Şirkətlər heyvanları sığortalamaqdan niyə BOYUN QAÇIRIRLAR?
“Hazırda Aqrar Sığorta Fondu (ASF) heyvanların sığortalanmasında böyük rol oynayır. Belə ki, onlar heyvanların ümumi dəyərinin 6-9 faizi həcmində sığorta haqqı alaraq, sığortanı həyata keçirirlər.
Məsələn, bir xırda buynuzlu heyvanın dəyəri 200 manatdırsa, fermer 12 manat ödəməklə heyvanı sığortalaya bilər. Heyvanın dəyəri artdıqca, sığorta haqqı da artır”.
Bu sözləri Bizim.Media açıqlayan Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, ASF iki paket, 6 və 9 faizlik paketlər təqdim edir: “6 faizlik heyvanları bəzi risklərdən qoruyur, 9.5 faizlik paketlə sğortalandıqda isə, daha geniş risklərdən qorunmaq mümkün olur.
Ancaq digər sığorta şirkətləri nədənsə, bu sahəyə maraq göstərmək istəmirlər. Burada bir məsələ də var. Əgər sahibkar hansısa bir heyvanının 6 faizlik paketlə sığortalayırsa, bunun yarısını özü, yarısını isə hökumət ödəyir. Bu da onu göstərir ki, bir heyvanı sığorta etdirmək ona daha ucuz qiymətə başa gəlir. İkinci paket üçün də oxşar tarif tətbiq olunur.
Amma digər sığorta şirkətləri bu sahəyə maraq göstərmək istəmirlər. Səbəbi də odur ki, bu sahəni riskli hesab edirlər”.
Ekspert vurğulayıb ki, rəqabətliliyin yaranması üçün özəl şirkətlərin də bu bazara daxil olması vacibdir:
“Bunun üçün də hökumət bütün şirkətlərə burada bərabər şərait yaratmalıdır. Belə ki, əgər Aqrar Sığorta Fonduna 50 faizlik güzəşt paketi təqdim edirsə, bunu digərlərinə tətbiq etməlidir ki, onlar da bazara daxil olsunlar və rəqabət mühiti formalaşdırsınlar”.
Rövşən Ziya