“Dünya dərin böhran içindədir. Sivil dünya üçün vacib sayılan bütün dəyərlər və prinsiplər dəyərsizləşib. Demək olar ki, artıq dünya “cəngəllik qanunları” ilə idarə olunan bir reallığa qədəm qoyub. Bunun nəticəsində qlobal idarəetmə sistemi zəifləyib, çoxtərəfli əməkdaşlıq anlayışı öz dəyərini itirib, beynəlxalq münaqişələr dərinləşib, qeyri-müəyyənlik artıb. Beynəlxalq təşkilatlar sülh, təhlükəsizlik və rifah yaratmaq sahəsində effektiv fəaliyyət göstərə bilmir və bu, artıq sistemli problemə çevrilib. Qlobal gərginliklər regional problemləri daha da mürəkkəbləşdirib. Onların həlli üçün səfərbər olmaq zəruridir.
Belə bir çətin dövrdə cənab Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində onilliklər boyu davam edən Ermənistan–Azərbaycan münaqişəsinə son qoyuldu və de-fakto sülh əldə edildi. Azərbaycanın şərtləri əsasında 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanmış sənədlərə uyğun olaraq yekun, dayanıqlı sülhün təmin olunması istiqamətində səylər davam etdirilir. Lakin Ermənistan tərəfi yenə də cığallıq edir və qeyri-konstruktiv mövqe sərgiləməkdən əl çəkmir”.
Bunu Lim10.az -a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov Ermənistanın baş naziri Nikol Paşinyanın BMT-nin 80-ci Baş Assambleyasında Azərbaycan əleyhinə səsləndirdiyi fikirləri şərh edərkən deyib.
Deputat qeyd edib ki, müharibədə olduğu kimi, Azərbaycan sülh prosesində də qalib tərəfdir:
“Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə son qoyaraq bölgədə dayanıqlı sülhün təminatçısına çevrilib və qələbə əldə edib. Bu gün Azərbaycan həm də Ermənistanın təhlükəsizliyinin təminatçısı rolunu oynayır. Bunu təkcə qarşı tərəf deyil, beynəlxalq ictimaiyyət də görür. Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistanın nicatı Azərbaycandan asılıdır və Bakının şərtləri daxilində sülh sazişinin imzalanması onların yeganə çıxış yoludur. Gec də olsa, Ermənistan bu reallığı qəbul etdi və həmin şərtlərlə sülh sazişini imzaladı.
Amma təəssüf ki, Ermənistan tərəfinin sülh prosesində səmimi olmadığını yenidən görürük. Baş nazir Nikol Paşinyan bir tərəfdən əldə olunmuş sülhü yüksək qiymətləndirir, digər tərəfdən isə Azərbaycanın ünvanına absurd fikirlər səsləndirərək prosesə kölgə salmağa çalışır. O, xüsusilə Azərbaycanın “Zəngəzur dəhlizi” ifadəsindən qıcıqlanır və bunu guya Ermənistana qarşı ərazi iddiası kimi təqdim edir. Paşinyan belə cəfəng bəyanatlar verməklə sülh prosesini uzatmağa cəhd etməkdənsə, Vaşinqton anlaşmasında nəzərdə tutulan müddəaların icrasına yönəlməli idi.
Ermənistan anlamalıdır ki, destruktiv mövqe yalnız onu daha ağır vəziyyətə salır. Mövcud geosiyasi reallıqlar isə Ermənistan üçün heç də müsbət deyil və olduqca təhlükəlidir. Bu səbəbdən İrəvan Bakının jestinə adekvat reaksiya verib yekun sülhün əldə olunmasına çalışmalıdır. Bizim tövsiyəmiz budur: Ermənistan tərəfi absurd fikirlərdən uzaq olsun. Əks halda, hər mərhələdə olduğu kimi, onu növbəti dəfə daha ağır məğlubiyyət gözləyəcək”.
Mürtəza