Azərbaycanda təhsilə qoyulan investisiya özünü doğrultmur
Bütün dünyada saat mexanizmi kimi işləyən bu formula Azərbaycanda niyə dalana dirənib?
Azərbaycan hökumətinin indiki təhsil-maarifçilik və biliklərin yoxlanılması istiqamətindəki siyasəti elə bil ki, ölkədən intellekt axınını stimullaşdırmağı hədəfləyir. Valideyinlərin xərcləri hesabına təhsil alıb, mütəxəssis kimi yetişən gənclərimizin işə qəbul prosesi müşkülə dönüb. Əsasən də, DİM-in müsahibə prosedurunda bilik əsla meyar deyil...
Milyardlarla xərc çəkilən orta təhsil ocaqlarında, şagirdlərə ən yaxşı halda, yalnız yazmağı və oxumağı öyrədirlər. Məsələn, bu sətirlərin müəllifi iki övladından birinə yazıb-oxumağı belə, özü öyrədib. Uşağı birinci sinifə göndərəndə dərsdən sonra sorğu-sual etmədim ki, uşaq məktəbdə nəsə öyrənir, mən də evdə nəsə öyrətməyə çalışsam kitab-dəftərdən bezər. Bu minvalla birinci sinifi başa vuranda gördüm ki, uşaq 32 hərifdən, yalnız beş-altısını tanıyır. O gündən başladıq uşaqlara evdə hərf öyrətməyə, dərslərini izah edərək onlara yardımçı oldum. Yuxarı siniflərdə isə repetitorların hesabına bilik qazana bildilər. Düşünürəm ki, bu prosesi son otuz ildə bütün valideynlər keçib. Yəni orta məktəblər uşaqlarımızın hər gününün yarısını hədər yerə alıb, əvəzində onlara repetitorların əməyinin bəhrəsi olan qiymətləri əks etdirən şəhadətnamələr və attestatlar verir. Yeri gəlmişkən, imkanı olan valideynlər heç uşağı məktəbə getməyə də qoymurlar, boş yerə niyə gedib vaxt keçirsinlər ki..? Şagirdin adını qaçqın məktəblərindən birinə yazdırıb, göndərirlər repetitor yanına. Beləcə, usaqlarımız tam orta təhsil alıb, heç bir maneə olmadan universitetlərədə qəbul olu-nur. Bakalavr səviyyəsini bitirib, magistraturaya qəbul olurlar. Altı il sarasər oxuyub tam ali təhsilə yiyələndikdən sonra növbəti mərhələ dövlət qulluğuna işə girməkdir. Çünki başqa sahələrdə təminatlı iş yeri yoxdur. Savadlı bakalavr və magistirlər əlavə olaraq hazırlaşmaqla (yəni, yenə repetitorlara ehtiyac duyulur), Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi dövlət qulluğuna qəbul üçün imtahandan yüksək bal toplaya bilirlər. Keçid balı 65 olsa da, 80-90, bəzi hallarda daha yüksək bal toplayanlar olur. Lakin iş bununla da yekunlaşmır. Növbəti mərhələdə DİM sertifikat alan namizədlərə üç mütəxəssisin sorğu-suala ilə keçirilən müsahibə təklif edir. Üç mütəxəssisdən biri DİM-dən, ikincisi namizədin vəzifə almaq istədiyi dövlət orqanından, üçüncüsü isə müstəqil ekspert olur. Bu üç nəfər namizədə sual verməkdə külli ixtiyar sahibidirlər və istənilən sual verə bilər. Müsahibə mərhələsində mümkün 20 baldan 16 bal alan namizəd müsahibədən keçmiş hesab edilir. Müşahidələrimiz göstərir ki, əvvəlki mərhələdə yüksək bal toplayan (məsələn, 80-90 bal) namizədlərin böyük əksəriyyəti müsahibə mərhələsində keçid balı toplaya "bilmir". Bu necə olur ki, DİM-in testlə keçirdiyi imtahandan 65 bal toplayan namizəd, müsahibədə 16-17 bal alir, amma DİM imtahanında 80-90 bal toplayan namizəd müsahibədə 13-14 bal toplayır? Bu da onu deməyə əsas verir ki, DİM-in təşkil etdiyi müsahibələrdə bilik əsas meyar deyil. Yəni müsahibə mərhələsində namizəd ya rüşvət verməli, ya da kimlər tərəfindənsə tapşırılmalıdır. Üçüncü variantla öz vicdanını hərraca qoyan bu üç nəfərdən heç cür keçid üçün lazım olan (16 bal) bal ala bilməzsən.
Onu da diqqətinizə çatdırım ki, yuxarıda qeyd etdiyim mərhələləri keçən namizədlərin taleyini üç nəfərin vicdanına buraxmaq olduqca ədalətsiz seçim və yolverilməz metodalogiyadir. Sözügedən müsahibələrdə iştirak edən yüzlərlə namizəddən onlarla aparılan müsahibələrin məzmunu barədə bilgi aldıq. Apardığımız monitorinqlərin nəticəsi onu göstərir ki, bal toplaması "məsləhət bilinən" namizədlərə olduqca primitiv, bal toplaması "məsləhət bilinməyən" namizədlərə isə ağıla gəlməyən suallar verirlər. Nəticədə savadına, bilik və bacarığına güvənən namizədlər kənarda qalır, kimlərəsə rüşvət verən, yaxud tapşırılan kütbeyinlər isə vəzifələrə təyinat alırlar. Əgər DİM bizim gəldiyimiz nəticələrlə razı deyilsə, bu ilin yanvar ayından bəri dövlət qulluğuna təyin edilən namizədlərin nəticələrini birlikdə təhlil etməyə hazırıq.
DİM bu gün valideynlərin boğazından kəsib təhsil verdiyi, savadlı mütəxəssis kimi yetişdirdiyi namizədləri oxuduğuna, təhsil aldığına görə peşiman etməkdədir. Məgər Məleykə Abbaszadə buna görəmi DİM-ə rəhbər təyin edilib? Bütün dünya o qənaətdədir ki, ən səmərəli investisiya təhsilə qoyulan investisiyalardır. Azərbaycanda isə DİM rəhbəri Məleykə Abbaszadə azərbaycanlılara sübut edir ki, təhsilə qoyulan investisiya boşuna çəkilmiş xərcdir. M. Abbaszadənin təşkil etdiyi müsahibəni aparan üç nəfər kağızdan höccələdiyi suallarla 40 dəqiqəyə namizədlərin 17 illik zəhmətini zay edərək, deyir ki, "siz layiq deyilsiniz, çünki rüşvət verməyi bacarmırsınız". Müsahibədə iştirak edən namizdələrdən aldığımız məlumata görə, müsahibə aparan mütəxəssislərdən birinin sağlamlıq durumu belə, yerində deyilmiş - başı əsirmiş. Gündə onlarla gənc namizədə qarşı vicdansızlıq edənin başı da əsər, ürəyi də dayanar!
Azərbaycan gəncliyinin karyerasını baltalamaq, dövlət qulluğuna savadsız və kütbeyin diplomluları doldurmaq üçün düşünülmüş müsahibə mərhələsi ya tamamilə aradan qaldırılmalı, ya da ədalətli bir formada keçirilməlidir. Nəyə görə, bir mütəxəssisin taleyi seçilməyən, heç kimin tanınmadığı üç nəfərin vicdanının ixtiyarına buraxılma-lıdır? Kim zəmanət verə bilər ki, onlar vicdanlı adamlardır? Məsələn, namizəd bilet çəkib, bəxtinə düşən sualları cavablandıra bilər və ya bu mərhələni də test şəklinə salmaq olar. Yoxsa, üç nəfər oturub kosmosdan tutmuş yerin təkinə qədər hər şeydən sual vermək ixtiyarına malikdirsə, o müsahibədən heç Məleykə Abbaszadə özü keçə bilməz.
Bu yerdə bir lətifəni xatırladım: "Bir təyyarədə erməni, rus və azərbaycanlı uçumuş. Təyyarə bələdçisi salona gəlib, həmin üç sərnişinə müraciət edir ki, təyyarə qəzaya uğrayır: "Bizim sərnişinlərə verə biləcəyimiz iki paraşüt var, amma siz üç nəfərsiniz. Hərəyə bir sual verəcəm, kim suala cavab verə bilməsə, o, da paraşutsuz qalacaq".
Bu minvalla bələdçi ilk sualını rusa verir və soruşur ki, Rusiyanın paytaxtı haradır?
- Rus cavab verir - Moskva.
İkinci sual erməni üçün səslənir - Ermənistanın paytaxtı haradır?
- Erməni - Yerevan.
Bələdçi azarbaycanlıya tərəf dönüb, soruşur: Cibutinin paxtaxti haradı?
Azərbaycanlı cavab verir: Daha de ki, sənə paraşüt vermirəm də...
DİM-in təşkil etdiyi müsahibələrin prinsipi bu lətifənin prinsipi ilə tam eynilik təşkil edir. Beləcə, bütün məmurlar kimi DİM rəhbəri Məleykə Abbaszadə də cəmiyyətimizi bir tərəfdən sökür, məhv edir, xalqımızın gələcəyə olan azacıq inamını da hər vəcdlə sarsıtmağa çalışır. Görünür, onun da tapşırığı bundan ibarətdir...
Akif Nəsirli