Deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında deyib ki, statistikaya görə, son 5 ildə Azərbaycanda 83 min nikahdankənar uşaq doğulub. 9 min uşağı 15-19 yaşlı qızlar dünyaya gətirib. O bildirib ki, bu ailə institutu üçün olduqca böyük faciəvi problemdir.
Bəs, nikahdankənar doğulan uşaqların psixologiyasına cəmiyyətin münasibəti necə təsir edir?
Mövzu ilə bağlı Lim10.az -a danışan klinik psixoloq Elyaz Bornak bildirib ki, erkən yaşda hamiləlik və nikahdankənar doğumlar təkcə fərdi taleləri deyil, bütöv bir cəmiyyətin gələcəyini formalaşdıran hadisələrdir.
Onun sözlərinə görə, bu vəziyyətlərdə, xüsusilə 15–19 yaş arasında ana olma, bioloji baxımdan mümkün olsa da, psixoloji baxımdan çox zərərli nəticələr doğura bilər:
"Bu yaşda qızlar hələ öz kimliklərini formalaşdırma mərhələsindədirlər. Onlar emosional baxımdan hələ yetkin deyillər və “mən kiməm?” sualına cavab axtarırlar. Bu mərhələdə ana olmaq, insanın özünü dərk etmə prosesini kəsir və onu məcburi şəkildə “yetkin rola” daxil edir. Gənc ana çox vaxt bu məsuliyyətin ağırlığı qarşısında özünü gücsüz hiss edir. Cəmiyyətin qınağı, ailə tərəfindən dəstək görməmək və sosial təcrid hissi onun psixikasında dəyərsizlik, günahkarlıq və tərk edilmişlik duyğularını formalaşdırır. Bu hisslər sonradan depressiya, anksiyete, özünə inamsızlıq və valideynlikdə emosional soyuqluq kimi nəticələrə gətirib çıxara bilər. Gənc analar, xüsusilə psixoloji və sosial dəstək almadıqda, uşaqları ilə sağlam emosional bağ qurmaqda çətinlik çəkirlər. Bu isə uşağın da gələcək emosional tənzimləməsinə birbaşa təsir edir.
Uşaq yaşda evlilik, yəni 18 yaşdan əvvəl rəsmi və ya qeyri-rəsmi şəkildə ailə qurmaq təkcə fiziki yox, həm də ciddi psixoloji travma yaradır. Bu yaşda evlənən qızlar çox vaxt qərar vermək bacarığına sahib olmadan, sosial və ailə təzyiqi altında bu addımı atırlar. Bu vəziyyət bir növ “emosional uşaq istismarı” hesab olunur, çünki fərd hələ emosional müstəqillik qazanmayıb, lakin böyüklərin məsuliyyətini daşımağa məcbur edilir. Erkən nikah qadında bir sıra ciddi psixoloji fəsadlara səbəb ola bilər. Belə qadınlar çox zaman daimi qorxu və narahatlıq hissi yaşayır, travma sonrası stres pozuntusundan (TSSP) əziyyət çəkir, öz bədəni və şəxsi sərhədləri üzərində nəzarəti itirir. Onlar öz dəyərini yalnız “arvad” və “ana” rolu ilə əlaqələndirir, nəticədə təhsil, sosial əlaqə və şəxsi inkişaf imkanlarından məhrum qalırlar".
Psixoloq qeyd edib ki, nikahdankənar doğulan uşaqların yaşadığı travmaların çoxu birbaşa bioloji deyil, cəmiyyətin münasibətindən qaynaqlanır:
"Cəmiyyət onları çox zaman “fərqli”, “qeyri-qəbul edilən” və ya “etiketlənmiş” fərdlər kimi görür. Bu baxış onların özlərini qəbul etmə prosesini ciddi şəkildə pozur. Belə uşaqlarda psixoloji zədələr müxtəlif formalarda özünü göstərə bilər. Onlarda utanc və günahkarlıq hissi formalaşır, bu zaman uşaq “mən səhv bir şeyin nəticəsiyəm” kimi yanlış bir inanca qapıla bilər. Dəyərsizlik duyğusu yaranır, çünki onlar öz dəyərlərini cəmiyyətin onlara verdiyi statusla ölçməyə başlayırlar. Bundan əlavə, kimlik qarışıqlığı müşahidə olunur. Belə uşaqlar çox vaxt “mən kiməm və mənim yerim haradadır?” sualına cavab tapmaqda çətinlik çəkirlər. Bağlanma pozuntuları da tez-tez ortaya çıxır; əgər ana və ya ata fiqurlarından biri yoxdursa və ya münasibət qeyri-sabitdirsə, uşaqda emosional bağlanma qorxusu formalaşır. Nəhayət, sosial uzaqlaşma və ya üsyankar davranışlar baş verə bilər: qəbul edilmədiyini hiss edən uşaqlar ya özlərinə qapanır, ya da özlərini sübut etmək üçün aqressiv və ya üsyankar davranışlar sərgiləyirlər. Ən ağrılısı odur ki, bu travmalar uşağın özündən qaynaqlanmır cəmiyyətin reaksiyası, susqunluğu və hökmü onları formalaşdırır. Halbuki, bu uşaqların heç biri seçim etməyib. Onların tək ehtiyacı qəbul edilmək, sevilmək və anlayışla qarşılanmaqdır.
Bu reallıqla mübarizə aparmağın yeganə yolu maarifləndirmə, empatiya və psixoloji dəstək sistemlərinin gücləndirilməsidir. Gənc analara və nikahdankənar uşaqlara qarşı qınaq deyil, dəstək və anlayış göstərmək lazımdır. Məktəblərdə reproduktiv sağlamlıq, emosional savadlılıq və sosial məsuliyyət haqqında açıq söhbətlər aparılmalı, ailələr isə bu mövzularda maarifləndirilməlidir. Unutmaq olmaz ki, hər bir ana və hər bir uşaq hansı şəraitdə olursa-olsun sevgi, hörmət və qəbul haqqına malikdir. Cəmiyyətin sağlamlığı, bu haqqın hər kəsə bərabər tanınmasından başlayır.
Bu məsələnin köklü həlli yalnız fərdi səviyyədə psixoloji dəstək və empatiya ilə mümkün deyil, dövlət, təhsil sistemi və ictimai institutların birgə səyi tələb olunur. Cəmiyyətin ən zəif qruplarından biri olan gənc analar və nikahdankənar uşaqlar üçün sosial siyasətlər yalnız “yardım proqramı” deyil, insan haqları və gələcək nəsillərin psixoloji sağlamlığı məsələsidir.
Bu məsələ yalnız qanunla deyil, mədəni şüurun dəyişməsi ilə həll oluna bilər. Bunun üçün dini və ictimai liderlər qadın və uşaq haqlarını müdafiə edən açıq mövqe sərgiləməli, qadınların təhsildən və qərarvermə proseslərindən uzaqlaşdırılmasının qarşısı alınmalı, həmçinin sosial mediada bu mövzularda müsbət rol modelləri və maarifləndirici kampaniyalar həyata keçirilməlidir. Cəmiyyətin münasibətini dəyişdirmək üçün insanlara bir həqiqət xatırladılmalıdır: heç bir uşaq dünyaya gəlmə səbəbinə görə utanmamalı, heç bir qadın isə ana olduğu üçün cəzalandırılmamalıdır. Erkən nikah və nikahdankənar doğumlar yalnız sosial hadisələr deyil, bunlar emosional yaralar, travmalar və gələcək nəsillərin taleləridir".
Həmidə İbrahimova