Ermənistan ordusunun 2025-ci ildəki itkiləri açıqlandı

Ermənistan rəhbərliyi Azərbaycanla şərti sərhədlərdə hər hansı gərginliyin yaşanmaması səbəbindən itkilərin olmadığını bəyan etsə də, bu ölkədə əsgər ölümləri ilə bağlı faktlar azalmır.

Lim10.az xəbər verir ki, Ermənistan müdafiə naziri Suren Papikyan keçirdiyi mətbuat konfransında əsgər ölümləri ilə bağlı suallar qarşısında çətin vəziyyətə düşüb.

Rəsmi məlumata görə, 2025-ci il yanvarın 1-dən dekabrın 31-dək ümumilikdə 30 hərbçi ölüb.

Ancaq müdafiə naziri bildirib ki, ötən il Ermənistan hərbçiləri arasında ölənlərin əksəriyyəti xidmətlə bağlı olmayıb. Onun sözlərinə görə, 2025-ci ildə xidmət zamanı 6 ölüm hadisəsi qeydə alınıb.

“Bir hadisə ildırım vurması, biri elektrik cərəyanı vurması, ikisi intihar və ya intihara təhrik, ikisi isə səhhətində problem olub”, - Papikyan bildirib.

Əlavə edib ki, bura qeyd olunan altı şəxs daxildir. Qalan 24 hərbçi xidmətlə əlaqəli olmayan şəraitdə ölüb. O əlavə edib ki, hərbçilərin ölüm səbəbləri arasında qəzalar, məişət şəraiti və digər hallar var.
“2024-cü illə müqayisədə 2025-ci ildə ölüm hallarının sayı 40% azalıb", - Papikyan deyib.

Nazir iddia edib ki, ötən il “dedovşina” zəminində heç bir qətl hadisəsi baş verməyib, onun fikrincə, bu, Üçüncü Respublika üçün görünməmiş hadisədir.(musavat.com)