Azərbaycan sərhədini pozaraq Gürcüstana keçmək istəyən iki nəfər Sudan vətəndaşı saxlanılıb.
Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətindən məlumat yayıb. Belə ki, sentyabrın 12-də saat 16:45-də “Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Sudan Respublikası vətəndaşları 1998-ci il təvəllüdlü Hassan Abdelgadir Noreen və 1990-cı il təvəllüdlü Ahmed Mahmoud Mohamed Abdelrahman saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxslərin 09.09.2023-cü il tarixdə Azərbaycan ərazisinə rəsmi qaydada gəlmələri, daha sonra isə dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.