"Bakı-Quba alternativ yolu istifadəçi üçün səmərəli deyil" - MÜNASİBƏT BİLDİRİLDİ
"Dünyada ödənişli yollar adətən özəl şirkətlər tərəfindən çəkilir. Dövlətin belə ödənişli alternativ yollar qurmağı düzgün deyil. Xarici nəqliyyat vasitələri üçün ola bilər, amma yerli nəqliyyat vasitələri üçün normal deyil. Yəni, Azərbaycan vətəndaşının normal yaşaması üçün nəzərdə tutulan dövlət büdcəsi hesabına yol çəkilir, üstəlik vətəndaşa yol satılır. Burada ikiqat ödəniş nəzərə çarpır". Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli deyib.
Onun sözlərinə görə, Azərbaycanda bu praktika çox sahələrdə var: "Amma bu, heç də ürəkaçan deyil. Hökumət dövlət büdcəsindən hər hansı bir xidmət qurursa, onu vətəndaşa ödənişsiz təklif etməlidir. Ödənişli yolları isə özəl şirkətlər çəkməlidir. Alternativ yolun öz məntiqi var. Bu yol elə səmərəli olmalıdır ki, istifadəçi ənənəvi yola nisbətən daha az xərc çəksin".
İqtisadçı sözlərinə davam edərək izah edib ki, bir məntəqəyə ənənəvi yol ilə gedəndə 100 manat xərc çıxırsa, alternativ yol ilə gedəndə 30-40% qənaət olunmalıdır: "Bu edilən qənaətin bir hissəsi isə yolu tikən sahibkara ödənilməlidir. Yəni, alternativ yolun iqtisadi fəlsəfəsi odur ki, həm sahibkar, həm də istifadəçi qazansın. Bu baxımdan hesab edirəm ki, Bakı-Quba alternativ yolu səmərəli deyil".
Ləman Sərraf