Sosial sığorta haqları üzrə daxilolmalar 2,5 milyard manatdan çox olub



2023-cü ilin yanvar-iyun ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2,5 milyard manatdan çox olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata əsasən, bu mənbədən daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,7 faiz və ya 304,9 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq 1,6 milyard manatdan çox təşkil edib.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz artaraq 88,8 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16,3 faiz artaraq 65 milyon manat təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 17,2 faiz artaraq 452,2 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 21 faiz artaraq 314,6 milyon manat təşkil edib.