Rusiya rəsmi İrəvanın və Paşinyanın son bəyanatlarından narazıdır
Rusiya rəsmi İrəvanın və Baş nazir Nikol Paşinyanın son bəyanatlarından narazıdır.
Bu barədə Rusiyanın "Ria Novosti" agentliy rəsmi mənbəsinə əsaslanaraq məlumat yayıb. “Moskva Ermənistan Respublikası rəhbərliyinin son açıqladığı bəyanatlardan – ölkənin baş naziri Nikol Paşinyanın İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədən, o cümlədən Xarici İşlər Nazirliyinin şərhindən çox narazıdır və bu bəyanatları həm ton, həm də məzmun baxımından qəbuledilməz hesab edir”, - deyə media mənbəsi qeyd edib.
“Ria Novosti” mənbəsinin məlumatına görə, Moskvanın fikrincə, İrəvan öz nöqsanları və səhvlərini Rusiyanın üzərinə atmaq istəyir. Mənbə qeyd edib ki, Rusiyanı süni şəkildə Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyirlər, həm də bu məqsədin reallaşması üçün İrəvandan istifadə edirlər.
Məlumatda deyilir: “Ermənistanın yaxın qonşusu və dostu olan Rusiya regionu tərk etmək niyyətində deyil. Lakin bu, “ikitərəfli hərəkəti olan küçə olmalıdır”: Ermənistan da Rusiyanın sıxışdırılması üzrə Qərbin əlində alət olmamalıdır”. Diplomatik mənbə əlavə edib ki, “Qarabağ münaqişəsinin heç vaxt Ermənistan ilə Azərbaycan arasından ərazi mübahisəsi olmadığı” tezisi yanlışdır.
Agentliyin müsahibi deyib: “Qarşıdurmanın kökü Azərbaycan SSR-nin keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin statusu məsələsidir, eyni zamanda, İrəvan uzun müddət Azərbaycan ərazilərinin bir hissəsini öz nəzarəti altında saxlayıb”.
Mənbə qeyd edib ki, 2020-ci ildə baş vermiş hərbi qarşıdurma bir çox hallarda erməni rəhbərliyinin düşünülməmiş və təxribatçı addımlarının, o cümlədən “Qarabağ Ermənistandır” bəyanatının və erməni rəhbərliyinin “Dağlıq Qarabağ”ın “prezidentinin” Şuşada keçirilən inauqurasiyasında iştirakının nəticəsi idi.
“Bütün bunlar ATƏT-in Minsk qrupunun xətti ilə tərəflərin əldə etdikləri razılaşmalara əhəmiyyətli dərəcədə kölgə saldı. Əgər Rusiyanın və şəxsən Prezident Vladimir Putinin müdaxiləsi olmasaydı, hərbi əməliyyatların nəticəsi daha acınacaqlı ola bilərdi. Bununla yanaşı, müharibənin başlamasından üç həftə sonra RF Prezidenti Ermənistanın baş nazirini atəşi dayandırmağa çağırdı. Bu, daha çox qurbanların qarşısını ala, Qarabağın ərazisində sülh və sakitliyi təmin edə bilərdi". Mənbə sonda qeyd edib ki, Ermənistanın özünü kənara çəkməsi Qarabağ ətrafında humanitar vəziyyətin nizama salınmasına kömək etmir.
Məlumat üçün bildirək ki, Ermənistanın baş naziri Nikola Paşinyanın "La Repubblica" qəzetinə müsahibəsində deyib ki, Ermənistanın təhlükəsizlik arxitekturası Rusiya ilə bağlı idi - təhlükəsizlik sahəsində yalnız bir ölkəyə tam etibar etmək strateji səhvdir.