“İqlim dəyişikliyi müasir dövrdə dövlətlərin üzləşdiyi ən ciddi və çoxşaxəli problemlərdən birinə çevrilib. Qlobal istiləşmə, yağıntı rejiminin dəyişməsi, buzlaqların əriməsi və transsərhəd çaylarda su balansının pozulması nəticəsində dünyada su qıtlığı getdikcə dərinləşir. Bu problem artıq yalnız ekoloji deyil, eyni zamanda sosial, iqtisadi və milli təhlükəsizlik məsələsi kimi çıxış edir.
Bu baxımdan su ehtiyatlarının daha səmərəli və effektiv istifadəsi, onların müasir idarəetmə mexanizmləri əsasında tənzimlənməsi bu gün bir çox ölkələr üçün prioritetə çevrilib”.
Bunu Lim10.az -a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
Deputat bildirib ki, Azərbaycan da qlobal iqlim dəyişikliklərinin təsir dairəsində olan ölkələr sırasındadır: “Ölkəmizin su ehtiyatlarının böyük hissəsinin transsərhəd çayların payına düşməsi, yağıntıların qeyri-bərabər paylanması və artan əhali–iqtisadiyyat tələbatı su məsələsini daha da aktuallaşdırır.
Bu səbəbdən son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə su ehtiyatlarının qorunması, idarə olunması və infrastrukturun yenilənməsi istiqamətində ardıcıl, sistemli və uzunmüddətli siyasət həyata keçirilir. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, su məsələsi Azərbaycanın gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır və bu sahədə gecikmələrə yol verilə bilməz.
Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş müşavirə bu strateji xəttin növbəti mühüm mərhələsi oldu.
Müşavirədə dövlət başçısı bir daha diqqətə çatdırdı ki, Abşeron yarımadası ölkənin ən sıx məskunlaşmış və iqtisadi cəhətdən ən aktiv bölgəsidir və burada su təchizatı ilə bağlı problemlər yalnız lokal deyil, ümummilli xarakter daşıyır”.
Deputat əlavə edib ki, Dövlət Proqramının əsas məqsədləri bunlardır: “Bakı və Abşeron yarımadasında içməli su təchizatının dayanıqlığının təmin edilməsi; tullantı və yağış sularının müasir sistemlər əsasında idarə olunması; su itkilərinin minimuma endirilməsi; su ehtiyatlarından iqtisadiyyatın inkişafı üçün daha səmərəli istifadə”.
Deputat əlavə edib ki, su yalnız sosial məsələ deyil:
“Prezidentin çıxışlarında xüsusi vurğulanan məqamlardan biri də suyun təkcə əhalinin içməli su ilə təminatı deyil, iqtisadi inkişafın əsas resurslarından biri olmasıdır. Kənd təsərrüfatı, sənaye, energetika və şəhərsalma birbaşa su resurslarının vəziyyətindən asılıdır.
Bu baxımdan Dövlət Proqramı ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, regionların balanslı inkişafına, iqlim risklərinə adaptasiya imkanlarının genişləndirilməsinə xidmət edir.
Təbii ki, bu sahədə problemlər mövcuddur və müşavirədə bu məsələlər açıq şəkildə etiraf edilib. Köhnəlmiş infrastruktur, qeyri-səmərəli istifadə, itkilər və idarəetmədə fragmentasiya illər ərzində yığılıb qalmış çətinliklərdir. Lakin Prezident İlham Əliyevin təsdiq etdiyi 2026–2035-ci illər üzrə Dövlət Proqramı bu problemlərin kompleks həllini nəzərdə tutur və qısa deyil, uzunmüddətli nəticələrə hesablanıb.
Qlobal tendensiyalar göstərir ki, yaxın onilliklərdə su uğrunda rəqabət daha da kəskinləşəcək. Bu şəraitdə su ehtiyatlarını qoruyan, idarə edən və modern texnologiyalarla optimallaşdıran ölkələr daha dayanıqlı olacaq.
Azərbaycanın bu istiqamətdə atdığı addımlar onu göstərir ki, ölkəmiz su məsələsinə situativ deyil, strateji düşüncə ilə yanaşır. Dövlət Proqramı yalnız bu günün problemlərini deyil, gələcək nəsillərin su təminatını da nəzərə alan bir yol xəritəsidir.
İqlim dəyişikliklərinin sürətləndiyi bir dövrdə su artıq sadəcə təbii resurs deyil, inkişaf, sabitlik və təhlükəsizlik faktorudur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən su siyasəti Azərbaycanın bu çağırışlara hazır olduğunu göstərir.
2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı isə ölkənin su təhlükəsizliyini təmin edən, iqtisadiyyatı gücləndirən və sosial rifahı yüksəldən strateji sənəd kimi çıxış edir”.
Mürtəza



















