Bakı bazarları özəldir, yoxsa dövlətə məxsusdur?

 

Bir vaxtlar yəqin ki, yadınızdadır, Azərbaycan müstəqilliyə qədəm qoyduqdan sonra iqtisadiyyatdan söz düşəndə müxtəlif bəhanələr uydururdular. O bəhanələrdən biri də keçid dövrü idi. Yəni, sosializm cəmiyyətindən kapitalizm cəmiyyətinə keçid nəzərdə tutulurdu. Bu keçid bir neçə il davam etdi (yazığın ayaqları biri o tayda, biri bu tayda qalmışdı). Sonralar guya biz kapitalizm cəmiyyətinin.məhsulu olan bazar iqtisadiyyatı formasına, yəni amansız rəqabət, azad qiymət formasını qəbul etdik. Hazırda bizim respublikada olan iqtisadi forma heç bir ölkədə yoxdur. Çünki əksər ticarət mərkəzlərinə, bazarlara daxil olub, alış-veriş edəndə vətəndaşa heç bir kassa mədaxil qəbzi təqdim edilmir. Bu gün biz
Bakı şəhərində fəaliyyət göstərən köhnə dillə desək, kolxoz bazarlarından söhbət açacayıq. Yazımın əvvəlində qeyd etdim ki, bu bazarlar bilmirsən kimə məxsusdur – dövlətə və yaxud vətəndaşa? Əgər vətəndaşa məxsusdursa, bu böyüklükdə bazarı hansı vəsait hesabına inşa etmişdir? Yəni, bu bazarın maliyyə qaynağını deyirəm - dövlətdən çoxillik kredit vasitəsilə və yaxud şəxsi kapitalı hesabına tikdirib? Bu bazarlarda fəaliyyət göstərən satıcıların əksəriyyətinin vöeni, sosial kartları, əmək müqavilələri yoxdur. Bir növü hesabatda işsiz vətəndaş kimi siyahıda yer tutur. Bundan başqa bazar ətrafı dükanlar kirayə verilir və müəyyən miqdarda kirayəyə görə bazar rəhbərliyi vəsait əldə edir. Görəsən, bu vəsaitlər dövlət büdcəsinə hansı formada töhfə verir? Sizə adi bir şey deyim. “Yaşıl bazar” adlanan bazarda bir araba çəkən vətəndaşla söhbət əsnasında məlum oldu ki, bu vətəndaş həmin arabaya görə bazar rəhbərliyinə hər gün 8 manat pul ödəyir. Görəsən, bu toplanan vəsaitlər kimin cibinə gedir – dövlətin, yoxsa bazar rəhbərliyinin? Yadımdadır, Abşeron rayonunda yeni bazar tikilmişdi. Bazar fəaliyyətə başladığı gündən demək olar ki, vətəndaşlar bu bazara üz tutmurdular. Bunu görən Abşeron Rayon İcra Hakimiyyəti belə qərar vermişdi ki, Abşeron rayonunda ərzaq dükanlarında meyvə-tərəvəz satışı qadağan edilsin. Guya ki, Azərbaycan Amerika Birləşmiş Ştatlarıdır, Abşeron rayonu da onun bir ştatıdır. Qubernator qərar qəbul etdi, qurtardı getdi. Sonradan həmin qərar qüvvəsini itirdi və nəticədə Xırdalan şəhər bazarı formalaşdı.

Qiyam Ərşadoğlu