PAŞİNYAN-ƏSƏD “QARDAŞLIĞI” VƏ... - Azərbaycanı “qaralayan” Ağ Evin riyakarlığı

Azərbaycana qarşı absurd iddialar və itihamlar səsləndirən ABŞ administrasiyası öz “ədalətini” və “səmimiliyini” Ermənistana qarşı münasibətdə açıq-aşkar göstərməkdədir.

“AzPolitika.info” Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, Ermənistan parlamentinin sədr müavini Akop Arşakyanın rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti Suriya başçısı Bəşər Əsədlə görüşüb. Nikol Paşinyanın partiyasından olan Arşakyanın səfərilə bağlı Ermənistan parlamenti rəsmi məlumat yayımlayıb.

Məlumatda deyilir ki, Arşakyan Bəşər Əsədə Ermənistanın “sülh yolayrıcı konsepsiyası”nı təqdim edib və onun region üçün əhəmiyyətini qeyd edib.

Məlum olduğu kimi, bu “konsepsiya”da Cənubi Qafqaz regionunda bütün kommunikasiyaların açılması və Ermənistan da daxil olmaqla, həmin kommunikasiyalara nəzarətin ölkələrin suveren hüquqları çərçivəsində həyata keçirilməsi nəzərdə tutulub. Lakin maraqlıdır ki, bütün bunların uzaq Suriyanın diktator başçısına nə aidiyyatı var? Və ümumiyyətlə, görəsən “qərbpərəst” Paşinyan hakimiyyətinin ABŞ başda olmaqla Qərbin özünün az qala birinci düşməni elan etdiyi, Rusiyanın himayəsində olan Bəşər Əsədin qəbulunda nə işi var? Bəlkə bu da Ermənistanın “demokratik dəyərlərə sədaqətinin”, “diktaturalara qarşı mübarizəsinin”, “Qərbə can atmasının” və digər cəfəngiyyatların növbəti “nümunəsidir”?

Yeri gəlmişkən, Əsəd də Paşinyanın elçisinə cavabında deyib ki, “Ermənistanın problemləri bizə yad deyil və biz Ermənistanı problem və çağırışların öhdəsindən gəlməkdə dəstəkləyirik”.

Yəni, Ermənistan üçün Əsəd də ABŞ ilə, Bayden administrasiyası ilə, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayn ilə eyni sırada durur və eyni şeyləri deyir. Yəni, Əsədlə Baydenin heç bir fərqi yox imiş...

Onu da xatırladaq ki, Ermənistan hərbçiləri hələ də Suriyada Bəşər Əsədi qorumaqla məşğul olan Rusiya hərbi kontingentinin tərkibində fəaliyyət göstərir. Ancaq əlbəttə ki, nə Bayden administrasiyası, nə də Konqresdə ağzı köpüklənə-köpüklənə Azərbaycana qarşı absurd, əsassız ittihamlar səsləndirən O-Brayn və başqaları bu Suriya-Ermənistan, Paşinyan-Əsəd “qardaşlığını” görmür. Qoy görməsin. Əvəzində bütün dünya kimi Azərbaycan cəmiyyəti də bir daha Ağ Evin ikili standartlarını, və riyakarlığını növbəti dəfə görür və “dəyərləndirir”...

C.Məmmədov