Fidan-Blinken görüşündə ay-ulduzlu Əl-Əqsa məscidi fiquru – Türkiyə ABŞ-a bu mesajı verdi

Məlum olduğu kimi, ABŞ dövlət katibi Entoni Blinken hazırda Türkiyədə rəsmi səfərdərir.

“AzPolitika.info” xəbər verir ki, sözügedən səfər çərçivəsində Blinken Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidanla görşüb. Üç saatdan artıq davam edən görüşdə tərəflər Qəzza zolağında sabit sülhün təmin edilməsi, əhaliyə humanitar yardımın göstərilməsi, həmçinin Qəzza zolağında münaqişənin yayılmasının qarşısının alınması istiqamətində müzakirələr aparıblar.

Qeyd edək ki, Blinkenin Ankara səfəri olduqca gərgin əhval-ruhiyyədə keçib. Türkiyənin belə bir mövqe sərgiləməsi ABŞ-ın İsrail-Fələstin müharibəsinə yanaşması ilə əlaqələndirilib. İlk öncə Blinkenin qarşılanma mərasimi qaranlıq bir mühitdə baş tutub, dövlət katibini qarşılamağa aşağı səviyyəli dövlət rəsmiləri gəlib. Blinkeni qarşılayanlar arasında ən yüksək səviyyəli şəxslər - ABŞ-ın Türkiyədəki səfiri Ceff Fleyk və Ankara valisinin müavini Namık Kemal Nazlı olub. Ardınca Blinken-Fidan görüşündə maraqlı bir hadisə yaşanıb. H. Fidanı qucaqlamaq istəyən Blinkenin bu istəyi qarşılıqsız qalıb və tərəflər yalnız əl sıxışaraq görüşüblər.

Onu da qeyd edək ki, görüşdə bir çoxlarının diqqətindən yayınan daha maraqlı bir detal isə otaqda Blinkenin arxasında yerləşən masanın üzərində yer alan fiqur olub. Həmin fiqurda ay-ulduz mühafizəsində Əl-Əqsa məscidinin təsvir olunduğu bildirilir. Bu yolla Türkiyənin ABŞ-a Əl-Əqsa məscidinin şəxsi mühafizəsində olduğu mesajını verdiyi düşünülür.

Məlumat üçün bildirək ki, Əl-Əqsa məscidi müsəlmanların ilk qibləsidir. İnşasına Davud peyğəmbər tərəfindən başlanıldığı və oğlu Süleyman peyğəmbər tərəfindən tamamlandığı rəvayət olunur. Məscidül-Həramdan sonra tikilən ən qədim ikinci məscid hesab olunur.

Qurana görə, Məhəmməd peyğəmbər Rəcəb ayının 27-si gecəsi Məscidül-Həramdan Əl-Əqsa məscidinə Buraq (sehrli məxluq-red.) ilə aparılıb.