Kreml Ermənistanı itirməmək üçün yeni plan qurur - DETALLAR

İrəvan–Moskva münasibətlərində gözlənilən “buzların əriməsi” baş vermədi. Əksinə, proseslər göstərir ki, tərəflər arasında gərginlik getdikcə daha açıq və institusional xarakter alır.

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə Sankt-Peterburqda keçirdiyi görüş də bu gərginliyi aradan qaldıra bilmədi.

Səfir Kopırkinin mesajları: diplomatik etiraflar

Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkinin Sputnik Armenia-ya verdiyi müsahibə faktiki olaraq bu böhranın diplomatik etirafı kimi qiymətləndirilə bilər. Onun “münasibətlərimiz hazırda çətin bir dövrdən keçir” fikri Moskvanın vəziyyətin mürəkkəbliyini açıq şəkildə qəbul etdiyini göstərir.

Kopırkin vurğulayır ki, prosesləri regionda və dünyada gedən geosiyasi dəyişikliklərdən təcrid etmək olmaz. Bu yanaşma Kremlin Ermənistanla münasibətlərdə yaşanan problemləri qlobal kontekstlə izah etməyə çalışdığını göstərir. Eyni zamanda səfir hər iki tərəfdə münasibətləri qorumaq üçün siyasi iradənin mövcud olduğunu qeyd etməklə, Moskvanın əlaqələri tam qoparmaq niyyətində olmadığını mesaj verir.

Ticarət azalır, asılılıq qalır

Səfirin diqqət çəkdiyi mühüm məqamlardan biri də Rusiya–Ermənistan ticarət dövriyyəsindəki azalmadır. O, bu prosesi bazar amilləri ilə izah etsə də, fakt budur ki, iqtisadi dinamika zəifləyib. Bununla belə, Ermənistanın ümumi ticarət dövriyyəsinin təxminən 35 faizinin Rusiya Federasiyasının payına düşməsi İrəvanın hələ də Moskva orbitindən tam çıxa bilmədiyini göstərir.

Bu reallıq Ermənistan üçün manevr imkanlarını məhdudlaşdırır və Paşinyan hökumətinin balans siyasətini daha çətin hala gətirir.

TRIPP (Tramp Marşrutu) və üçtərəfli format

Sergey Kopırkin Rusiyanın TRIPP (Tramp Marşrutu) ilə bağlı mövqeyinin dəyişmədiyini də açıq şəkildə bəyan edib. Moskva region ölkələri arasında bütün ağrılı məsələlərin uzunmüddətli və möhkəm əsasda, xüsusilə də 2020–2022-ci illərdə qəbul edilmiş üçtərəfli bəyanatlar çərçivəsində həllini dəstəkləyir.

Bu açıqlamalar Kremlin Cənubi Qafqazda normallaşma proseslərini nəzarətdə saxlamaq və əsas vasitəçi rolunu itirməmək niyyətindən xəbər verir. Rusiya kommunikasiyaların açılması daxil olmaqla, proseslərdə yardım göstərməyə hazır olduğunu vurğulamaqla faktiki olaraq bölgədə qalıcı aktor olduğunu xatırladır.

2026 seçkiləri: Kremlin strateji hədəfi

Mövcud mənzərə onu deməyə əsas verir ki, Moskva Cənubi Qafqazdakı maraqlarını qorumaq üçün 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərindən maksimum faydalanmağa çalışacaq. Bu məqsədlə Kreml ənənəvi olaraq Rusiyaya bağlı siyasi qüvvələrdən, eləcə də Erməni Apostol Kilsəsinin təsir imkanlarından istifadə edə bilər.

Bu isə o deməkdir ki, İrəvan–Moskva münasibətlərində gərginlik qısamüddətli taktiki problem deyil, daha çox uzunmüddətli strateji transformasiya prosesidir. Tərəflər hələlik açıq qarşıdurmadan yayınsalar da, münasibətlərin əvvəlki “strateji müttəfiqlik” formatında davam etməsi getdikcə daha az inandırıcı görünür.

 Mürtəza