Adəm İsmayıl Bakuvi: "Azərbaycan dövlət siyasətində mədəniyyət artıq yardımçı sahə deyil, strateji resurs kimi qəbul olunur"

Adəm İsmayıl Bakuvi:
“Bu konsepsiyanın qəbulu Azərbaycanın mədəni kimliyinin möhkəmləndirilməsinə, milli dəyərlərin qloballaşma şəraitində qorunmasına və ölkənin beynəlxalq mədəni nüfuzunun artırılmasına xidmət edəcək”.

Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi Prezident tərəfindən təsdiqlənmiş “Azərbaycan mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının qəbulu ilə bağlı fikirlərini bölüşərkən bu sənədin strateji əhəmiyyətini xüsusi vurğulayıb.

Partiya sədri bildirib ki, konsepsiya mədəniyyətin bütün əsas sahələrini əhatə edən, uzunmüddətli inkişafı hədəfləyən sistemli və çoxşaxəli yol xəritəsi təqdim edir:

“Bu sənəd açıq şəkildə göstərir ki, Azərbaycan dövlət siyasətində mədəniyyət artıq yardımçı sahə deyil, strateji resurs kimi qəbul olunur. Bu yanaşma mədəniyyəti dövlətin digər prioritetlərindən ayrı deyil, onlarla qarşılıqlı təsirdə olan canlı və dinamik sistem kimi təqdim edir”.

Vəhdət Partiyası mədəniyyət sahəsində fəaliyyətə vahid, sistemli və dayanıqlı yanaşmanı təmin edən bu konsepsiyanı alqışlayır və onun Azərbaycan mədəniyyətinin qorunması, inkişafı və beynəlxalq miqyasda təbliği baxımından mühüm nəticələr verəcəyinə inanır.