ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO-nun taleyini həll edir

Ukrayna savaşının gələcək taleyi Avropanın iştirakı olmadan, daha böyük güclərin “masa”sında həll olunur, ABŞ-ın ənənəvi prioritetlərini isə dəyişir... Buna paralel olaraq, Rusiya öz mövqelərini nisbətən qorumağa nail olsa da, NATO daxildən parçalanma prosesinə məruz qalmış kimi görünür...

Lim10.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, ABŞ və Rusiya arasında yaxınlaşma prosesi intensiv şəkildə inkişaf edir. Belə ki, bu yaxınlaşma Ukrayna savaşının dayandırılması üzrə prosesdə “Avropasız sülh ssenarisi”ni ön plana keçirtməyə başlayıb. Buna paralel olaraq, ABŞ-Avropa Birliyi ziddiyyətləri dərinləşir və Türkiyə-NATO oxu üzrə isə sərtləşən geopolitik manevrlər qlobal məkanda yeni situasiyanın yaranmasına yol açır. Və bu baxımdan, yaxın gələcəkdə qlobal xaosun daha da dərinləşməsi üçün münbit şəraitin yaranma ehtimalı da qətiyyən istisna deyil.

Onu da qeyd etmək lazımdır ki, Ukrayna savaşı tədricən yalnız Rusiya və Qərb arasında qarşıdurma predmeti olmaqdan çıxır. Yəni, bu müharibə indi kollektiv Qərbin öz daxilində strateji liderlik uğrunda mübarizənin mərkəzi faktoruna çevrilir. Belə ki, Macarıstanın baş naziri Viktor Orban ABŞ və Rusiyanın 2026-cı ildə Avropa Birliyinin iştirakı olmadan Ukrayna savaşının dayandırılması ilə bağlı sülh sazişi imzalaya biləcəyini deyib. Digər tərəfdənsə, Almaniya prezidenti Frank‑Valter Ştaynmayer ABŞ-ı qlobal nizamı dağıtmaqda ittiham edib. Və buna paralel olaraq isə prezident Vladimir Putin “qaçılmaz danışıqlar” mesajı ilə kollektiv Qərbi ABŞ-Rusiya analaşmalarını qəbul etmək məcburiyyətində buraxmağa çalışır.

af357e2409ec91f33c2b8032b6fc7d05.jpg (402 KB)

Ancaq indi cərəyan edəb qlobal proseslərdə hələlik Türkiyə və NATO faktoru həlledici səviyyədə önəm qazanmış kimi görünür. Çünki Avropa ölkələrinin zəiflədiyi, ABŞ-ın strateji prioritetlərini dəyişdiyi, Rusiyanın isə mövqelərini yenidən möhkəmləndirməyə çalışdığı bir şəraitdə Türkiyə həm regional, həm də NATO çərçivəsində avanqard hərbi-siyasi iradə mərkəzinə çevrilməyə başlayıb. Və bu, indiki situasiyada bəzi ölkələrin maraqlarına cavab versə də, Türkiyənin beynəlxalq rəqiblərində ciddi narahatlıqlar da doğurur.

Maraqlıdır ki, bütün bunları nəzərə aldıqda, Macarıstan baş naziri Viktor Orbanın “2025-ci il dönüş nöqtəsidir” tezisi də hazırda reallıqdan o qədər uzaq yanaşma tərzi hesab olunmur. Belə ki, ABŞ üçün Ukrayna müharibəsi artıq strateji yükə çevrilməyə başlayıb. Çünki Ağ Evin Ukraynanı əvvəlki səviyyədə dəstəkləməsi üçün onmilyardlar dollar maliyyə vəsaiti, külli miqdarda silah-sursat və eyni zamanda, daha gernişmiqyaslı siyasi kapitala ehtiyac var. Ancaq bütün bunlar hazırda Çinə qarşı qlobal rəqabətdə ABŞ-a birbaşa üstünlük qazandırmır. Avropa ölkələri isə Ukrayna müharibəsinə özlərinin mövcudluq savaşı kimi görsələr də, nə hərbi, nə də siyasi baxımdan, ABŞ-ın istirakı olmadan, müstəqil qərar verə biləcək imkanlara malik deyillər.

Bu baxımdan, Almaniya prezidenti Frank‑Valter Ştaynmayerin ABŞ-a qarşı sərt ittihamlarla yüklənmiş ritorikası Avropa ölkələri daxilində mövcud olan Rusiya xofunun dolayısı da olsa, etiraf edilməsi kimi qəbul edilə bilər. Çünki Avropa ölkələri hesab edirlər ki, ABŞ “qoca qitə”ni əslində, “qurbanlıq tərəfdaş” kimi görür. Hər halda, Ağ Ev üçün qlobal məkanda əsas prioritetlər dəyişdikcə, Avropa ölkələrinin də Ukrayna savaşının dayandırılması üzrə sülh prosesində iştirak imkanları daha da məhdudlaşır. Və bu baxımdan, hazırda “Avropasız sülh ssenarisi” də məhz indi daha ön planda yer alır.

4009bb69979360d49440a05f6f3795b7.jpeg (265 KB)

Digər tərəfdən, Ukrayna müharibəsi NATO-nu da gücləndirmək əvəzinə, alyans daxili ziddiyyətləri üzə çıxartmaqla, ciddi şəkildə zəiflətmiş oldu. Belə ki, Şərqi Avropa ölkələri Ukrayna savaşının davam etdirilməsində maraqlı olduqlarını qətiyyən gizlətmirlər. Qərbi Avropa dövlətləri isə iqtisadi və sosial yükdən yorulub. ABŞ isə bu hərbi-siyasi alyansı əsasən öz qlobal strateji hədəflərini reallaşdırmaqda istifadə olunacaq alət kimi görür. Bu ziddiyyətlər NATO-nun kollektiv təhlükəsizlik prinsiplərini də qüvvədən salır. Yəni, bu hərbi-siyasi alyans formal olaraq vahiddir, ancaq siyasi qərarlar artıq konsensusla deyil, ABŞ-ın gündəliyi ilə müəyyən olunur. Və Avropa ölkələrinin sülh prosesindən kənarlaşdırılması NATO-nun “qoca qitə” dayaqlarının zəifləməsi deməkdir.

Təbii ki, məhz belə bir qəliz mərhələdə Türkiyənin qlobal rolu kəskin şəkildə artmağa başlayıb. Rəsmi Ankara Ukrayna müharibəsinə münasibətdə nə kollektiv Qərbin, nə də Rusiyanın yanında yer almadı. Belə ki, Türkiyə balanslı siyasət yürüdərək, Ukraynanın ərazi bütövlüyünü tanıdı, Rusiyaya qarşı sanksiyalara qoşulmadı, “taxıl dəhlizi” və məhbus mübadiləsi kimi önəmli mexanizmlərin effektivliyini təmin etdi, NATO daxilində isə veto və təsir rıçaqlarını daim aktiv saxladı. Bu siyasət isə Türkiyəni vasitəçi yox, güc mərkəzi statusuna yüksəltdi. Əgər, ABŞ və Rusiya arasında Avropasız danışıqlar ssenarisi reallaşarsa, Türkiyə bu prosesdən kənarda qalan deyil, əksinə, “sülh masası”nda yer ala biləcək yeganə NATO ölkəsi ola bilər.

Hazırda Türkiyənin yüksəlişini nəzərə alan Ağ Ev rəsmi Ankaraya qarşı da təzyiq rıçaqlarını (S‑400, F‑35, sanksiyalar) tam işlək vəziyyətdə saxlamağa çalışır. Ancaq qlobal reallıq ciddi şəkildə dəyişməyə başlayıb və Türkiyəsiz NATO artıq mümkün deyil. Üstəlik, Qara dənizin təhlükəsizlik sistemi, Yaxın Şərq, Cənubi Qafqaz və Rusiya ilə əsas siyasi dialoq kanalları məhz Türkiyənin əlində cəmləşib. Bu və digər önəmli faktorları da nəzərə aldıqda, ABŞ üçün Avropa ölkələrini kənarda qoyaraq, Rusiya ilə razılaşmaq risklidirsə, Türkiyəni prosesdən uzaq tutmaq strateji intihara da çevrilə bilər. Və ona görə də, böyük ehtimalla Ukrayna savaşı ilə bağlı mümkün sülh ssenarisində Türkiyənin açıq, yaxud da dolayısı yolla iştirak edəcəyi istisna deyil.

turk-avropa-Снимок.JPG (94 KB)

Maraqlıdır ki, bəzi Qərb ekspertlərinin qənaətlərinə görə, Rusiya prezidenti Vladimir Putinin “əsaslı müzakirələrə qayıdaq” çağırışı da əslində, Avropa ölkələrinə deyil, məhz birbaşa ABŞ-a və dolayısı ilə Türkiyəyə ünvanlanıb. Kreml anlayır ki, Avropa Birliyi hazırda geopolitik qərarlar vermək imkanlarına malik siyasi mərkəz deyil. Rusiya üçün hazırda əsas məsələ NATO-nun genişlənməsinin dayandırılması və təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlıdır. Və bu mövzularda isə Kreml üçün rəsmi Ankara ilə siyasi dialoq daha realdır.

Göründüyü kimi, qlobal məkanda cərəyan edən proseslər Avropa qitəsinin kənarda saxlanıla biləcəyi yeni təhlükəsizlik arxitekturasının formalaşmasına yol açır. Belə ki, Ukrayna müharibəsinin gələcək taleyi Avropanın iştirakı olmadan, daha böyük güclərin “masa”sında həll olunur. Ağ Ev ABŞ-ın ənənəvi prioritetlərini yeniləyərək, dəyişir. Buna paralel olaraq, Rusiya öz mövqelərini nisbətən qorumağa nail olsa da, NATO daxildən parçalanma prosesinə məruz qalmış kimi görünür. Belə situasiyada isə artıq əsas məsələ “Ukrayna savaşının necə bitəcəyi” ilə bağlı deyil. Və ona görə də, indi qlobal məkanda yeni dünya düzəninin kimlər tərəfindən yaradılacağı, eləcə də, kimlərin bu prosesi sadəcə, müşahidə etməklə, kifayətlənmək məcburiyyətində qalacağı ilə bağlı mövzular daha aktual sayılır.