Cəlilabad rayon Uzuntəpə kənd sakini, 1972-ci il təvəllüdlü Həsənov Sücayət Sabir oğlu baxıma möhtac vəziyyətdədir.
Lim10.az xəbər verir ki, bu barədə jurnalist Səid Qərib paylaşım edib. O bildirib ki, ağır onkoloji xəstəlikdən əziyyət çəkən S.Həsənovun yaşamağa evi yoxdur:
“Taleyi elə gətirib ki, yaxın qohumlarından onu qəbul edəcək kimsə yoxdur, uzaq qohumları tərəfindən də tərk edilib.
Heç kimi olmadığına görə, küçələrdə qalmağa məcbur olub. Bir müddət əvvəl rayon xəstəxanasında əməliyyat olunub. Stasionar prosedurlar bitdikdən sonra evə buraxılıb, amma ev-eşiyi, qohumu-əqrəbası olmadığı üçün çöllərdə yaşamağa məhkum olunub.
Qışın bu oğlan çağında özünə isti bir yer tapa bilməyən Sücayət bu yaxınlarda kənddəki məscidlərdən birinə pənah aparıb. Kənd sakinləri də onu yorğan-döşək və gündəlik azuqə ilə təmin etməyə başlayıblar. Onun ciddi nəzarətə, müalicəyə, diqqətə və qayğıya ehtiyacı var” - jurnalist bildirib.
"Vəziyyətim göz qabağındadır, günü-gündən quruyuram. Gəlib mənə dəyməsələr, burada acından ölüb gedənin biriyəm. Bağırsağım çöldədir. Mənə kömək lazımdır, xahiş edirəm",- deyə S.Həsənov deyib.
Jurnalist xəstə və evsiz şəxsə dəstək göstərilməsi üçün Cəlilabad Rayon İcra Hakimiyyəti və Sosial Xidmətlər Agentliyinə çağırış edib.
S.Həsənovun vəziyyəti ilə bağlı Sosial Xidmətlər Agentliyinə sorğu ünvanladıq. Qurumdan Lim10.az -a bildirildi ki, Sücayət Həsənovun vəziyyətindən xəbərdardırlar və məsələ araşdırılır.
Billurə



















