MOSKVA İLƏ İRƏVAN ARASINDA ZƏNGƏZUR DƏHLİZİ DİDİŞMƏSİ... - Və Azərbaycanın birmənalı mövqeyi
“Ermənistan Respublikası heç vaxt heç bir sənəddə öz suverenliyinə hər hansı məhdudiyyətlə razılaşmayıb və onun suveren ərazisinin heç bir hissəsində üçüncü ölkənin nəzarəti yaradıla bilməz”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bəyanatına cavab olaraq bildirib.
Belə ki, Zaxarova bundan öncə Zəngəzur dəhlizi açılacağı təqdirdə, ona Rusiya FTX-sinin nəzarət edəcəyini demişdi: “Təəssüf ki, hələ də bu məsələlərə son qoymaq mümkün olmayıb. Bəli, bəzi insanların bunu etmək üçün siyasi iradəsi yoxdur və bu adamlar biz deyilik... Üçtərəfli razılaşmaya əsasən, Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında quru yolu ilə nəqliyyat kommunikasiyalarına nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti orqanlarının həyata keçirməsi nəzərdə tutulub”.
Təbii ki, Zaxarova “bəzi insanların bunu etmək üçün siyasi iradəsi yoxdur” deyərkən Nikol Paşinyan başda olmaqla, Ermənistan rəhbərliyini nəzərdə tutur. Ancaq Ermənistan tərəfi növbəti dəfə öncədən əldə edilmiş razılıqları inkar edir.Məhz Zəngəzur məsələsində bunun Azərbaycanın xeyrinə, yoxsa ziyanına olması isə başqa söhbətin mövzusudur...
Yəni, Paşinyan hökuməti Zəngəzur dəhlizinə nəzarəti Rusiyaya vermək fikrində deyil. Baxmayaraq ki, faktiki olaraq, zatən Ermnistanın sərhədləri Rusiya tərəfindən qorunur, ölkədə Rusiyanın böyük hərbi bazası var, ölkə iqtisadiyyatının olan-qalan strateji sahələri Rusiyanın nəzarətindədir və sair.
Yeri gəlmişkən, İrəvanla Kreml arasındakı bu çəkişmə Nikol Paşinyanın Parisə səfəri və Ermənistan ordusu Baş Qərargah rəisi Edvard Asryanın ABŞ-ın Avropadakı komandanlığının rəis müavini Stiven Başamla Ştutqartdakı görüşü fonunda baş verir. Özünə “uzaq sahillərdə” yeni himayədarlar axtaran Ermənistan heç bir halda öz ərazisində Moskvanın mövcudluğunu daha da artırmaq fikrində olmadığını göstərir...
Azərbaycana gəlincə, Paşinyanla Kreml arasındakı gərginliyin nəticəsindən asılı olmayaraq, ölkəmizin mövqeyi bəllidir. “Ermənistan Azərbaycana onun əsas ərazisi ilə Naxçıvan arasında Zəngəzur dəhlizi ilə maneəsiz nəqliyyat hərəkətini təmin etmək üçün etibarlı təminat verməlidir”.
Bunu hələ ötn ay Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ABŞ-nin Hadson İnstitutundakı çıxışında deyib. “Zəngəzur dəhlizinə gəlincə, ermənilər bu dəhlizlə bağlı düşüncələrimizi yəqin ki, səhv anlayıblar. Çünki Azərbaycan tərəfi bu ərazilərə iddia etmir və oranı Ermənistanın suveren ərazisi kimi tanıyır”, - deyə o bildirib.
E.Əmirbəyov qeyd edib ki, ermənilərin dəhlizin təhlükəsizliyini necə təmin edəcəkləri başqa məsələdir: “Bu, ayrı məsələdir, çünki üçtərəfli atəşkəs bəyanatına uyğun olaraq, hərəkətin təhlükəsizliyini Rusiya sərhədçiləri təmin edəcəklər. İndi belə görünür ki, Ermənistan bu öhdəliyi yenidən nəzərdən keçirir, çünki ruslara tapşırılan bu rol artıq onları qane etmir”.
Məsələ ondadır ki, 9 noyabr üçtərəfli razılaşması indiyə qədər həm Rusiya, həm də Ermənistan tərəfindən dəfələrlə, özü də kobudluqla pozulub. Azərbaycan BMT-nin məlum qətnamələri kimi, 9 noyabr sazişinin bir sıra maddələrini də öz gücü, əzmi hesabına yerinə yetirməli olub. Məsələn, erməni hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması – bunu nə Ermənistan, nə də öz üzərinə sülhməramlı missiyasını götürmüş Rusiya icra etmirdi, etmək istəmirdi.
Əksinə, “sülhməramlılar” Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrini “yemləməklə” məşğul olurdu. Yalnız Azərbaycan 19-20 sentyabr hərbi əməliyyatı ilə 9 noyabr sazişində nəzərdə tutulan tələblərin önəmli hissəsinin yerinə yetirilməsinə nail oldu.
Lakin indi söhbət Zəngəzur dəhlizindən gedir və Əmirbəyovun dediyi kimi, Azərbaycan tərəfi bu tarixi ərazilərinə iddia etmir. Amma Azərbaycana bu dəhlizin təhlükəsizliyilə bağlı etibarlı təminat lazımdır və Ermənistan öz öhdəliklərini yerinə yetirməlidir.
Təəssüf ki, nə Ermənistan, nə də Rusiya “dünyanın ən etibar ediləcək, ipinin üstünə odun yığılacaq” ölkəsi deyil. Lakin bütün bunlar o demək deyil ki, bizə Moskva ilə İrəvan arasındakı didişmənin nə ilə nəticələnəcəyini gözləmək qalır. Azərbaycan son illərdəki xarici siyasətində alternativ variantlar, çıxış yolları tapmaq imkan və bacarığını dəfələrlə göstərib...
C.Məmmədov