ABŞ-ın Qafqazdan qovulması planı?!

Xəqani Cəfərov

Türkiyə avrasiyaçılarının siyasi lideri Doğu Perinçək İkinci Qarabağ Müharibəsini ABŞ-ın Qafqazdan qovulması üçün Rusiya-Türkiyə-Azərbaycan birgə hərəkəti hesab edir. Aleksandr Duqinin qızı Darya Duqinanın öldürülməsini Türkiyə-Rusiya dostluğuna suiqəsd adlandıran Doğu Perincəyin açıqlamasından belə nəticə hasil olur ki, şəhidlərimiz torpaqlarımızın azadlığı uğrunda deyil, Putinin avrasiyaçılıq layihəsi üçün həyatlarını qurban veriblər.
Sedat Pekerin “pavyon fedaisi” adlandırdığı Perinçəyin sərsəm hesab etdiyim açıqlamasının rəsmi Bakı tərəfindən təkzib ediləcəyini gözlədiyim bir zamanda baş nazir Əli Əsədovun Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etdiyi xəbəri yayıldı. Ardınca prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev Fransa və ABŞ-ın Azərbaycandakı səfirlərini Şuşaya getməməklə Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərməkdə ittiham edən açıqlama ilə çıxış etdi.
Bu üç xəbəri ard-arda düzdükdə belə qənaət yaranır ki, Azərbaycan hakimiyyəti avrasiyaçılıq layihəsində yer almağa başlayıb. Başında hansı dövlətin, Rusiya və ya Çinin durmasından asılı olmayaraq avrasiyaçılıq Güneyli-Quzeyli Azərbaycanın həyati maraqlarına ziddir. Azərbaycan xalqı iki müqəddəs şəhərinin, Təbriz və Dərbəndin bütövləşməsi naminə avarasiyaçılığı qətiyyətlə rədd etməlidir. Bunun üçün ilk addım isə Krım Platformasına qoşulmaq olmalıdır.