İstanbul Hava Limanında 70 kiloqram qızılın qaçaqmalçılığı ilə əlaqədar saxlanılan polkovnik-leytenant Qəhrəman Məmmədov barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lim10.az xəbər verir ki, toplanmış materiallar və digər sübutlar ittiham aktı ilə birlikdə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Bu gün hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr aparılıb.
Cinayət işi üzrə ilk baxış iclası noyabrın 28-nə təyin edilib. Hakim məhkəmə araşdırmasının açıq aparılacağını bəyan edib.
Qeyd edək ki, Qəhrəman Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edib. O, İstanbul hava limanında saxlanılarkən çantasından ümumilikdə 10.391.970,08 manat dəyərində 70 kiloqramlıq qızıl külçələr aşkar edilib. Araşdırmalar nəticəsində həmin qızılların qaçaqmalçılıq yolu ilə müxtəlif ölkələr arasında daşındığı müəyyən olunub.
Q. Məmmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə etməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yekun ittiham irəli sürülüb. O, hazırda DTX-nin istintaq təcridxanasında saxlanılır.(qafqazinfo)



















