Bu il oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 70 milyard 161,7 milyon ABŞ dolları təşkil edib ki, bu da yanvarın 1-i ilə müqayisədə 16,9 % çoxdur.
Lim10.az bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, bu ilin yanvar-sentyabr aylarında ARDNF-in büdcə gəlirləri 13 milyard 73,5 milyon manat, büdcə xərcləri isə 10 milyard 917,8 milyon manat təşkil edib.
9 ay ərzində Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 7 milyard 837,7 milyon manat, o cümlədən, mənfəət neft-qazının satışından 7 milyard 68,8 milyon manat, bonus ödənişləri və tranzitdən 765,3 milyon manat, akrhesabı ödənişlərdən isə 3,6 milyon manat gəlir əldə edib. Quruma "Azəri-Çıraq-Günəşli" yatağından 6 milyard 183,9 milyon manat, "Şahdəniz" yatağından isə 697 milyon manat vəsait daxil olub. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlir isə 5 milyard 235,7 milyon manat olub.