MUSTAFA KAMAL ATATÜRK: TÜRK DÜNYASININ ƏBƏDİ LIDERI

VII HİSSƏ
Mustafa Kamal I Dünya müharibəsində
2-ci Ordunun komandanlığından imtina etdikdən sonra Mustafa Kamal Paşa 7 noyabr 1917-ci ildə Baş Qərargahın sərəncamına verildi. Bu təyinatdan az bir zaman sonra o, 15 dekabr 1917-ci il- 4 yanvar 1918-ci il tarixlərində Vəliəhd Şahzadə Vəhdəttin ilə birlikdə Almaniyaya səfərdə iştirak etdi. Şahzadənin Almaniya səfərində məqsədi həm diplomatik, həm də hərbi-strateji xarakter daşıyırdı. Belə ki, Birinci Dünya Müharibəsi illərində Osmanlı və Almaniya müttəfiq idi. Bu səfər gələcəyin sultanı kimi Vəhdəttinin Almaniya İmperatoru II Vilhelm ilə şəxsi əlaqələrini gücləndirmək məqsədi güdürdü. Digər tərəfdən səfərin mühüm hədəflərindən biri Almaniyanın hərbi gücünü, cəbhələrdəki vəziyyətini və müharibənin gedişatını birbaşa müşahidə etmək idi. Eyni zamanda Şahzadə Vəhdəttin taxta çıxmazdan əvvəl xarici siyasət və beynəlxalq hərbi diplomatiya təcrübəsi qazanmalı idi və bu səfər ona müharibənin gedişatını və müttəfiqlərin real gücünü anlamaq imkanı verirdi. Heyətdə hərbi müşavir kimi iştirak edən Mustafa Kamal Paşanın sayəsində vəliəhd, almanların təbliğatından fərqli olaraq, müharibənin həqiqi və riskli vəziyyəti barədə peşəkar hərbi rəy almaq şansı qazanırdı.
Nədən Şahzadə Vəhdəttin Almaniya səfərində məhz Mustafa Kamal Paşanı seçdi? Bunun da bir neçə əsas səbəbi var idi: 1. Hərbi nüfuz və "Anafartalar Qəhrəmanı" faktoru: Mustafa Kamal Paşa həmin dövrdə həm daxildə, həm də müttəfiq Almaniyada böyük hərbi nüfuza sahib idi. Alman imperatoru II Vilhelm tərəfindən şəxsən tanınan və təqdir edilən bir generalın vəliəhdin yanında olması Osmanlı heyətinin hərbi çəkisini və ciddiliyini artırırdı. 2. Şahzadənin həqiqi vəziyyəti öyrənmək istəyi: Vəliəhd Vəhdəttin gələcəyin sultanı kimi cəbhələrdəki real vəziyyəti almanların təbliğatından deyil, reallığı dürüst şəkildə deyə biləcək peşəkar bir türk zabitindən eşitmək istəyirdi. Mustafa Kamal Paşa o zaman almanların hərbi siyasətinə qarşı tənqidi və müstəqil mövqeyi ilə tanınırdı. 3. Ənvər Paşa faktoru: Bəzi mənbələrə görə, Ənvər Paşa Mustafa Kamalı İstanbuldan uzaqlaşdırmaq və eyni zamanda vəliəhdin yanında nəzarətdə saxlamaq üçün bu təyinatı dəstəklədi. 4. Strateji məsləhət: Mustafa Kamal səfər boyu Şahzadə Vəhdəttinə müharibənin uduzulacağını, almanların vəziyyətinin ağır olduğunu və Osmanlının öz milli sərhədlərini qoruması üçün müstəqil addımlar atması lazım olduğunu izah etdi. Məhz bu səfər zamanı yaranan qarşılıqlı səmimi münasibət Şahzadə Vəhdəttində Mustafa Kamala Paşaya yönəlik müsbət rəy formalaşmasına səbəb oldu ki, bu da sonradan onun (1919-cu ildə) geniş səlahiyyətlərlə Anadoluya göndərilməsində əhəmiyyətli rol oynadı...
1918-ci il avqust ayının 17-də Mustafa Kamal Paşa yenidən 7-ci Ordunun komandiri təyin edildi. 7-ci ordu artıq general Erik fon Falkenheynin yerinə İldırım Ordusu Qrupunun komandiri olan general Liman fon Sandersin komandanlığı altında idi. 19 sentyabr 1918-ci ildə Britaniya qüvvələri Fələstin Cəbhəsinə genişmiqyaslı ümumi hücuma başladı. Bu hücum nəticəsində 8-ci Ordunun cəbhəsi yarıldı və 4-cü və 7-ci Ordu birləşmələri geri çəkilməyə məcbur oldu. Mustafa Kamal Paşanın rəhbərliyindəki 7-ci Ordu birləşmələri hərbi təşkilatlanmalarını və döyüş qabiliyyətini pozmadan Hələbə çəkildi. 26 oktyabr 1918-ci ildə Britaniya qüvvələri Mustafa Kamalı komandanı olduğu 7-ci Orduya daha bir hücum etdi. Lakin Hələbin şimalında onlar dayandırıldı və düşmənin cəbhə xəttini keçməsinə imkan verilmədi...
Haşiyə-ümumiyyətlə, Osmanlı İmperiyasının Birinci Dünya müharibəsindəki ərəb cəbhələrinin sayı dörd idi. Birinci Misir (Sina) – Fələstin cəbhəsində Osmanlının məqsədi Almaniyanın dəstəyi ilə Süveyş kanalını ələ keçirmək və bununla da İngiltərənin Hindistan, Avstraliya və digər müstəmləkələri ilə əlaqələrini kəsməkdən ibarət idi. 1915 və 1916-cı illərdə kanala edilən hücumlar (Kanal Hərəkatı) uğursuz oldu. İngilislər əks-hücuma keçərək Sinay yarımadasını və Fələstini işğal etməyə başladılar. Döyüşlər nəticəsində 1917-ci ildə ingilislər Qüdsü ələ keçirdi. Osmanlı qüvvələri Suriyaya doğru geri çəkilməyə məcbur oldu.
• İkincisi İraq Cəbhəsi idi və burada İngilislər Bəsrə körfəzindən şimala doğru irəliləyərək İraqın neft yataqlarını və strateji şəhərlərini (Bağdad) ələ keçirməyi qarşısına məqsəd qoymuşdu. 1915-ci ildə ingilis ordusu Osmanlı qüvvələri tərəfindən məğlubiyyətə uğrasa da, ingilislər yenidən qüvvə toplayaraq 1917-ci ildə Bağdadı ələ keçirdilər və müharibənin sonuna qədər İraq tamamilə ingilislərin nəzarətinə keçdi. Üçücü cəbhə olan Hicaz-Yəmən Cəbhəsində Osmanlı İmperiyasının əsas məqsədi müsəlmanlar üçün müqəddəs olan Məkkə və Mədinə şəhərlərini, həmçinin Qırmızı dəniz sahillərini ingilis işğalından qorumaq idi. Lakin 1916-cı ildə Məkkə əmiri Hüseyn ibn Əli, ingilislərin dəstəyi ilə Osmanlılara qarşı "Ərəb üsyanı"nı qaldırdı. Üsyançılar ingilis zabiti Tomas Edvard Lourensin ("Ərəbistanlı Lourens") rəhbərliyi ilə partizan müharibəsinə başladı. Nəticədə Məkkə üsyançıların əlinə keçdi. Dördüncü cəbhə Osmanlını daxildən parçalamağa yönəldilmiş Ərəb Üsyanları idi. Ərəb üsyanları bilavasitə ingilislərin dəstəyi ilə gerçəkləşirdi. İngilislər ərəb millətçiliyindən istifadə edərək, müstəqil ərəb dövləti yaratmaq vədi ilə ərəbləri Osmanlıya qarşı qaldırdılar. Üsyan nəticəsində ərəb qüvvələri ingilislərlə birlikdə Dəməşqi ələ keçirdi və Osmanlı İmperiyasının ərəb əyalətlərindəki mövqeyini sarsıtdı. Ərəbistan yarımadası cəbhələrində İngiltərənin Osmanlı üzərində qələbəsinin fundamental hərbi, iqtisadi və siyasi səbəblərini aşağıdakı kimi xarakterizə etmək olar. Britaniya iqtisadiyyatı sənayeləşmiş və müharibənin xərclərini qarşılamaq üçün daha güclü idi. O dövrün statistikasına diqqət edəndə hər şey açıq-aşkar görünür. Belə ki, 1913-cü ildə İngiltərənin ÜDM-i (226,4 milyard dollar) Osmanlınınkından (25,3 milyard dollar) təxminən 9 dəfə çox idi. Və bu faktor İngiltərənin texniki üstünlüyünü təmin edirsi. Cəbhədə İngilis ordusu aviasiya, zirehli texnika və rabitə sahələrində Osmanlı qüvvələrindən qat-qat üstün hərbi resurslara malik idi. Digər tərəfdən İngiltərə Hərbi Dəniz Donanması dünyanın ən güclü donanması olaraq dəniz yollarını nəzarətdə saxlayıraq, Osmanlıya gələn yardımları və dəniz ticarətini blokada edirdi. İngilislər infrastruktur və logistik aspektdən daha dinamik idi. Onlar cəbhələrdə irəlilədikcə dəmir yolları və su kəmərləri çəkərək öz qoşunlarının təchizatını davamlı təmin edə bilirdi. Osmanlı İmperiyası isə eyni vaxtda Qafqazda Çanaqqalada, İraqda, Suriyada və Hicazda vuruşması məhdud olan insan və material resurslarının daha da tükənməsinə gətirib çıxarmışdı. Başqa sözlə, İngilis ordusu daha müasir silahlara, texnikaya və qeyri-məhdud dəniz dəstəyinə malik olduğu halda, Osmanlı birlikləri köhnəlmiş silahlarla və məhdud imkanlarla mübarizə aparırdı. Bütün bu faktorların birləşməsi nəticəsində Osmanlı ordusu bölgədəki hakimiyyətini itirməli oladu. Başqa sözlə, belə bir durumda Osmanlının müharibədə məğlubiyyəti qaçılmaz idi...
Suriya-Fələstin cəbhəsində gerçəkləşən Ərəb üsyanları Osmanlının ümmətçilik siyasətinin tam iflasını göstərdi. Ən başlıcası isə İngilislərlə vuruşarkən sarayın reallıqdan uzaq siyasəti və ordunun siyasi səhvlər ucbatından qurban verilməsindən sonra Mustafa Kamal bu fikrə gəldi ki, “Osmanlı artıq tarix səhnəsindən çəkilir.” Və bu qənaəti ona diqtə etdi ki, xilas yolu ümmətçiliyə deyil, yalnız Türk millətinə söykənən bir mübarizə ola bilər...
Osmanlı imperiyasının süqutu və Mudros sülh müqaviləsi
1918-ci ilin sentyabr ayının 19-da başlayan və iki gün sürən Megiddo savaşı (Meqiddo və ya Tel-Meqiddo müasir İsrailin şimal hissəsində yerləşən tarixi və arxeoloji ərazidir). Osmanlı ordusunun tam süqutuna səbəb oldu. Alman general Liman fon Sandersin komandanlığı altında Osmanlı İldırım Ordusu Qrupu və Edmund Allenbinin rəhbərlik etdiyi Britaniya (Antanta) qüvvələri bu müharibədə qarşı-qarşıya gəldi. İngilislərin piyada, süvari və hava qüvvələrindən birlikdə istifadə edərək həyata keçirdikləri əməliyyatın sonunda Osmanlı ordusu ağır məğlubiyyətə uğradı. Bu məğlubiyyət Mudros atəşkəsinə aparan prosesi sürətləndirdi. 600 ildən çox hökm sürən Osmanlı İmperiyasının süqutu tək bir səbəbdən deyil, bir neçə əsri əhatə edən daxili və xarici amillərin birləşməsindən qaynaqlanmışdır. Osmanlı imperiyasının çöküşünə səbəb olan əsas amilləri daxili və xarici faktorlara rəğmən şərti olaraq iki qrupa bölmək olar. Daxili faktorlaraın başında ən birinci mərkəzi idarəetmənin zəifləməsi dayanırdı. Belə ki, Kapıkulu Korpusunun, din alimlərinin, bir sıra tanınmış zəngin şəxslərin dövlət idarəçiliyinə təsirinin artması, sultanlara təzyiqi və siyasi intriqalar Osmanlının süqutunda çox önəmli rol oynadı...
Haşiyə- Kapıkulu korpusu (çağdaş anlamda prezident qvardiyası, yaxud İran rejimində İnqilab Keşikçiləri korpusu) barədə bir az ətraflı yazaq. Osmanlı imperiyasının çökməsində Kapıkulu ocağının (xüsusilə Yeniçərilərin) rolu həlledici daxili faktorlardan biri hesab olunur. Bu rolu aşağıdakı kimi xarakterizə etmək olar: a. XVI əsrin sonlarından etibarən ocağa hərbi təhsili olmayan şəxslər qəbul edildi. Bu, hərbi nizamın pozulması ilə yanaşı ordunun döyüş qabiliyyətini itirməsinə və Avropadakı müasir ordular qarşısında məğlubiyyətlərə səbəb oldu. b. Kapıkulu əsgərləri dövlət idarəçiliyinə tez-tez müdaxilə etməyə başladılar. Sultan II Osmanın öldürülməsi kimi hadisələr mərkəzi hakimiyyəti zəiflətdi. "Ocaq dövlət üçündür" prinsipi "Dövlət ocaq üçündür" prinsipi ilə əvəz olundu. Yeniçərilər öz imtiyazlarını qorumaq üçün hərbi və inzibati yeniliklərə qarşı çıxdılar. Məsələn, III Səlimin "Nizam-ı Cədid" ordusunu qurma cəhdi Kapıkulu qiyamı ilə nəticələndi və sultan devrildi. Bu müqavimət islahatların qarşısında əngəl olaraq imperiyanın modernləşməsini ləngitdi. D. Sayı hədsiz dərəcədə artan (XIX əsrə qədər 100 mini keçən) Kapıkulu əsgərlərinə ödənilən maaşlar (ulufe) və taxt dəyişikliyi zamanı verilən bəxşişlər (cülus) xəzinəni iflic etdi. Bir çox əsgər hərbi xidmət yerinə ticarətlə məşğul olmağa başladı. e. Sultan II Mahmud tərəfindən 1826-cı ildə ocağın tamamilə ləğv edilməsi dövləti müvəqqəti olaraq müdafiəsiz qoydu və Rusiya ilə müharibələrdə ağır məğlubiyyətlərə yol açdı. Kapıkulu ocağı bir vaxtlar imperiyanın genişlənməsinin əsas qüvvəsi olsa da, zamanl-zaman islahatlara mane olan və mərkəzi hakimiyyəti sarsıdan bir quruma çevrilərək çöküşü sürətləndirdi...
İqtisadi problemlər- Kənd təsərrüfatı istehsalının azalması, ərzaq qıtlığının yaranması, vergilərin artırılması ilə ortaya çıxan sosial gərginlik, ticarət yollarındakı dəyişikliklər (İpək və Ədviyyat yollarının əhəmiyyətini itirməsi Osmanlının gömrük gəlirlərini kəskin azaltdı) və müharibələr iqtisadiyyata mənfi təsir göstərdi. Hərbi problemlər- Ordunun Almaniya komandanlığına tabe olması, alman generalların yerli coğrafiyanı düzgün qiymətləndirməməsi və modernləşmədən uzaq qalması; Təhsil və elmdə geriləmə- İntibah və Reformasiya ilə ayaqlaşmamaq, mədrəsə təhsilinin qeyri-kafiliyi və elmə olan soyuq münasibət; Milliyyətçi Hərəkatlar- Balkanlarda və imperiyanın digər bölgələrində millətçi hərəkatlar, üsyanlar və müstəqillik tələbləri; Ərəb üsyanı- 1916-cı ildə başlayan ərəb üsyanı Osmanlıya içəridən vurulan ən ağır zərbə oldu. Hicaz dəmir yolu sabotaj edilərək bağlandı və Osmanlının bölgə ilə loqistik əlaqələri kəsildi. Buna rəğmən ingilis ordularının Yaxın Şərqə irəliləməsi asanlaşdı. Nəticədə Osmanlı Ərəbistan yarımadasında nəzarətini demək olar ki, tam itirdi.
Xarici faktorların başında təbii ki, böyük imperialist dövlətlərin-İngiltərə, Rusiya və Fransanın Osmanlı İmperiyasını bölmək siyasəti dayanırdı. Bu dövlətlərin imperiyanın daxili işlərinə müdaxiləsi dövlət suverenliyini ciddi şəkildə zəiflətdi. Avropa dövlətlərinə verilən iqtisadi və hüquqi imtiyazlar xarici tacirləri yerli sənayeçilərdən daha üstün vəziyyətə gətirdi. Krım müharibəsi ilə başlayan borclanma imperiyanı maliyyə cəhətdən Avropadan asılı etdi. Və 1881-ci ildə qurulan Düyun-u Ümumiye (İctimai Borclar İdarəsi) vasitəsilə imperiyanın əsas gəlir mənbələri xarici dövlətlərin nəzarətinə keçdi. Avropalıların yeni dəniz yollarını (Ümid burnu və s.) kəşf etməsi nəticəsində Osmanlının nəzarətindəki İpək və Ədviyyat yolları öz əhəmiyyətini itirdi. Bu, imperiyanın gömrük gəlirlərinin kəskin azalmasına və iqtisadi durğunluğa səbəb oldu. Osmanlıya ən böyük hərbi zərbəni Rusiya vurdu. Xüsusilə 1877-1878-ci illər müharibəsi imperiyanın Balkanlardakı hakimiyyətini demək olar ki, tamamilə bitirdi və ağır təzminatlar xəzinəni iflic etdi. Avropada baş verən texnoloji sıçrayış və Sənaye İnqilabı (XVIII-XIX əsrlər) Osmanlı iqtisadiyyatının rəqabət qabiliyyətini məhv etdi. Avropanın ucuz fabriki malları Osmanlı bazarını istila edərək yerli sənətkarlığı (manufakturaları) çökdürdü. Osmanlı İmperiyasının süqutunu sürətləndirən son zərbə isə I Dünya Müharibəsi (1914–1918) oldu. Müharibədə Almaniya tərəfində iştirak edən Osmanlı, məğlubiyyətdən sonra imzalanan Mudros barışığı və Sevr müqaviləsi ilə faktiki olaraq parçalandı...
1918-ci ilin oktyabr ayının 30-da Yunanıstanın Limnos adasının Mudros limanında Osmanlı dövləti ilə Antanta ittifaqı arasında atəşkəs müqaviləsi imzlandı. Mudros müqaviləsi Osmanlı dövlətinin I Dünya müharibəsində faktiki təslim olmasını rəsmiləşdirən ağır şərtli atəşkəs sənədi idi. Müqavilənin əsas maddələrini aşağıdakıları saymaq olar
1. Boğazların açılması. İstanbul və Çanaqqala boğazları Antanta dövlətlərinin gəmiləri üçün açılır, boğazlardakı bütün istehkamlar işğal edilirdi.
2. Ordunun tərxis edilməsi. Osmanlı ordusu böyük ölçüdə buraxılır, yalnız daxili təhlükəsizlik üçün məhdud qüvvələr saxlanılırdı.
3. Strateji nöqtələrin işğalı hüququ. Antanta dövlətləri təhlükəsizliklərinə təhdid gördükləri istənilən strateji bölgəni işğal etmək hüququ əldə edirdi. (Bu maddə sonradan geniş işğallar üçün əsas oldu.)
4. Donanmanın təhvil verilməsi. Osmanlı hərbi donanması Antanta dövlətlərinin nəzarətinə verilir, gəmilərin böyük hissəsi limanlarda saxlanılırdı.
5. Rabitə və nəqliyyatın nəzarətə götürülməsi. Dəmir yolları, limanlar, teleqraf və kabel xətləri Antantanın istifadəsinə açılırdı.
6. Əsir və hərbi əsirlərin təhvil verilməsi. Antanta əsirləri dərhal azad edilirdi, Osmanlı əsirləri isə qarşı tərəfdə saxlanıla bilirdi.
7. Şərq vilayətləri ilə bağlı maddə. Qarışıqlıq yaranarsa, Antanta dövlətləri Vilayəti-Sittə (Ərzurum, Van, Bitlis, Diyarbəkir, Sivas, Elazığ) bölgəsini işğal edə bilərdi.
8. Hicaz, Yəmən, Suriya, İraq cəbhələrindəki qüvvələrin təslimi.
Bu bölgələrdəki Osmanlı birlikləri təslim olurdu...
Mudros Müqaviləsi klassik atəşkəs sazişlərindən fərqli olaraq tərəflər arasında balanslı hüquq bölgüsü yaratmırdı. Antanta dövlətlərinə verilən geniş səlahiyyətlər Osmanlı dövlətini faktiki olaraq protektorat vəziyyətinə salırdı. Xüsusilə 7-ci maddə ("təhlükəsizlik üçün zəruri görülən bölgələrin işğalı") hüquqi baxımdan qeyri-müəyyən ifadə ilə formulə edilmiş və Antanta dövlətlərinə istədikləri ərazini işğal etmək üçün açıq çek təqdim etmişdir. Bu maddə beynəlxalq hüquq prinsiplərinə zidd olaraq suveren dövlətin ərazi bütövlüyünü aradan qaldıran mexanizm rolunu oynadı. Müqaviləsi Osmanlı dövlətinin I Dünya müharibəsində məğlubiyyətini rəsmiləşdirən və imperiyanın siyasi suverenliyini faktiki olaraq sona çatdıran sənəd kimi tarixə düşdü. Bu müqavilə hüquqi baxımdan atəşkəs xarakteri daşısa da, əslində Osmanlının işğal və parçalanma prosesinin başlanğıc nöqtəsi oldu. Mudrosdan sonra baş verən hadisələr yalnız dövlətin çökməsi ilə məhdudlaşmamış, eyni zamanda Mustafa Kamal Paşanın rəhbərliyi altında formalaşacaq Türk Milli Mücadiləsinin ideoloji və siyasi zəminini yaratdı...
Haşiyə- Mudros müqaviləsi diplomatik sənəd yox, bir dövlətin boğazına keçirilmiş zəncir idi. 30 oktyabr 1918-də Limnosda imzalanan kağız parçası bir imperiyanı öldürmədi-onsuz da Osmanlı ağır yaralı idi. Amma onu ayaqda ölməyə məcbur etdi. Bu müqavilə silah gücü ilə yox, saray qorxaqlığı ilə imzalandı. Mudros masasında Osmanlı nümayəndələri yox idi- orada məğlubiyyət kompleksi vardı. Antanta diktə etdi, Osmanlı razılaşdı. Müqavilə Osmanlı tərəfindən heç bir qarşılıq, müqavimət və şərt olmadan imzalandı. Bu sənəd“atəşkəs” adlandırıldı. Əslində isə bu, işğal üçün hüquqi qapı açarıydı. Xüsusilə “Təhlükəsizlik üçün zəruri görülən yerlər işğal edilə bilər.” yazılmış 7-ci maddə çox dəhşətli idi. Bu cümlə beynəlxalq hüquq deyil, imperializmin diplomatik quldurluq maddəsidir. Bu maddə ilə İzmir işğal olundu. Bu maddə ilə İstanbul işğal olundu. Bu maddə ilə Antalya işğal olundu. Bu maddə ilə Anadolu parçalandı. Bir maddə milyonlarla insanın taleyi ilə oynayırdı.
Ordunun ləğvi dövlət bir yana Xalqın belinin qırılması anlamına gəlirdi. Mudros Osmanlı ordusunu dağıtdı. Tərkisilaha vadar etdi. Donanmanı zəncirlədi. Dəmir yollarını işğalçıların sərəncamına verdi. Bu hərbi qərar deyildi. Bu, millətin özünü müdafiə haqqının əlindən alınması idi. Çünki ordusuz dövlət koloniya, Silahsız xalq əsir durumunda olur. Mudros məhz bu vəziyyəti yaratdı. İstanbul hökuməti Mudrosdan sonra dövlət idarə etmədi — Antantaya xidmət etdi. Paytaxt işğal olundu. İngilis əsgəri İstanbul küçələrində dolaşdı. İstanbul işğal olunarkən bir güllə belə atılmadı. Saray pəncərələrindən baxdı. Susdu. Boyun əydi. Tarixdə bəzən güllə atmamaq qəhrəmanlıq deyil, xəyanət sayılır. Bu susqunluq xalqın vicdanında qara ləkə kimi qaldı. Antanta Osmanlını bitirdiyini sandı. Amma bilmədikləri bir şey var idi. Türk millət ölməyi bacarır, amma kölə olmağı yox. İzmir işğal ediləndə Anadolu ayağa qalxdı. Kəndlərdən müqavimət başladı. Əsgər tərxis olunmuşdu, amma vicdan tərxis edilməmişdi. Və 19 may 1919-da Mustafa Kamalın liderliyi ilə Samsunda tarix yenidən yazılmağa başladı. Mudros kağız, Milli Mücadilə isə Türk xalqı idi.
Kağız yandı, Türk xalqı qalib gəldi. Əgər Anadolu ayağa qalxmasaydı, əgər Mustafa Kamal Paşa mücadilənin yükünü çiyninə çəkməsəydi, bu gün bu torpaqlar tarix kitablarında “keçmişdə türk xalqının” yaşadığı torpaq kimi yazılacaqdı. Mudros bir həqiqəti çılpaq göstərdi: Dövlət müqavilə ilə qorunmur.Millət müqavimətlə yaşayır. Qələmlə imza atanlar tarixdən silinir.
Silahı yox, iradəsi olan xalqlar isə tarix yaradır. Və tarix göstərdi ki,
xəritələri qaliblər çəkir, taleləri isə dirənən xalqlar yazır. Mudros Osmanlı imperiyasının tabutu idi. Amma eyni zamanda Türkiyə Respublikasının doğum şəhadətnaməsi oldu. Mudros məğlubiyyət idi, amma təslimiyyat baş vermədi İmperiya çökdü. Millət isə ayağa qalxdı. Və tarix bir daha sübut etdi ki, Torpaq işğal edilə bilər. Paytaxt tutulur. Amma ayağa qalxmış xalq heç vaxt fəth edilmir…
Mustafa Kamal Paşa 1918-ci ildə Mudros Sülh Müqaviləsinin imzalanmasından bir gün sonra, 31 oktyabrda İldırım Ordu Qrupunun komandiri təyin edildi və eyni zamanda 7-ci Ordunun komandanlığı da ona həvalə edildi. İldırım Ordu Qrupu komandanlığı 7 noyabrda ləğv edildikdən sonra Mustafa Kamal Paşa 13 noyabr 1918-ci ildə İstanbula gəldi. İstanbula çatarkən Boğazda işğalçı donanmanı görən Mustafa Kamal Paşa göz yaşları içində olan köməkçisinə təskinlik verərək dedi: "Gəldikləri kimi də gedəcəklər"...