Son illərdə işə daha tez qəbul olunmaq istəyən insanların böyük bir qismi kurslara üz tutur, müxtəlif təlimlərdə iştirak edir və sertifikatlar əldə etməyə çalışır. Çünki əmək bazarında rəqabət artdıqca, namizədlər fərqlənməyin yollarını axtarır. Məhz bu tələbat fonunda sertifikat verən kursların sayı sürətlə çoxalıb. Demək olar ki, hər sahə üzrə qısa müddətdə “işə hazırlayan”, “praktik bilik verən” proqramlar təklif olunur.
Sertifikatlar doğrudanmı qapıları açır, yoxsa sadəcə kağız üzərində qalır?
Lim10.az -ın məlumatına görə, İnsan Resursları üzrə mütəxəsis İlkin Mirzəzadə Valyuta.az-a bildirir ki, təlim və sertifikatların dəyəri onların sahə uyğunluğundan asılıdır:
“Təlim və sertifikatlar iş imkanlarının genişlənməsində mühüm rol oynayır. Lakin burada əsas məsələ onların hansı sahə üzrə və hansı keyfiyyətdə əldə olunmasıdır. Əgər şəxs ixtisası üzrə peşəkar və faydalı bir təlimdə iştirak edir, bu prosesdən real bilik və bacarıqlar qazanırsa, həmin sertifikat işəgötürənlər üçün əhəmiyyətli hesab olunur. Bu, namizədin öz üzərində çalışdığını və şəxsi inkişafına sərmayə qoyduğunu göstərir. Əksinə, əgər iştirak sadəcə qısa və məhdud informasiyalı bir seminarda və ya ixtisasla əlaqəsi olmayan bir master-klassda olubsa, belə hallarda əldə edilən sertifikat işəgötürən üçün maraqlı sayılmır”.
Sertifikatların işəgötürənlər üçün maraqlı olması aşağıdakı hallarda mümkündür:
- Təlim müddət və məzmun baxımından əhatəli və dəyərli olmalıdır.
- Sertifikat ixtisasla uyğunluq təşkil etməli, məqsədi yalnız sertifikat əldə etmək yox, şəxsin peşəkar inkişafına töhfə vermək olmalıdır.
- Beynəlxalq sertifikatlar bir çox şirkətlər tərəfindən daha sürətlə tanınır. Məsələn, insan resursları sahəsində “SHRM-CP”, maliyyə sahəsində “ESS” və keyfiyyət menecmenti üzrə “ISO” sertifikatları nüfuzlu hesab olunur. Bununla belə, ixtisas uyğunluğu əsasdır. Məsələn, insan resursları üzrə mütəxəssisin maliyyə yönümlü “ESS” sertifikatı alması məqsədəuyğun deyil.

“Nəticə etibarilə, təqdim olunan sertifikatların sayı yox, onların keyfiyyəti və peşəkar məqsədlərə uyğunluğu önəmlidir” - deyə İ. Mirzəzadə vurğulayır.



















