“BU MÜNAQİŞƏ İLLƏRLƏ DAVAM EDƏCƏK...”- “Hərbi yolla əldə edilən ərazi dəyişiklikləri qarşıdurmaya son qoymayacaq”

“Döyüş meydanında qələbəyə nail olunmasında israr edənlər (hansı ki, bu, artıq bir ildir mümkün deyil) dəhşətli əməl törədirlər – onlar insanların mənasız yerə ölümünün davam etməsinə çağırırlar”.

“AzPolitika.info” xəbər verir ki, bunu Rusiyanın müxalif “Yabloko” partiyasının yaradıcısı, məşhur siyasətçi Qriqori Yavlinski növbəti məqaləsində yazıb.

Yavlinski diktaturanın hökm sürdüyü Rusiyada seçkilərin mənasız olduğu kimi, Rusiya-Ukrayna savaşının “qələbəyə qədər” davam etdirilməsinin də hər iki tərəf üçün mənasız olduğunu qeyd edib: “20 aylıq hərbi əməliyyatlar göstərdi ki, İkinci Dünya Müharibəsindən sonra Avropadakı ən böyük hərbi münaqişə - Rusiyanın Ukrayna ilə qarşıdurması illərlə davam edəcək və insanların durmadan həlak olmasıyla, dağıntılarla müşayiət olunacaq. Özü-özlüyündə bu cür münaqişə heç bir nəticəyə gətirib çıxarmayacaq. Bu, pat vəziyyətidir. Rusiyada 1990-cı illərdə yaradılmış siyasi və iqtisadi sistem dəyişməyincə, ölkədə avtoritar və dəyişməz hakimiyyət qaldıqca, Rusiya gerçək demokratik dövlət olmayınca (bu isə təəssüf ki, tezliklə baş verməyəcək) Kremlin xarici siyasəti də əhəmiyyətli şəkildə dəyişməyəcək”.

Siyasətçi qeyd edir ki, indi hər iki tərəfdən əldə olunan ərazi üstünlükləri qarşıdurmanı bitirməyəcək: “Bu qarşıdurmada bir tərəfdə Ukraynanın müstəqil, müasir Avropayönümlü dövlətin əsasını qoymaq istəyi, digər tərəfdə isə Putinin və hakimiyyətdəki rus elitasının bir hissəsinin fərqli bir dünya düzəni - mövcud qlobal geosiyasi sistemdən fərqli, çoxqütblü, neokonservativ prinsiplərə əsaslanan və Amerika rəhbərliyindən asılı olmayan düzən barədə təsəvvürü durur. Yəni, mahiyyət etibarı ilə bu, mədəniyyət, tarix, milli kimlik, müasir və gələcək dünya nizamı haqqında iki fərqli fikrin toqquşmasıdır. Və burada Ukrayna Qərb yönümlü dünya düzəninin forpostuna çevrilib. Məsələnin mahiyyəti budur. Odur ki, hərbi yolla əldə edilən ərazi dəyişiklikləri bu halda qarşıdurmaya son qoymayacaq. Mübarizə yalnız faktiki olaraq müəyyən nəzarət xəttinin yaradılmasına gətirib çıxara bilər. Lakin heç bir tərəf bunu beynəlxalq sərhəd kimi tanımır”.

Yavlinski qeyd edir ki, bu qarşıdurmanın perspektivi ilə bağlı iki vacib məsələni mütləq nəzərə almaq lazımdır: “Araşdırmalar göstərir ki, bir ildən çox davam edən dövlətlərarası hərbi münaqişələr orta hesabla on ilə qədər müddətdə həll edilmir. Beləliklə, əgər siz dərhal atəşkəs məqsədini qarşınıza qoymamısınızsa, o zaman aşağıdakıları başa düşməlisiniz:

Birincisi, bu növ silahlı münaqişənin öz məntiqi var: həlledici qələbəyə nail olmaq mümkün olmadıqda, hərbi əməliyyatların ərazisinin genişləndirilməsi ehtimalı getdikcə artır. Yəni, Avropa ölkələri və ABŞ böyük müharibəyə sürüklənir. Buna bənzər mənzərə artıq Birinci və İkinci Dünya müharibələrində müşahidə olunub (Biz hətta Rusiyanın müəyyən şərtlərdə kütləvi qırğın silahlarına - kimyəvi, bioloji, nüvə silahlarına müraciət edə biləcəyini nəzərə almırıq, hansı ki, bu vəziyyətdə hər şey prinsipcə dəyişəcək).

İkincisi, atəşkəsdən imtina əslində, Ukrayna iqtisadiyyatının bərpa oluna bilməyəcəyi anlamına gəlir, çünki davam edən hərbi əməliyyatlar kontekstində bu, tamamilə qeyri-realdır: ölkənin hava məkanı bağlı qalır, limanlar hələ də böyük ölçüdə bağlanıb, şəhərlər atəşə tutulur, əmək qabiliyyətli kişilər cəbhədə döyüşür və milyonlarla qaçqın xaricdən evlərinə qayıtmaq istəmir. Belə şəraitdə iqtisadiyyata ciddi investisiyalar mümkün deyil”.

Yavlinski hesab edir ki, Ukrayna bu reallıqları nəzərə almalı və daha ağıllı addımlar atmalıdır: “Ukrayna artıq Qərbdəki donor dövlətlərdə yaranmış obyektiv çətinlikləri - artan büdcə problemlərini, milli silahlı qüvvələrin döyüş hazırlığı məsələlərindəki gərginlikləri, daxili siyasi fikir ayrılıqlarını öz üzərində hiss etməkdədir. Ukraynanın indiki miqyasda dəstəklənəcəyinə heç də təminat vermək olmaz... Eyni zamanda, hərbi qarşıdurmada qan axıdılan hər günün qiyməti fövqəladə dərəcədə yüksəkdir. Eləcə də, həm hərbi xərclər, həm də infrastrukturun bərpası ilə bağlı ayrılmalı olan vəsaitlərin həcmi getdikcə daha böyük miqyasda artacaq. Nəticədə hər iki ölkənin gələcəyinə aid təhlükə daha real olacaq. Ələlxüsus Ukraynanın müstəqil Avropa ölkəsi kimi mövcudluğu böyük təhlükə altına düşəcək”.

Yavlinski yazır ki, bütün bunlar nəzərə alınmaqla, hazırda yeganə və ən effektiv strategiya dərhal atəşkəsə nail olunması, bunun ardınca isə uzun zaman tələb etsə də belə, siyasi və diplomatik çıxış yolları ətrafında müzakirələrin başlanmasıdır.

C.Məmmədov