İranla Suriya üzrə danışıqların davam etdirildiyini açıqlayıb
"Türkiyə Rusiya və İranın iştirakı ilə dördtərəfli formatda Suriya ilə münasibətlərin normallaşdırılması məsələlərini müzakirə etməyə davam edir".
“Anadolu” agentliyi xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Tehranda iranlı həmkarı Hüseyn Əmir Abdullahianla danışıqlardan sonra keçirdiyi mətbuat konfransında deyib.
"Biz İran və Rusiya ilə birlikdə dördtərəfli formatda Suriya ilə bağlı işi davam etdiririk. Məsələlərin dairəsi genişdir. Sözsüz, hər bir tərəfin razılaşa bilmədiyi məqamlar var. Müzakirələri davam etdiririk”.
Fidan qeyd edib ki, Türkiyə Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşması prosesi çərçivəsində Suriyadan nə görmək istədiyi ilə bağlı açıq gözləntilərini ifadə edib:
“İlk növbədə, bunlar Suriya hökuməti tərəfindən etibarlı konkret tədbirlərdir ki, suriyalı qaçqınlar Türkiyədən salamat və təhlükəsiz şəkildə öz vətənlərinə qayıda bilsinlər və bizim istiqamətdə yeni qaçqın dalğalarına qarşı tədbirlər görülsün. Biz də Suriyanın terrorla mübarizədə, xüsusən də PKK-ya qarşı bizimlə əməkdaşlığa lazımi diqqət yetirəcəyinə ümid edirik”, - deyə Hakan Fidan vurğulayıb.