Astronomlar məşhur astronom Nikolay Kopernikin nəzərə almadığı vacib bir xüsusiyyəti xatırlayıblar: Günəş, Günəş sisteminin tam mərkəzində yerləşmir. Bunun əvəzinə, bütün planetlər, Günəşin özü ilə birlikdə, barisentr adlanan bir görünməz nöqtənib ətrafında fırlanırlar. Bu, onların kütləsinin tarazlaşdığı kosmosda görünməz bir nöqtədir.
Lim10.az xəbər verir ki, bunu ulduzun hərəkətlərini ətraflı izləyən NASA bildirir.
Qeyd olunur ki, barisentrin yeri planetlərin kütləsinə və mövqelərinə görə dəyişir və ona ən böyük təsiri Yupiter və Saturn göstərir. Bəzən bu planetlərin cazibə qüvvəsi o qədər güclü olur ki, kütlə mərkəzi Günəşin xaricinə keçir və bu zaman Günəş azacıq "yellənir”.
Məhz bu cür kiçik yellənmələr digər ulduzların yaxınlığında ekzoplanetləri aşkar etməyə imkan verir. Əgər bir ulduz "titrəyirsə”, deməli onun yaxınlığında böyük kütləyə malik obyekt ola bilər.
Bununla belə, Kopernik ümumilikdə yanılmamışdı. O, Yerin kainatın mərkəzi olması fikrini ilk inkar edən alim idi. Müasir cihazlar isə göstərir ki, Günəş sisteminin mərkəzi sabit nöqtə deyil və həmişə Günəşin daxilində yerləşmir. Bu, sistemdəki bütün obyektlərin – planetlərdən tutmuş ulduzun özünədək – cazibə "rəqsinin” yaratdığı dəyişkən nöqtədir.
Koperniki məşhur edən nədir?
Nikolay Kopernik (1473–1543) polyak astronom və alim idi. O, Yer və digər planetlərin Günəşin ətrafında dövr etdiyini inandırıcı şəkildə sübut edən ilk şəxs olub. Onun əsas əsəri Göy sferalarının dövrləri haqqında elmdə dönüş nöqtəsi yaradıb və insanlığın kainatla bağlı təsəvvürlərini dəyişib. Bu ideyalar müasir astronomiyanın təməlini qoyub.
Kopernik həmçinin riyaziyyatçı və həkim kimi tanınırdı. O, tibbi bilikləri özbaşına öyrənmiş və ətrafındakı insanları müalicə etmişdi.(qaynarinfo)



















