Gürcüstan prezident impiçment prosesi ilə əlaqədar xalqa müraciət edib
Göndərən prezidenti Salome Zurabişvili hakim “Gürcü Arzusu” partiyasının ona qarşı impiçment təşəbbüsünə münasibət bildirib. Zurabişvili xalqa müraciətində öz vəzifəsində qalacağını, getməli olduğu səfərlərə davam edəcəyini vurğulayıb.
Prezident deyib: “Mən olmalı olduğum yerdəyəm və hara getməliyəmsə oraya gedəcəm, bu mənim konstitusion öhdəliyimdir. Mən heç yerə getmirəm, hesab edirəm ki, hamı mənim istefam barədə xəyalı unutmalıdır". Prezident yalnız xalq qarşısında öhdəlik daşıdığını, ona görə də xalqa müraciət etdiyini əlavə edib: "Müxtəlif ölkələrin liderləri ilə görüşəndə onlar bilirlər ki, mən sizin seçdiyiniz insanam və bu perspektiv, bu gələcək sizin seçdiyinizdir. Ona görə də bizi dəstəkləyirlər, ona görə də mənə belə hörmətlə yanaşırlar. Bu hörməti mən deyil, siz qazanmısınız. Sizi Avropanın müxtəlif paytaxtlarında təmsil etməkdən qürur duyuram". Zurabişvili ölkənin korrupsiya, əhalinin xaricə köçü, rusiyalıların nəzarətsiz daxil olması kimi problemlərin olduğunu və bu problemlərin addım-addım həll edilməli olduğunu qeyd edib. Onun sözlərinə görə, Gürcüstandakı bütün qurumlar öz səlahiyyətləri çərçivəsində ölkənin Avropaya inteqrasiyasını təşviq etmək üçün hər şeyi etməlidir: “Ona görə də mən Berlində, Brüsseldə, Parisdə olmuşam”.
Zurabişvili Avropaya səfərinin öz vəsaiti hesabına baş tutduğunu, lakin bunun ölkə adına doğru olmadığını, bu cür vacib görüşlərə prezidentlərin öz hesablarına getməməli olduğun deyib: "Mən bu gün öz vəsaitimlə bunu etməkdən qürur duyuram. Ancaq dövlət üçün bu düzgün addım deyil, çünki ölkə prezidenti belə mühüm görüşlərə öz vəsaiti ilə getməməlidir. Ancaq fərqi yoxdur, mən davam edəcəm. Növbəti ölkələrə səfər planım var. Ümid edirəm ki, bu iki, üç ay ərzində mən Avropanın əsas və bəlkə də bütün paytaxtlarına baş çəkib, sizin arzularınızı müdafiə edəcəm", - deyə prezident vurğulayıb.
S. Zurabişvili Gürcüstanın heç vaxt Rusiyanın ayaqları altına düşməyəcəyini vurğulayıb. Qeyd edək ki, Gürcüstan hökuməti prezident Salome Zurabişvilinin Avropa ölkələrinə rəsmi səfərlərinə icazə verməyib. Buna baxmayaraq prezident öz xərci hesabına Avropa İttifaqı ölkələrinə gedərək Gürcüstanın namizəd ölkə statusu məsələsi barədə geniş müzakirələr aparıb.