Qazaxıstan prezidenti Tokayev Trampla görüşündə ölkəsinin İbrahim Sazişlərinə qoşulduğunu elan edəcək.
Lim10.az xəbər verir ki, bu barədə ABŞ rəsmiləri Axios-a bildiriblər.
ABŞ rəsmilərinin sözlərinə görə, C5+1 sammiti ərəfəsində Tokayev Ağ Evə Qazaxıstanın İbrahim Sazişlərinə qoşulması təşəbbüsü ilə müraciət edib. O, ölkəsinin İsrail ilə münasibətlərini yeni səviyyəyə qaldırmaq, regional əməkdaşlıq və inteqrasiyadan faydalanmaq, dini tolerantlıq və dialoqun əhəmiyyəti barədə mesaj göndərmək istədiyini bildirib.
Görüş zamanı Tramp və Tokayevin İsrailin Baş naziri Netanyahu ilə birgə telefon danışığı aparması və Qazaxıstanın Sazişlərə qoşulmaq niyyətini elan etməsi gözlənilir. Rəsmilərdən biri əlavə edib ki, Tramp Ağ Evdə İsrail və Qazaxıstan liderlərinin, eləcə də mümkün olduqda müqavilələrə qoşulmaq istəyən digər ölkələrin iştirakı ilə rəsmi imza mərasimi keçirmək istəyir.
ABŞ rəsmiləri iddia edirlər ki, ABŞ və Qazaxıstan liderləri arasında görüşdə elan İsrailin ərəb və müsəlman dünyasındakı mövqeyini bərpa etmək üçün ilk addım olacaq. Onlar hesab edirlər ki, daha çox müsəlman ölkəsinin İbrahim Sazişlərinə qoşulması İsrailin beynəlxalq legitimliyini gücləndirə bilər.
Elvin
Lim10.az




















