"Azərbaycanda rabitə ilə bağlı ciddi problemlər var" - İQTİSADÇI MÜNASİBƏT BİLDİRİB

"Nəqliyyat və rabitə sahəsində dövlət büdcəsi xərcləri kifayət qədər artıb. Bir sahə üzrə 58% bir xərc maddəsinin artması yüksək göstəricidir. Üstəlik dövlət büdcəsinin artım tempi də təxminən 1,6 milyard manatdır. Bu qədər kiçik artım əsasında nəqliyyat və rabitə xərclərinin 58%-ə qədər artımı çox ciddi bir rəqəmdir. Yəqin ki bu məbləğin bir hissəsi nəqliyyatın subsidiyalaşmasına xərclənəcəkdir". Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli deyib.

"Elə düşünürəm ki, əsas artım tempi rabitə sahəsi ilə bağlıdır. Hər halda Azərbaycanda çox ciddi rabitə problemləri var. Hazırda genişzolaqlı internetin çatışmadığı yaşayış məntəqələrimiz kifayət qədərdir. Rabitə əlaqəsi, informasiyanın alınması və ötürülməsi məsələsi hazırda yaşadığımız informasiya cəmiyyətində çox önəmlidir. Hesab edirəm ki, bu istiqamətdə xərclərin artırılması təqdirəlayiqdir. Amma məsələ burasındadır ki, yalnız vəsaitin ayrılması ilə iş bitmir. Biz həm də səmərəli xərcləmələr həyata keçirməliyik",- deyə o əlavə edib.

















