MUSTAFA KAMAL ATATÜRK: TÜRK DÜNYASININ ƏBƏDİ LIDERI

15:14:08VI HİSSƏ
Mustafa Kamal I Dünya müharibəsində
Mustafa Kamal I Dünya müharibəsində Çanaqqaladan sonra Qafqaz və Suriya-Fələstin cəbhəsində görəv aldı. Qafqaz cəbhəsi I Dünya müharibəsində Osmanlı imperiyası ilə Çar Rusiyası arasında əsas döyüş bölgələrindən idi. Osmanlının məqsədi Şərqi Anadolunu qorumaq, Qafqaz üzərindən türk–müsəlman bölgələri ilə əlaqə yaratmaq idi. Rusiya isə Boğazlara enmək və Anadolunu parçalamaq fikrindəydi. 1914-cü ilin sonu – 1915-ci ilin əvvəlində Ənvər Paşanın rəhbərliyi ilə həyata keçirilən Sarıqamış əməliyyatı Osmanlı ordusu üçün böyük faciə ilə nəticələndi. Əməliyyat zamanı 3-cü Ordu faktiki olaraq dağıldı. Əsgərlərin böyük bir qismi donaraq, xəstəlikdən və aclıqdan həlak oldu. Nəticədə ordu döyüş qabiliyyətini itirdi və komanda heyətinə inam sarsıldı. Bu məğlubiyyət Qafqaz cəbhəsində strateji təşəbbüsün tamamilə Rusiyaya keçməsinə şərait yaratdı. Bu fəlakət barədə bir az ətraflı yazaq:
Haşiyə- Sarıqamış faciəsi I Dünya Müharibəsi dövründə Osmanlı İmperiyası və Rusiya arasında Qafqaz cəbhəsində baş vermiş dəhşətli bir faciədir. Faciə Osmanlı ordusunun 1914-cü ilin dekabrında Qafqaz cəbhəsində Rusiyaya qarşı hərbi əməliyyatları zamanı baş verdi. Osmanlı İmperiyası I Dünya Müharibəsində Qafqaz cəbhəsində Rusiya ilə üz-üzə gəlmişdi. Komandanlıq Qafqaz cəbhəsində sürətli və uğurlu hücumla Rusiyaya zərbə vurmağı planlaşdırırdı. 1914-cü ilin dekabr ayının 22-də Osmanlının 3-cü Ordusu general Ənvər Paşa komandanlığı altında Sarıqamış əməliyyatına başladı. Əməliyyat başlandıqdan sonra sərt qış, qar, soyuq və dağ relyef Osmanlı ordusunu ciddi şəkildə sınağa çəkdi. Təxminən 60–80 min Osmanlı əsgəri soyuqdan və aclıqdan həyatını itirdi Bu, yalnız böyük uğursuzluq deyildi. Sarıqamış faciəsi Osmanlı hərbi tarixində ən böyük strategiya səhvlərindən biri sayılır. Faciənin əsas səbəbləri: 1. Hava şəraitinin (çox sərt qış faktoru) düzgün dəyərləndirilməməsi; 2. Ordu təchizatının və logistikanın zəif olması; 3. Komandanlıqda planlama və taktiki səhvləri; 4. Əsgərlərin ağır silah və isti geyimlə təmin edilməməsi idi. Osmanlı bu əməliyyatla rus ordusunu Sarıqamışda mühasirəyə almaq, qısa zamanda Qars və Tiflisə irəliləməyi nəzərdə tuturdu. Lakin dondurucu qış faktorunun nəzərə alınmaması, ordunun 3 hissəyə bölünməsi nəticəsində koordinasiyanı pozulması, rabitənin çökməsi, logistikanın iflası (ərzaq, geyim, sursat), təcrübəli komandanların etirazlarının qulaqardına vurulması faciənin daha irimiqyaslı olmasına şərait yaratdı. Alman hərbi müşavirləri belə əməliyyat planını risqli saysa da Osmanlı generalları açıq şəkildə etiraz etdilər. Təsəvvür edin, Allahuəkbər dağlarının 3000 metr yüksəkliyində, qarın qalınlığı 1-1,5 metr, gecələr 30-40 dərəcə şaxta və dağ keçidləri. Ordunun böyük hissəsi isti yeməkdən məhrum, qış geyimi olmayan, çarıq və ya nazik ayaqqabı geyinmiş əsgərin durumunu göz önünə gətirin. Sarıqamış Osmanlı dövlətinin Qafqaz cəbhəsindəki generallarının ambisiyasının qurbanı oldu. Bununla da Osmanlının hərb tarixində ən böyük insan itkisi gerçəkləşdi. Tarixin yaddaşına isə “donaraq şəhid olan ordu” həkk olundu. Nəticədə Osmanlı ordusunun Qafqazda hücum imkanları tam olaraq itdi, orduda ruh düşkünlüyü yarandı və Rusiya ordusu Anadolu dərinliyinə doğru irəlilədi...
Sarıqamışdan sonra Rusiya ordusu Ərzurum, Ərzincan, Trabzon istiqamətlərində hücuma keçdi. Yaxşı təchiz olunmuş və yerli erməni könüllü dəstələrinin dəstəyini alan rusların qarşısında silah-sursat çatışmazlığı olan, əsgərləri aclıq və tif xəstəliyindən əziyyət çəkən Osmanlı ordusu duruş gətirə bilmirdi. Torpaqların işğalı qaçılmaz idi. 1916-cı ilin fevralında Ərzurumun Rusiya tərəfindən işğalı cəbhədə psixoloji və hərbi baxımdan ağır zərbə oldu. Mustafa Kamal gələnədək Qafqaz cəbhəsində komanda heyəti arasında bir ajiotaj yaşanırdı. Alman hərbi müşavirlərlə Osmanlı zabitləri arasında fikir ayrılığı yaranmışdı. Qərargah reallıqdan uzaq planlar qurur, ordunun real vəziyyətini nəzərə almırdı. Əsgərlərin döyüş ruhu zəifləmiş, fərarilik halları artmışdı. Cəbhə bölgəsində yalnız hərbi yox, ictimai-humanitar böhran da mövcud idi. Minlərlə müsəlman türk əhali köçkünə çevrilmiş, aclıq və xəstəliklə üz-üzə qalmışdı. Kəndlər dağıdılır, yollar bağlanırdı. Dövlətin bölgəyə real nəzarəti demək olar ki, itmişdi. Belə bir tablo Osmanlı hakimiyyətinin Qafqazda legitimliyini sarsıdırdı. Məhz bu ağır durumda Mustafa Kamal 1916-cı ilin martında əvvəlcə XVI korpusun, daha sonra isə 2-ci Ordunun komandanlığına təyin olundu. Mustafa Kamal Paşanın Qafqaz cəbhəsində göstərdiyi rəşadət, onun hərbi dühasının və liderlik keyfiyyətlərinin erkən formalaşmasının ən bariz nümunəsi sayıla bilər. Bu rəşadət təkcə döyüş meydanında deyil, həm də strateji düşüncə, təşəbbüs və məsuliyyət baxımından özünü göstərirdi. Mustafa Kamal Paşa Sarıqamışa gələnə qədər Osmanlı ordusunun Qafqaz cəbhəsindəki durumu son dərəcə kritik vəziyyətdə idi. Sarıqamış faciəsi nəticəsində on minlərlə əsgər itirilmişdi. Orduda nizamsızlıq, ruh düşkünlüyü və təchizat çatışmazlığı hökm sürürdü və Rusiya ordusu Şərqi Anadoluda sürətlə irəliləyirdi. Mustafa Kamal Paşa ilk olaraq qarşısına 1916-cı ilin yazında Rusiya tərəfindən işğal olunmuş Muş və Bitlisin alınmasını məqsəd qoydu. O, mərkəzdən açıq göstəriş almadan, tabeçiliyindəki qüvvələrin zəifliyinə baxmayaraq, cəsarətlə əks-hücum qərarı verdi. Döyüşlərin bir qismində birbaşa ön xətdə olan Mustafa Kamal Paşanın əsgərlərlə eyni səfdə olması hərəkət ordunun döyüş ruhunu yüksəltdi. Və nəticədə Muş (7 avqust 1916) və Bitlis (8 avqust 1916) geri alındı. Eyni zamanda rusların Anadolunun dərinliklərinə irəliləyişi dayandırıldı Bu uğur Osmanlı ordusunun Qafqaz cəbhəsində nadir taktiki qələbələrindən biri idi...
Mustafa Kamal Paşanın rəşadəti təkcə hücumlarda deyil, insani qərarlarında da özünü göstərirdi. O, qeyri-real hücum planlarına qarşı çıxmaqla əsgərin mənasız şəkildə qırılmasına qarşısını aldı. Mustafa Kamal Paşa “əsgəri qorumaq da qələbə qədər dəyərlidir” prinsipi ilə hərəkət edirdi və o, bu mövqeyi ilə dövrün bir çox komandanlarından fərqləndirirdi. Mustafa Kamal Paşa Qafqaz cəbhəsində müdafiə xəttini real coğrafiyaya uyğun qurdu, logistikanın əhəmiyyətini ön plana çəkdi və ərazi qazanmaqdan çox ordunun saxlanmasını əsas götürdü. Bu yanaşma sonradan Qurtuluş Savaşı strategiyasının əsasına çevrildi. Tarixçilərin ümumi qənaətinə görə Qafqaz cəbhəsi Mustafa Kamal Paşanın “taktik komandirdən strateq liderə” çevrildiyi mərhələdir. Onun rəşadəti təkcə qəhrəmanlıq deyil, soyuqqanlı və məsuliyyətli liderlik nümunəsi idi. Dəyərli oxucu, Mustafa Kamal Paşanın Qafqaz cəbhəsindəki rəşadətini birbaşa əks etdirən rəsmi sənədlərdən, xatirələrdən və dövrün şahid mənbələrindən seçilmiş autentik sitatlara diqqət edin: (Sitatların dili əsasən osmanlıca/türkcə mətnlərin müasir Azərbaycan türkcəsinə uyğunlaşdırılmış formasıdır və məna qorunur).
1. 1916-cı ildə XVI Korpus komandanı olarkən Muş–Bitlis əməliyyatları zamanı Mustafa Kamal Paşa mərkəzə göndərdiyi rəsmi hərbi raportda bunları yazırdı: “Əldə olan qüvvələr kifayət etməsə də, düşmənin irəliləyişi davam edərsə, Anadolunun qapıları açılacaqdır. Bu səbəblə məsuliyyəti üzərimə götürərək dərhal hücuma keçdim.” Bu cümlə onun əmri gözləmədən təşəbbüs göstərdiyini və qərarın məsuliyyətini şəxsən daşıdığını göstərir.
2. Bitlis döyüşləri ilə bağlı Mustafa Kamal Paşanın döyüş gündəliyindən: “Əsgər soyuqdan, aclıqdan və yorğunluqdan taqətdən düşmüşdü. Lakin onlara geri çəkilmək deyil, irəli getmək gərəkdiyini söylədim. Çünki geri yol artıq yox idi.” Bu sitat həm döyüşün çətinliyini, həm də liderin psixoloji təsir gücünü açıq göstərir.
3. Osmanlı Baş Qərargahının Qafqaz cəbhəsi ilə bağlı rəsmi hərbi arayışından: “XVI Korpus komandanı Mustafa Kamal Paşanın yerində verdiyi qərarlar nəticəsində Muş və Bitlis geri alınmış, düşmənin cənuba enişi əngəllənmişdir.” Bu, Mustafa Kamal Paşanın rəşadətinin rəsmi dövlət sənədi ilə təsdiqidir.
4. Mustafa Kamal Paşanın yaxın silahdaşı general İzzettin Çalışların xatirələrindən: “Paşa at belində ön xətdə görünəndə əsgərin qorxusu yox olurdu. Hamı bilirdi ki, o, əsgərini ölümlə baş-başa buraxmaz.” Bu sözlər Mustafa Kamal Paşanın şəxsi cəsarətinin ordunun döyüş ruhuna təsirini göstərir.
5. Rus mənbəsindən( Qafqaz Ordusu raportu) etiraf: “Türk qüvvələrinin Muş istiqamətindəki ani hücumu planlarımızı pozdu. Bu hücumun arxasında bacarıqlı və cəsarətli bir komandanın olduğu aydın idi.” Rəqib tərəfin belə Mustafa Kamal Paşanın iderliyini qəbul etməsi rəşadətin ən güclü sübutlarındandır.
6. Mustafa Kamal Paşanın Qafqaz cəbhəsi dövründə əsgər haqqında məşhur fikri: “Komandan üçün ən ağır məsuliyyət hücum əmri verməkdir. Çünki o əmrlə ölümlərə qərar verir. Bu qərar yalnız zərurət olduqda verilməlidir.” Bu fikir onun humanist və məsuliyyətli hərbi düşüncəyə malik olduğunu əks etdirir...
Bu sənədlərdən görünür ki, Mustafa Kamal Paşanın Qafqaz cəbhəsindəki rəşadəti təkcə döyüş cəsarəti deyil, məsuliyyət götürən liderlik, əsgəri qoruyan vicdan və strateji düşüncə idi...
Qafqaz cəbhəsində erməni faktoru
I Dünya müharibəsi Qafqaz regionunda mövcud olan etnik və siyasi ziddiyyətlər daha da kəskinləşdirdi. Osmanlı və Rusiya imperiyaları arasında gedən müharibə yerli icmaların, xüsusilə erməni və müsəlman-türk əhalinin təhlükəsizlik vəziyyətini radikal şəkildə dəyişdirdi. Beynəlxalq tarixşünaslıqda bu dövr “imperiyaların dağılması fonunda lokal aktorların silahlı səfərbərliyi” kimi xarakterizə olunur. XIX əsrin sonu – XX əsrin əvvəllərində formalaşmış erməni millətçi hərəkatları müharibəni Osmanlı dövlətinə qarşı strateji fürsət kimi qiymətləndirərək Ermənistan dövləti qurmaq üçün Rusiya ilə birgə hərəkət edirdi. Xüsusilə Daşnaksütyun və Hnçak kimi siyasi təşkilatlar Rusiya imperiyasının himayəsi altında Şərqi Anadoluda erməni dövlətinin yaradılması ideyasını prioritet məqsəd elan etmişdi. 1914-cü ildə müharibənin başlanması ilə paralel olaraq erməni siyasi təşkilatlarının təşəbbüsü nəticəsində könüllü silahlı dəstələri (drujinalar) formalaşdırıldı. Bu dəstələr Rusiya imperiyasının Qafqaz ordusu tərkibində fəaliyyət göstərərək, birbaşa rus hərbi komandanlığının tabeçiliyində idi və Osmanlı ordusuna qarşı hərbi, kəşfiyyat əməliyyatlarında iştirak edirdi. Erməni dəstələrinin əsas vəzifəsi Osmanlı ordusunun arxa cəbhəsində sabotaj yaratmaq, rabitə və təchizat xətlərinin sıradan çıxarılmaqdan ibarət idi. Qafqaz cəbhəsində erməni silahlı dəstələrinin fəaliyyəti yalnız döyüş meydanı ilə məhdudlaşmamışdır. Bir sıra bölgələrdə onların hərəkətləri birbaşa müsəlman-türk əhalini hədəf almışdır. Ermənilərin dinc əhaliyə qarşı zorakılığı sistemli xarakter daşıyırdı. Qars, Ərzurum, Van, Bitlis və Muşda erməni silahlı dəstələri kəndləri məqsədli şəkildə yandırır, silahsız əhalini kütləvi şəkildə qətlə yetirir, məscidləri dağıdır, qadın və uşaqlara qarşı xüsusi qəddarlıq nümayiş etdirirdi. Zorakılıqlar əhalinin bölgədən sıxışdırılıb çıxarılması, yəni demoqrafik strukturun dəyişdirilməsi məqsədi güdürdü. Qafqaz cəbhəsində fəaliyyət göstərən erməni silahlı liderləri arasında qatil Andranik Ozanyan (Tayqulaq) xüsusi fəallığı ilə fərqlənirdi. Onun rəhbərlik etdiyi dəstələr türklər yaşayan kəndlərə hücumlar zamanı yaşayış məntəqələrini tamamilə məhv edir, müqavimət göstərənlər Andronikin əmri əsasında dərhal qətlə yetirilirdi. Təsadüfi deyil ki, həm Osmanlı, həm də Rusiya mənbələrində Andranikin əməlləri hərbi əməliyyatdan daha çox, “cəza ekspedisiyası” kimi qiymətləndirilir. Məhz Andronikin vəhşilikləri bu bölgədə uzunmüddətli etnik qarşıdurmanın əsasını qoydu. I Dünya müharibəsi zamanı Qafqaz cəbhəsində erməni silahlı dəstələrinin fəaliyyəti təşkilatlanmış, ideoloji motivli və xarici güclərin maraqları ilə uzlaşan bir proses idi. Erməni dəstələrinin fəaliyyət yalnız hərbi nəticələr doğurmamış, həm də mülki əhali üçün ağır humanitar fəlakətlərə, etnik düşmənçiliyin dərinləşməsinə və regionun sabitliynin uzunmüddətli pozulmasına səbəb oldu...
Haşiyə- 1914-cü ilin sentyabr ayının 16-da Rusiyanın İstanbuldakı səfiri Mixail Girs Peterburqa göndərdiyi gizli teleqramda yazırdı: “Bu müharibə (Osmanlılarla) qaçılmaz görünür”. 17 sentyabr 1914-cü ildə, bu mesajı aldıqdan bir gün sonra Çar II Nikolay ermənilərə belə bir çağırış etdi: “Rusiya xalqı şanlı erməni oğullarını qürurla xatırlayır. Lazarevlər, Melikovlar və başqaları vətən şərəfi uğrunda qardaşları ilə birlikdə vuruşdular. Əsrlər boyu davam edən sədaqətiniz mənim üçün bu vacib dövrdə ordumuzun uğuruna və ədalətinə ürəkdən inanaraq vəzifənizi yerinə yetirəcəyinizə dair gözləntilərinizin simvoludur. Ey ermənilər! Çarın əsası altında qan qardaşlarınızla birləşəcək və nəhayət azadlıq və ədalətdən zövq alacaqsınız”. Ermənilərə müraciətindən 3 ay sonra Çar II Nikolay Qafqaza səfər etdi. Səfər təsadüfi deyil, birbaşa hərbi-siyasi məqsədlərə xidmət edirdi. Çünki bu dövr Osmanlı ordusunun Sarıqamış əməliyyatında ağır itkilər verdiyi, Rusiya ordusunun isə Qafqazda strateji üstünlük əldə etməyə çalışdığı kritik mərhələ idi. Çar II Nikolay səfər çərçivəsində Qafqaz canişinliyinin mərkəzi olan Tiflisdə, sonra İrəvan və ətraf bölgələrdə oldu, cəbhəyə yaxın hərbi qərargahlara baş çəkdi. Çar Qafqaz canişini İlarion Vorontsov-Daşkov, Qafqaz cəbhəsi komandanlığı, erməni kilsə və icma nümayəndələri ilə görüşlər keçirdi. Ancaq təbəələri olan müsəlman-türk əhali nümayəndələri bu görüşlərdən kənarda saxlanıldı. Erməni icmaları isə Çarın xüsusi diqqət mərkəzində oldu. Səfərin əsas məqsədləri ordunun ruhunu yüksəltmək, Qafqazda imperiyaya sədaqəti möhkəmləndirmək, Osmanlıya qarşı xristian faktorunu (erməniləri) fəallaşdırmaq və yerli erməni əhalisini müharibəyə aktiv şəkildə cəlb etmək idi. Məhz bu səfərdən sonra erməni siyasi dairələrinin fəallığında açıq artım müşahidə olunmağa başladı. Səfər həm də “Rusiya – xristian xalqların hamisidir”, “Osmanlıya qarşı savaş müqəddəs missiyadır”, “Ermənilərin gələcəyi Rusiyanın qələbəsindən asılıdır” kimi ideoloji mesajlarla müşayiət olunurdu. Bu mesajlar erməni millətçiliyini daha da gücləndirdi. Qeyd edək ki, Çar II Nikolayın Qafqaza gəlişi strateji planın tərkib hissəsi idi. Bu tip ideeoloji təbliğatlara rəğmən erməni könüllü dəstələri Rusiyanın Osmanlıya qarşı istifadə etdiyi əsas vasitələrdən biri oldu. Məhz Rusiya imperiyasının bu siyasəti gələcəkdə Qafqazda daha dərin etnik uçurumlar və uzunmüddətli qarşıdurmalar yaranmasının təməlini qoydu... Ermənilərin dəstəkçisi təkcə Rusiya deyildi. I Dünya müharibəsində Rusiyanın müttəfiqləri olan İngiltərə və Fransa da onlara hamilik edirdi. Qeyd edək ki, I Dünya müharibəsi yalnız imperiyalararası silahlı toqquşma deyil, eyni zamanda böyük dövlətlərin regional və etnik məsələlərdən geosiyasi alət kimi istifadə etdiyi bir müharibə idi. Bu kontekstdə “erməni məsələsi” İngiltərə və Fransanın Osmanlı imperiyasını zəiflətmək strategiyasında mühüm yer tuturdu. Antanta dövlətlərinin ermənilərə verdiyi dəstək humanitar ritorika ilə əsaslandırılsa da, mahiyyət etibarilə strateji maraqlara xidmət edirdi. Müharibə illərində İngiltərə və Fransa erməni təşkilatlarına geniş diplomatik imkanlar yaratdı. London və Parisdə fəaliyyət göstərən erməni komitələri Antanta dövlətlərinin himayəsi altında beynəlxalq ictimai rəyi formalaşdırmağa çalışırdı. Qərb mətbuatında ermənilər sistemli şəkildə “əzilən xalq” obrazında təqdim edilir, Osmanlı dövləti isə “xristianlara qarşı zor tətbiq edən imperiya” kimi xarakterizə olunurdu. Antanta dövlətlərinin ermənilərə real təsiri əsasən hərbi müstəvidə özünü göstərdi. 1916-cı ildə Fransa tərəfindən yaradılan “Şərq legionu” (Légion d’Orient) erməni könüllülərindən təşkil olunmuşdu və Osmanlı qüvvələrinə qarşı istifadə edilirdi. Bu legion yalnız cəbhə əməliyyatlarında deyil, həm də yerli müsəlman əhaliyə qarşı zorakılıqlarda iştirak etmişdir. "Ərəbçilik türk islamçılığına cavab olduğu kimi, erməni məsələsi də turançılığa qarşı güclü bir tədbirdir'' şüarına söykənən İngiltərə isə Qafqazda və İranda fəaliyyət göstərən erməni silahlı dəstələrini silah, logistika və kəşfiyyat məlumatları ilə təmin edirdi. General Denstervilin rəhbərlik etdiyi hərbi missiya çərçivəsində erməni qüvvələri Britaniya maraqlarının yerli icraçıları rolunu oynayırdı. 1919-cu ildə Paris Sülh Konfransında erməni nümayəndə heyətlərinin rəsmi qəbul edilməsi və onlara “müstəqil Ermənistan” perspektivinin vəd olunması bu siyasi dəstəyin zirvə nöqtəsi idi. Lakin bu vədlər hüquqi zəmanətdən çox müharibəsonrası layihə xarakteri daşıyırdı. Müharibənin başa çatmasından sonra İngiltərə və Fransa prioritetlərini dəyişdi. Osmanlı imperiyası artıq parçalanmış, Yaxın Şərq mandat sistemi vasitəsilə bölüşdürülmüşdü. Bu mərhələdə erməni məsələsi Antanta üçün ikinci dərəcəli problemə çevrildi. Nəticədə ermənilərə verilmiş siyasi vədlər reallaşmadı, “Böyük Ermənistan” layihəsi beynəlxalq dəstəkdən məhrum oldu, və erməni cəmiyyəti böyük güclərin siyasətində vasitəçi rolunda istifadə edildiyini dərk etdi. Dəyərli oxucu, I Dünya müharibəsində İngiltərə və Fransanın ermənilərə verdiyi dəstək humanitar və ya əxlaqi prinsiplərdən deyil, real siyasi maraqlardan qaynaqlanırdı. Ermənilər Osmanlıya qarşı təzyiq aləti kimi istifadə olunmuş, strateji məqsədlər əldə edildikdən sonra isə bu dəstək faktiki olaraq dayandırılmışdır. Bu tarixi təcrübə göstərir ki, böyük güclərin himayəsinə əsaslanan milli layihələr uzunmüddətli və dayanıqlı siyasi nəticələr doğurmur. Erməni məsələsi də I Dünya müharibəsi kontekstində bu reallığın klassik nümunələrindən biri kimi qiymətləndirilə bilər...
1917-ci ildə Rusiyada baş verən Fevral və Oktyabr inqilablarından sonra imperiya ordusu faktiki olaraq dağıldı. Bu vəziyyət silahlı erməni dəstələri üçün nəzarətsiz imkanlar yaratdı. Bu mərhələdə erməni silahlı birləşmələri bolşeviklərlə taktiki ittifaqa girdi. Bakı Soveti faktiki olaraq erməni-bolşevik silahlı qüvvələrinin nəzarətinə keçdikdən sonra zorakılıqlar açıq şəkildə etnik xarakter aldı. Ermənilər 1918-ci ilin martında Bakı şəhərində və ətraf bölgələrdə azərbaycanlı əhaliyə qarşı planlı kütləvi qırğınlar həyata keçirildi. Nəticədə 30 mindən çox azərbaycanlı qətlə yetirildi, məhəllələri top atəşinə tutuldu, məscidlər yandırıldı və minlərlə ailə şəhəri tərk etməyə məcbur oldu. Erməni vəhşiliyi Bakı ilə məhdudlaşmadı. Şamaxı qəzasında erməni silahlı dəstələri: 58-dən çox kəndi tamamilə məhv etdi, Minlərlə dinc sakin öldürüldü, məscidlər və qədim tarixi abidələr yandırıldı. Şamaxıda törədilən vəhşiliklər məqsədli şəkildə azərbaycanlı əhalinin izlərini silməyə yönəlmişdi. Ermənilər Şamaxıda etdiyi vəhşilkdən “cuşə gələrək” Qubada daha bir vandalizm gerçəkləşdirdi. Minlərlə azərbaycanlı qətlə yetirildi, qadın və uşaqlar xüsusi qəddarlıqla öldürüldü. Sonradan aşkar edilən Quba kütləvi məzarlığı bu qırğınların maddi sübutudur. Erməni silahlı yaraqlıları Zəngəzur və Qarabağ bölgələrində də misli görünməmiş qəddarlığa, vəhşiliyə imza atdı. Andronikin vəhşi dəstələri Zəngəzurda kəndləri yerlə-yeksan etdi, əhali yurd-yuvasından köçməyə məcbur oldu. Azərbaycanlıların Zəngəzurdan zorla köçürülməsi nəticəcisdə bölgənin etnik tərkibi dəyişikliyə məruz qaldı. Bu vəhşi dəstələr eyni ssenarini Qarabağ bölgəsində də gerçəkləşdirdi. Vəhşiliklərin nəticəndə yerli əhali kütləvi şəkildə qaçqın vəziyyətinə düşdü və bununla da etnik qarşıdıurmanın bünövrəsi qoyulmuş oldu. Yekun olaraq demək olar ki, I Dünya müharibəsi dövründə erməni silahlı dəstələrinin fəaliyyəti təsadüfi deyil, ideoloji və siyasi əsaslı idi; Zorakılıqlar lokal deyil, regional xarakter daşıyırdı. Məqsəd yalnız hərbi qələbə yox, ərazi və demoqrafik üstünlük əldə etmək idi...
Haşiyə- Elə burada vacib bir məqam üzərində dayanmaq fikrindəyəm. Əslində Rusiya erməniləri silahlandırsa da, onların müstəqil dövlət qurmasına real zəmanət verilməmişdi. Rusiya-Osmanlı müharibəsində ermənilər faktiki olaraq “ön cəbhə aləti” rolunu oynayırdı və müharibədən sonra isə siyasi baxımdan tək buraxıldılar. Digər tərəfdən ermənilərə “dövlət vədi” verən təkcə Çar II Nikolay deyildi. İngiltərə və Fransa da Osmanlı torpaqlarında ermənilərin dövlət yaradacaqlarından dəm vururdu. Hətta dönəmin ABŞ prezidenti V. Vilson belə ermənilər üçün Osmanlı torpaqlarında Ermənistan dövlətinin qurulacağını planlamışdı. Bütün bunlar ermənilərdən bir vasitə kimi istifadə edən imperialist güclərin manevrləri idi. Təəssüf ki, özünü “dünyanın ən ağıllı milləti” sayan ermənilər imperialist güclərin bu gedişlərindən dərs çıxarmadı. Dərs çıxarmaqları bir yana, XX əsrin sonlarında ermənipərəst M.Qorbaçovun da Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” yaradacağına ümid edirdilər. Onların “Böyük Ermənistan” sevdası 2020-ci ildə Azərbaycanın müzəffər ordusu tərəfindən 44 günlük Böyük Zəfər savaşında “gerçəkləşdi”. Ermənistan qeyd-şərtsiz kapitulyasiya aktına imza atmaqla “Böyük Ermənistan” sevdası biryolluq tarixin arxivinə atıldı...
Qafqaz cəbhəsinin komandanı Əhməd İzzət Paşa 12 dekabr 1916-cı ildə qısa müddətə İstanbula məzuniyyətə getdikdə, Mustafa Kamal Paşa 2-ci Ordunun müvəqqəti komandiri təyin edildi. O, Əhməd İzzət Paşa 3 yanvar 1917-ci ildə görəvinə qayıtdıqdan sonra 2-ci Ordunun müvəqqəti komandirliyindən istefa verdi və öz vəzifəsinə (XVI korpusun komandanlığına) qayıtdı. 17 fevral 1917-ci ildə Mustafa Kamal Paşa Hicaz Ekspedisiya Qüvvələrinin komandiri təyin edildi və vəzifəsinin gərəyi olaraq Dəməşq və Sina bölgələrində yoxlamalar apardı. Sonra yenidən 2-ci Ordunun müvəqqəti komandiri vəzifəsinə gətirilən Mustafa Kamal Paşanın görəvi 5 mart 1917-ci ildə rəsmən təsdiq edildi. 5 iyul 1917-ci ildə Mustafa Kamal Paşa Cənub Cəbhəsində General Erik fon Falkenhaynın rəhbərliyi altında İldırım Ordu Qrup Komandanlığının bir hissəsi olan 7-ci Ordunun komandiri təyin olundu. Lakin İldırım Ordu Qrupunun komandanı general Erik fon Falkenhein ilə fikir ayrılığından sonra 1917-ci il oktyabrın əvvəlində 7-ci Ordunun komandanlığından istefa verdi. Fikir ayrılığının səbəbləri nə idi? Əvvəlcə qeyd edək ki, Erich Georg Anton von Falkenhayn (tam adı) Almaniya İmperiyasının tanınmış hərbi xadimi, I Dünya müharibəsi dövründə Alman Baş Qərargah rəisi olmuş generaldır. Almaniya ilə hərbi ittifaq çərçivəsində Osmanlı ordusuna göndərilən yüksək rütbəli alman generalları arasında Erich von Falkenhayn xüsusi yer tuturdu. 1916-cı ildə Verdun məğlubiyyətindən sonra (Verdun Parisdən təxminən 260 km şərqdə, Almaniya sərhədinə yaxın strateji mövqedə yerləşirdi. Şəhər ətrafında çoxlu qala və müdafiə istehkamları olduğu üçün Almaniya buranı əsas hədəf seçmişdi) Baş Qərargah rəisliyindən uzaqlaşdırılan Falkenhayn, alman siyasi dairələri tərəfindən Yaxın Şərqdə strateji balans yaratmaq üçün Osmanlıya göndərildi. Almaniyanın məqsədi İngiltərənin Süveyş və Fələstin xəttində irəliləyişini dayandırmaq, Yaxın Şərqdə alman nüfuzunu gücləndirmək və Osmanlı ordusunun zəifləmiş strukturlarını “alman modeli” ilə yenidən təşkil etməkdən ibarət idi. 1917-ci ildə Falkenhayn Osmanlı ordusunda İldırım Ordular Qrupunun komandanı təyin edilmişdi. Onun Mustafa Kamal Paşa ilə qarşıdurmasının kökündə strateji yanaşma fərqi dayanırdı. Belə ki, Erik fon Falkenhayn alman doktrinasına uyğun olaraq aktiv hücum konsepsiyası tətbiq etməyə çalışırdı. Alman general üçün komandanlıq üsulu mərkəzləşmiş, loqistika ikinci prioritet sayılırdı və o, əsgər itkisi risqinə tolerant mövqedə dayanırdı. Mustafa Kamal Paşa alman genaralın tam əksinə olaraq , bölgənin coğrafi və lojistik reallıqlarını nəzərə alaraq müdafiə yönlü strategiyanı üstün tuturdu və o fikirdə idi ki, ordunun gücü kağız üzərində deyil, döyüş qabiliyyəti ilə ölçülməlidir. Onun üçün loqistika əsas faktor idi və insan faktoruna çox həssas yanaşırdı. Mustafa Kamal Paşanın komandanlıq üsulu yerli şəraitə uyğun qərar verməkdən ibarət idi. İngilis ordusu Fələstin cəbhəsində güclü hücuma başlayanda Erik fon Falkenhayn Qüdsün simvolik əhəmiyyətinə görə şəhərin sonadək müdafiə edilməsinə israr etdi. Mustafa Kamal isə alman generala şəhərin içində döyüş aparmağın mədəni irsi məhv edəcəyini, ordunun tam mühasirəyə düşəcəyini və taktiki məğlubiyyətə səbəb olacağını vurğulayaraq strateji geri çəkilmə təklif etmişdi. Onun təklifi Erik fon Falkenhayn tərəfindən qəbul edilmədi. Nəticədə Qüds ingilislər tərəfindən işğal edildi və bundan sonra alman general vəzifəsindən uzaqlaşdırıldı...
Mustafa Kamal Paşa 1917-ci ilin oktyabr ayının 9-da təkrarən Diyarbəkirdəki 2-ci Ordunun komandanlığına təyin edildi. Lakin o, bu təyinatı qəbul etmədi. Nədən? 1917-ci ildə Osmanlı ordusu faktiki olaraq Almaniya hərbi missiyalarının nəzarəti altında idi. Liman fon Sanders başda olmaqla alman generallarının qərarverici rolu türk zabitlərinin təşəbbüs imkanlarını məhdudlaşdırırdı. Mustafa Kamal Paşa isə milli komanda prinsipinə sadiq idi. O, hesab edirdi ki, Osmanlı ordusu öz döyüş strategiyasını xarici güclərin maraqlarına deyil, dövlətin real müdafiə ehtiyaclarına uyğun formalaşdırmalıdır. Bu səbəbdən icraçı və simvolik vəzifə daşımaq istəməməsi onun imtinasında əsas rol oynadı. Bu qərar həm hərbi-strateji, həm də siyasi-psixoloji amillərlə bağlı idi. Əvvəla 1916-cı ildə rusların Şərqi Anadoludakı hücumlarından sonra 2-ci Ordu faktiki olaraq dağıdılmış vəziyyətdəydi. Ordu böyük itkilər vermişdi, şəxsi heyət çatışmazlığı yaşayırdı, silah-sursat və logistika baxımından zəif idi. Başqa sözlə, ordu döyüş qabiliyyətini xeyli itirmişdi. Mustafa Kamal Paşa bu ordunun real döyüş gücünə malik olmadığını və bu vəziyyətdə komandanlığın formal xarakter daşıyacağını düşünürdü. Digər tərəfdən alman komandanlığının Osmanlı ordusu üzərində həddindən artıq təsiri ilə əsla razılaşmırdı Mustafa Kamal Paşa. O, sadəcə icraçı rolu oynamaq istəmirdi. milli komanda müstəqilliyini, türk zabitlərinin söz sahibi olmasını qətiyyətlə müdafiə edirdi. İmtinanın daha bir səbəbi isə Ənvər Paşa ilə dərin strateji fikir ayrılığının mövcudluğu idi. Ənvər Paşa ilə Mustafa Kamal arasında müharibənin aparılma üsulu, real imkanların düzgün qiymətləndirilməsi və “pan-turançı genişlənmə” xəyalları məsələsində ciddi fikir ayrılığı yaşanırdı. Ənvər Paşanın Qafqaz yönümlü genişlənmə siyasəti və pan-turançı hədəfləri Mustafa Kamal tərəfindən hərbi reallıqdan uzaq və risqli hesab edilirdi. Mustafa Kamal müdafiə yönümlü, qüvvələrin qorunmasına əsaslanan strategiyanı müdafiə edir, ordunun siyasi ambisiyalar naminə tükəndirilməsinə qarşı çıxırdı. Bu ideoloji ziddiyyət onun təyinatı qəbul etməməsinin siyasi-strateji əsasını təşkil edirdi. Mustafa Kamal Paşa hesab edirdi ki Ordunu xəyali hücum planları ilə deyil, mövcud resurslara uyğun müdafiə strategiyası ilə qorumaq lazımdır. Bu səbəbdən Ənvər Paşanın təklif etdiyi və risqli hesab etdiyi 2-ci ordu komandanı vəzifəsini qəbul etmədi. Mustafa Kamal “ad olsun deyə” komandanlıq etməyə qarşı idi. O düşünürdü ki, səlahiyyət, resurs və qərar vermək hüququ yoxdursa, komandanlıq mənasızdır. Məhz bu arqument onun gələcək liderlik üslubunun ilk açıq nümunələrindən biri hesab olunur. Mustafa Kamal Paşanın 1917-ci ildə 2-ci Ordu komandanlığından imtinası qorxaqlıq yox, strateji realizm, milli mövqe və müstəqil qərar prinsipinin ifadəsi idi. Bu mövqe sonradan Suriya cəbhəsində İıldırım Ordular Qrupunda və xüsusilə Milli Mübarizə dövründə onun liderlik xəttinin əsasını təşkil etdi…


















