Mal əti niyə bahalaşır?
Son bir neçə gündür dana ətinin qiyməti bahalaşıb. İndi hər bir kiloqram dana ətinin qiymətində 1 manat, 1.50 qəpik artım var. Belə ki, paytaxtda qəssablar sümüklü hər 1 kiloqram dana ətini 11 manat 50 qəpiyə, 12 manata verirlər.
Satıcıların sözlərinə görə, artım son 1 həftədir baş verib.
Həmçinin sümüksüz dana ətinin qiyməti də bahalaşıb. Qiymətlər indi 15 manat olub.
Bəs bahalaşmanın səbəbi nədir?
Satıcılar bildiriblər ki, danalar rayonlarda bahalaşdığı üçün ətin də qiyməti artıb. Əgər qıtlıq davam edərsə, qiymətlər daha da arta bilər.
Mütəxəssislərin fikrincə, ətin qiymətinin bahalaşması əsasən otun, eyni zamanda qüvvəli yemin qiymətinin bahalaşması ilə bağlıdır. Belə ki, bu il biçənəklər həşəratların hücumuna məruz qaldığından birinci və ikinci biçimdə əvvəlki illərə nisbətən məhsuldarlıq 70 faiz aşağı düşüb. Ona görə də hazırda yonca klipinin qiyməti ötən ilki 2-3 manatdan 5-6 manata qədər bahalaşıb.
Qüvvəli yemə gəldikdə isə onun əsas kompanentləri olan buğda 35 qəpikdən 60 qəpiyə, arpa isə 25 qəpikdən 50 qəpiyə qədər bahalaşıb. Ona görə də qarşıdakı aylarda da ət və digər heyvandarlıq məhsullarının qiymətinin bahalaşması gözləniləndir.