Ortaq dil, ortaq gələcək – bu gün ilk dəfə Beynəlxalq Türk Dili Ailəsi Günü qeyd edilir

15 dekabr tarixi türk dünyası üçün xüsusi məna daşıyan əlamətdar bir gündür - bu il ilk dəfə olaraq BMT tərəfindən Beynəlxalq Türk Dili Ailəsi Günü qeyd olunur.

15 dekabr tarixinin Türk Dili Ailəsi Günü kimi qeyd olunmasına dair razılıq bu il noyabrın 3-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən YUNESKO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində qəbul edilən qətnamədə əldə olunub. Bu tarix Orxon abidələrinin – bütün türk dillərinin ortaq köklərini və tarixi irsini əks etdirən ən qədim yazılı abidələrin oxunduğu günə təsadüf edir.

adem bayraq

Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi bildirib ki, bu qərar türk xalqlarını birləşdirən ortaq dilin, mədəni irsin və mənəvi dəyərlərin dünya miqyasında tanınmasının bariz nümunəsidir: “Qəbul edilən qətnamə yalnız rəmzi xarakter daşımır, eyni zamanda türk dillərinin ümumbəşəri mədəni irsin ayrılmaz tərkib hissəsi kimi qəbul olunduğunu rəsmi şəkildə təsdiqləyir. Türk dili sadəcə gündəlik ünsiyyət vasitəsi deyil, əsrlər boyu formalaşmış zəngin tarixi yaddaşın, milli düşüncə sisteminin və dünyaya baxışın daşıyıcısıdır”.

Ortaq dil - geniş coğrafiyada yaşayan türk xalqlarını bir-birinə bağlayan əsas amillərdən biridir. Türk dili bu gün yüz milyonlarla insanın ana dili olmaqla yanaşı, dünya sivilizasiyasına dəyərli ədəbi irs, dövlətçilik ənənələri, fəlsəfi baxışlar və humanist ideyalar qazandırıb.

Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi hesab edir ki, Beynəlxalq Türk Dili Ailəsi Gününün qeyd olunması türk xalqları arasında dilin qorunması və inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Bu gün gənc nəslin ana dilinə bağlılığının möhkəmləndirilməsinə, ortaq elmi terminologiyanın formalaşdırılmasına, eləcə də türk dilləri arasında akademik və mədəni əməkdaşlığın genişlənməsinə yeni imkanlar yaradır.

Partiya sədri vurğulayıb ki, YUNESKO-nun bu qərarı türk sivilizasiyasının bəşəriyyətin mədəni xəzinəsinə verdiyi töhfələrin tanınması, dillərin qorunması və mədəni müxtəlifliyin təşviqi istiqamətində atılmış mühüm addım kimi dəyərləndirilə bilər: “Bu qərar bir daha sübut edir ki, türk xalqlarının dil və mədəni birlik ideyası artıq beynəlxalq müstəvidə qəbul olunmaqdadır. Lakin bu qərar bizim üzərimizə böyük məsuliyyət yükləyir - ortaq dilimizi yaşatmaq, onu zənginləşdirmək və gələcək nəsillərə olduğu kimi ötürmək kimi böyük məsuliyyət”.