"Niyə fəhlə cüzi əməkhaqqı almalıdır, amma kabinetdə əyləşən kimlərsə bundan 10 dəfə yüksək məvacib almalıdır?”,
Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı Facebook səhifəsində bildirib ki, avqustun 19-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin imzaladığı “SOCAR işçilərinə bəzi əlavə ödənişlərin təyin edilməsinin tənzimlənməsi qaydaları”nın təsdiq və tətbiq edilməsi haqqında əmrilə SOCAR-da (qurumlar və vəzifələr üzrə) peşəkarlığa görə aylıq əlavə ödənişin yuxarı hədləri müəyyən edilib.
Əmrə əsaəsn SOCAR prezidentinin aylıq əməkhaqqının yuxarı həddi 13.008 manat (6.504 əsas əməkhaqqı və 100 faiz əlavə), birinci vitse-prezidentin əmək haqqının yuxarı həddi 12.360 manat (6.180 manat əsas əmək haqqı), vitse prezidentlərin əmək haqlarının yuxarı hədləri 10 min manatdan 12 min manatadək, departament rəhbərləri və onların müavinləri 6 min manatdan 11.500 manatadək, aparıcı mütəxxəsislərin əmək haqları 3.500-dən 4.100 manatadəkdir. Baş direktorlar, onların müavinləri, baş mühəndislər və digərlərinin aylıq əmək haqları 2.500 manatdan 9.050 manatadək hesablanır.
Bununla yanaşı SOCAR strukturuna daxil olan "Azərbaycan Neft Təsərrüfatı" jurnalının işçilərininin də əməkhaqqına əlavələr olunub. Mövcud əməkhaqqı əlavədən sonra redaktor aylıq 8.147, redaktor müavini 7.155, baş mühasib 7.155, baş mühasibin müavini 6.262 manat əməkhaqqı alacaq.
Bütün bu məlumatları hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı SOCAR prezidentinin əmrinə istinad edərək yayıb.
Öz növbəsində, SOCAR hələ bu məlumatlara şərh verməyib. Turan İnformasiya Agentliyi hüquq müdafiəçisinin yaydığı məlumatlatrın doğru olub-olmaması ilə bağlı avqustun 26-da SOCAR-ın mətbuat xidmətinə göndərdiyi sorğuya isə hələ cavab verilməyib.
Qəhrəmanlı hesab edir ki, SOCAR-da yalnız yüksək vəzifəli şəxslərin əməkhaqqının artırılması barədə bu qurumun prezidentinin əmri əmək qanunvericiliyinə ziddir.
“Bir daha təkrar edirəm, əməkhaqqının yüksək olmasının əleyhinə deyilik. Amma sıravi, zülm ilə, həyatını təhlükəyə ataraq, risk edərək neftçıxarmada can qoymuşların əməkhaqqı ilə qoy, özlərinin əməkhaqqını müqayisə etsinlər. Niyə fəhlə cüzi əməkhaqqı almalıdır, amma kabinetdə əyləşən kimlərsə bundan 10 dəfə yüksək məvacib almalıdır?”, - o qeyd edib.
Onun fikrincə, əmr dəyişməlidir.
“Əmək Məcəlləsinin 157-ci maddəsinə uyğun olaraq əlavə ödənişlər vəzifə və ya tutduğu peşəyə görə deyil, əmək funksiyasının yerinə yetirilmə bacarığına və peşəkarlığa görə təyin edilməlidir. Peşəkarlığın müəyyən edilməsi meyarları SOCAR tərəfindən əvvəlcədən hazırlanmalı və təsdiq edilməlidir", - Mirvari Qəhrəmanlı qeyd edib.
Qeyd edək ki, dənizdə işləyən neftçilərin maası 1200 manatdan başlayır. Ən yüksək əmək haqqı isə 6-cı dərəcəki qazmaçılarindır - 2800 manatdır.