Stoltenberqdən ismarıc: “NATO Gürcüstanın Rusiyaya qarşı sanksiyalara əməl edəcəyini gözləyir”

 

 

"Şimali Atlantika Alyansı NATO üzvü olmayan ölkələrin, o cümlədən Gürcüstanın Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsini maliyyələşdirməsini və təşkilini çətinləşdirən sanksiyalara əməl etmələrini gözləyirik".

Bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. İllik Brüssel Forumu çərçivəsində müzakirələr zamanı Stoltenberq bildirib ki, Gürcüstan kimi ölkələr Rusiyanın təcavüzünə müqavimət göstərməyə çalışır. Məhz buna görə də NATO-nun Madrid sammitində həmin ölkələrə yardımın artırılması qərara alınıb və Gürcüstan buna ən bariz nümunədir.

NATO-nun baş katibi qeyd edib ki, alyans uzun illərdir Gürcüstanı, o cümlədən islahatların həyata keçirilməsində dəstəkləyir, çünki Rusiyanın qonşularına qarşı aqressiv davranış tendensiyası məhz Gürcüstanda özünü hələ 2008-ci ildə, Rusiya qoşunlarının bu ölkəyə yeridilməsi zamanı büruzə verib və ərazilərin bir hissəsini ələ keçirib:

"Gürcüstanın hamımızın inandığı demokratik dəyərləri rəhbər tutması vacibdir. Biz NATO üzvü olmayan ölkələrin Rusiya Federasiyasına qarşı sanksiyalara əməl etmələrini gözləyirik", - deyə Stoltenberq bildirib.

O, əlavə edib ki, Kreml öz düşmən hərəkətləri ilə keçmiş Varşava Müqaviləsi ölkələri və Rusiyaya qonşu dövlətlərə təsir və nəzarəti artırmağa çalışır.