200-dən keniyalı Ukraynadakı müharibədə döyüşmək üçün muzdlu əsgər kimi Rusiya ordusuna qoşulub.
Lim10.az xəbər verir ki, bu barədə Keniyanın Xarici İşlər və Diaspora naziri Musalia Wycliffe Mudavadi danışıb.
Nazir Rusiya-Ukrayna müharibəsinə yalançı iş vədləri ilə qoşulmağa təhrik edilənlərlə bağlı hökumətin hesabat hazırladığını bildirib. O qeyd edib ki, bu barədə getdikcə daha çox məlumat almağa başlayıblar.
Mudavadi bu şəxslərin Keniya təhlükəsizlik qüvvələrinin keçmiş üzvlərinin də olduğunu vurğulayıb.O əlavə edib ki, Rusiya afrikalılar da daxil olmaqla xaricilərin döyüşlərə cəlb olunması prosesini genişləndirib.
Bu vəziyyəti "son dərəcə narahatedici" adlandıran Mudavadi vətəndaşları həqiqətə uyğun olmayan çox cəlbedici görünən xarici iş təkliflərindən ehtiyatlı olmağa çağırıb.
Qeyd edək ki, Cənubi Afrika da 6 noyabrda Ukraynanın Donbas bölgəsində döyüş meydanında qalan və "yüksək maaşlar" vədi ilə muzdlu əsgər olmağa razı salınan 17 vətəndaşının geri qaytarılması üçün çalışdığını açıqlayıb.
Ukrayna tərəfi isə 36 Afrika ölkəsindən 1400-dən çox insanın Rusiya tərəfdən Ukraynaya qarşı döyüşdüyünü bildirib.
Billurə



















