Gənclərə vacib nəsihət!
Aydın Əliyev
Ali məktəblərə qəbul olan gənclər, mənəvi saflığınızı, təmiz vicdanınızı qoruyun! Şəxsiyyət əsasən tələbəlik illərində formalaşır. Bu dövrdə siz hər cür insanla rastlaşacaqsız, bunlardan ən təhlükəlisi mənəviyyatsız, vicdansız, ikiüzlü, riyakar, rüşvətxor, ALLAHI “tanımayan” insan tipidir. Onların maddi durumunun, əlaqələrinin yaxşı olduğunu görəndə sıxılıb təslim olmayın, bunlar belə edib yaxşı dolanır, vəziyyətdən çıxır deyə, mən də belə olum deməyin sakın! İndi orta və yaşlı nəslin içində o qədər mənəviyyatını, vicdanını itirmiş, riyakar rüşvətxor adam var ki, bunların ucbatından bu qədər sərvəti olan ölkəmiz hələ də yaxşı inkişaf edə bilmir. Siz də elə formalaşsanız bizim axırımız necə olar?
Az sayda saf, savadlı, vicdanlı, sıxıntıları olmasına baxmayaraq rüşvət almayan, inadkar insanlarla da rastlaşacaqsız. Onlardan bərk yapışın! Onlardan öyrənin! Onların yolu ilə gedin! Onlar ŞƏXSİYYƏTDİR!
Hamı sizi təbrik edir! Bunun səbəbi sizin önəmli mərhələyə qədəm qoymağınızdır! Gələcəkdə sizin yaxşı və ya pis olacağınız bu dövrdə necə formalaşacağınızdan asılıdır. Mən sizə yaxşı oxuyun, yaxşı mütəxəssis olun, savadlı olun demirəm! Mən sizə vicdanlı, saf, dürüst olun, riyakar, rüşvətxor kimi formalaşmayın, deyirəm! Əsas alt yapı, bazis budur! Qalan hər şey 2-ci dərəcəlidir! Əqidə düz olandan sonra qalan hır şey düzəlir! Və buna polad kimi inam lazımdır! Heç vaxt inamınızı itirməyin! İnamsızlıq ümidsizliyə, ümidsizlik təslimçiliyə, təslimçilik əyri yollara aparır!
Nə olur-olsun, haqqı nahaqqın ayağına verməyin! Vicdanınızı ləkələnməyə qoymayın, amandır! Yoxsa sonra buna vərdiş edəcəksiz, heç nə vecinizə olmayacaq və bu bir insanın faciəsidir. Unutmayın! Sizlərə inanırıq! sizlərə böyük ümidlər bəsləyirik!