dövlət qayğısını deyi, o dövlətin iqtisadiyyatının, ekologiyasının durumunu, vətəndaşların səhiyyə də daxil mədəniyyət səviyyəsini, yaşamının keyfiyyət kriteriyalarını müəyyən etmək mümkündür. Məsəslən, mədə-bağırsaq infeksiyalarının xüsusi çəkisi uşaq ölümündə yüksəkdirsə, buradan hasil olan odur ki, o ölkənin iqtisadiyyatında ciddi problemlər mövcuddur, kommunikasiya sistemi yararsızdır, insanların ekoloji və sanitar mədəniyyəti aşağı səviyyədədir. Belə bir durumda olan ölkənin hər hansı naziri dövlətinin sosial siyasətdəki uğurlarından söhbət edirsə, bu, cəmiyyətin düşüncəsinə yönəlik psixoloji manipulyasiyadan başqa bir şey deyil. Uşaqlara dövlət qayğısının səviyyəsi məhz uşaqların ölümünə dair statistik rəqəmlərdə özünü göstərir. Bu statistikalardan ikisi: 1. Bir yaşa qədər körpə ölümü; 2. Beş yaşa qədər uşaq ölümü- istənilən dövlətin sosial siyasətinə tam olaraq ayna tutur.
Körpə ölümü nədir? Körpə ölümü (bəzən uşaq ölümü də deyilir) bir yaşa qədər uşaqlar arasında ölüm nisbəti olmaqla əhalinin ölüm səviyyəsini təşkil edən demoqrafiyanın əsas statistik göstəricilərindən biridir. Körpə ölümü ölkənin, regionun, şəhərin və s. əhalisinin ümumi sağlamlığının və həyat səviyyəsinin mühüm xarakteristikasıdır. Körpə ölümü 20-ci əsrin ortalarından başlayaraq, əhalinin həyat səviyyəsinə görə ölkələrin təsnifatında mühüm amillərdən biri kimi qəbul olunur. Körpə ölümü il ərzində hər 1000 yeni doğulanın neçəsinin 1 yaşa çatmadan ölməsini müəyyən edən göstəricidir. Körpə ölümünün göstəricilərini araşdırmaqla istənilən ölkənin iqtisadi inlişaf səviyyəsini müəyyən etmək olur. Məsələn, Yaponiyada, Sinqapurda, İsveçrədə... hər min yenidoğulmuş uşaqdan üçü-dördü bir yaşına çatmadan dünyasını dəyişir. Əfqanıstanda, Somalidə, Sudanda, Uqandada... isə 150-dən artıq körpə bir yaşına çatmadan ölür. O ölkələrin iqtisadi inkişafının səviyyəsini müqayisə etməyə ehtiyac varmı?
Rəqəmlər hər şeyi deyir. Azərbaycanda rəsmi dövlət statikasına görə 2023-cü ildə körpə ölümü göstəricisi 18.1. Yəni, il ərzində 1000 yenidoğulan körpənin 18-i bir yaşına çatmadan vəfat edir. İlginc olan odur ki, 2021-ci ildə bu göstərici 7.5, 2022-ci ildə isə 7.8 olub. O illərlə müqayisədə 2023-cü ildə körpə ölümünün səviyyəsinin təxminən iki dəfə yarım artması düşündürücüdür. Əgər uşaq ölümün səviyyəsi il ərzində iki dəfə yarım artmışsa, müvafiq dövlət qurumlarınınm başında oturanlar sivil dövlətlərdə istefa edir. Bizdə isə istefa mədəniyyətini beynimiz həzm etmədiyindən bu addımı atan olmur. Olan Dövlətə olur!
HAŞİYƏ- XX əsrin sonu XXI əsrin əvvəllərində səhiyyəyə rəhbərlik edənlər Azərbaycanda körpə ölümünün səviyyəsinin Şərqi Avropa ölkələrindəki körpə ölümü səviyyəsinə uyğunlaşdırmaq üçün gizlin formada statistik saxtakarlığa start vermişdi. Çox bəsit bir metodla Azərbaycanın Səhiyyə nazirliyi körpə ölümünün qarşısını alırdı. Belə ki, 1 yaşına qədər ölən uşaqlara ölüm haqqında şəhadətnamə uşağın yaşı tamam olduqdan sonra valideynlərinə verilirdi. 8 ayında ölən uşaq 1 yaşdan sonra ölümün statistikasına əlavə edilirdi. Nəticədə 1 yaşadək körpə ölümünün səviyyəsi aşağı düşürdü. Xatırlayıram, UNİSEF ekspertlərinin Səhiyyə nazirliyinin saxtakarlığına aşkara çıxarmasını. Saxtakarlıqla 1 yaşadək körpə ölümünün səviyyəsi aşağı düşürdü, ancaq 5 yaşadək uşaq ölümü avtomatik olaraq yüksəlirdi. Uşaqlarda ölüm risqinin 1 yaşadək yüksək olduğunu, 1 yaşdan sonra isə bu risqin kəskin azaldığını dərk etməyən səhiyyə başbilənlərinin dünyanı aldatmaq planları bhiabırçılıqla nəticələndi. Məhz bu saxtakarlıqdan sonra UNİSEF Azərbaycanda uşaq ölümünün gerçək səviyyəsi barədə alternativ statistik göstəricilər əldə etmək üçün yollar aradı...
Uşaqlardan söhbət düşmüşkən, bir məsələyə də diqqətinizi yönəldim. Uşaq əməyinin istismarını nəzərdə tuturam. Azərbaycan BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına, «Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında» Ümumdünya Bəyannaməsinə və s. sənədlərə qoşulub. Milli qanunvericilik həmin sənədlərdən irəli gələn mütərəqqi beynəlxalq normalar, həmçinin BƏT-in «İşə qəbul etmək üçün minimum yaş həddi haqqında», «Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair» Konvensiyaları əsasında təkmilləşdirilib. Əmək Məcəlləsinə əsasən, uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaş müəyyən edilib. Bu yaşa çatmamış uşaqlarla bağlanılan əmək müqaviləsi etibarsız sayılmaqla, belə müqaviləni bağlayan işəgötürən inzibati məsuliyyətə cəlb edilir. 15 yaşdan 18 yaşadək işçilərin əməyindən istifadə ilə bağlı onlar üçün əmək şəraiti, iş və əmək məzuniyyəti vaxtı, müddəti və s. baxımından əlavə təminatlar, güzəştlər müəyyən olunub. Beynəlxalq Əmək Təşkilatı (BƏT) 2002-ci ildən 12 İyun gününü – Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü kimi elan edib. Məqsəd uşaq əməyinin istismarı hallarının aradan qaldırılmasına cəmiyyətin diqqətinin artırılması, bu istiqamətdə hökumət və ictimai təşkilatların birgə səylərinin gücləndirilməsidir. Bütün bunlar təqdirəlayiqdir. Həmçinin qanunvericilikdə göstərilir ki, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının, toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı olan və həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən digər işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır. Bunu da təqdir etmək lazımdır.
Bəs uşaqlar nədən işləyirlər? Onları işləməyə vadar edən nədir? Bu gün sayı hesabı bilinməyən avtomobil təmirxanalarında, ticarət və iaşə müəssisələrində, şadlıq evlərində... ailəsinin maddi durumuna rəğmən işləyən minlərlə azyaşlı var. Onlar təhsil almaq, uşaqlığını yaşamaq əvəzinə çalışır. Maddi durumu yaxşı olan hansı ailə öz uşağını məktəbdən ayırıb işləməyə göndərər? Təhsil səviyyəsindən asılı olmayaraq heç bir ata-ana övladının uşaqkən işləməsinə razı olmaz. Maddi durumunun acınacaqlı olmasına şərait yaradan faktor cəmiyyətin və dövlətin ən ciddi problemi sayılan rüşvət və korrupsiyadır. Rüşvət və korrupsiya ən birinci sosial siyasətə zərbə vurur. Davamlı iqtisadi inkişafınına rəğmən Azərbaycanda sosial müdafiəyəyə ehtiyacı olanların sayının çoxluğunun, körpə ölümünün hələ ki, arzu olunan səviyyədə olmamasının, azyaşlı uşaqların məktəbə deyil, işləməyə getməsinin və vətəndaşların ehtiyac üzündən başqa ölkələrə üz tutmasının əsas səbəbi rüşvət və korrupsiyanın “at oynatmasıdır”. Nə qədər ki, rüşvət və korrupsya var, Dövlət sosial siyasətdə önəmli uğur əldə edə bilməz. Nə qədər ki, rüşvət və korrupsia var, Azərbaycanda uşaqpulu əlçatmaz olacaq. Nə qədər ki, rüşvət və korrupsiya var, yüzminlərlə təqaüdçü ayı 300-400 manatla başa vurmaq məcburiyyətində qalacaq. Nə qədər ki, rüşvət və korropsiya var, milyonlarla Azərbaycan insanının aldığı maaş yalnız mədəsinin ehtiyacını ödəmək qüdrətində olacaq.
Rüşvət və korrupsiyanın varlığı Azərbaycan vətəndaşları üçün həyatın keyfiyyət elementləri:
1. Gəlir səviyyəsi və ya adambaşına düşən ÜDM (əsas amil);
2. Ölkənin səhiyyə sistemindən məmnunluq dərəcəsi;
3. Müxtəlif vətəndaş azadlıqlarına əməl olunma dərəcəsi;
4. İşsizlik səviyyəsi;
5. Ailə həyatının rahatlığı;
6. İqlim şəraiti;
7. Siyasi sabitlik və təhlükəsizlik;
8. Gender bərabərliyinin ifadə dərəcəsi;
9. İctimai həyatın inkişaf səviyyəsi...arzuolunan durumda olmayacaq. Və bu da dövlətin beynəlxalq aləmdə nüfuzuna ciddi zərbə olacaq.
Rüşvət və korropsiya körpələri öldürür, ahılları ehtiyac içində, aztəminatlı ailələri dilənçi durumunda yaşadır. Rüşvət və korrupsiya Konstitusiyanın ən ülvi niyyətlərindən birini- ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək niyyətinin üstündən xətt çəkir. Azərbaycan xalqının haqq etdiyi layiqli həyat yaşamasına mane olur, rüşvət və korrupsiya. Rüşvət və korrupsiyanın mövcudluğunda sosial ədalətdən danışmaq sadəcə, absurd bir şeydir.
Təbii ki, 33 yaşlı dövlətin qısa zaman kəsimində vətəndaşların bütün sosial problemlərin həllinə nail olması qeyri-mümkündür. Cəmiyyətin intellektual kəsimi bunu anlayır. Anlayır ki, müharibə vəziyyətində olan bir dövlətin sosial sferada ciddi irəliləyişə nail olması zor bir işdir. Cəmiyyətin narazı qaldığı nəsnə sosial ədalətsizlikdir. 40 il dövlətə vicdanla xidmət etmiş müəllimin, həkimin və mühəndisin aylıq pensiyasının 30-400 manat, hakimlərin, prokurorların, deputatların, dövlət məmurlarının ən az 4000 manat pensiya alması sosial dövlət prinsipləri ilə uzlaşmır. Paradoksa diqqət edin həyatı boyu rüşvətlə yaşayanlar təqaüdə çıxdıqdan sonra müəllimlərdən, həkimlərdən, mühəndislərdən, “dövlət qulluqçusu” statusu olmayanlardan ən az 10 dəfə artıq təqaüd alır. Özünü “millət vəkili” sayan deputatların sıravi vətəndaşdan 10 dəfə artıq maaş və ya təqaüd aılması sosial ədalətsizliyin ta özüdür ki var...