İsrail dövlətinin yaranma ideyası

Yəhudilərin “Siyon”a (Qüdsdə yerləşən müqəddəs dağ) geri dönərək burada dövlət qurmasını hədəfləyən “Siyonizm” hərəkatının təkcə, dini zəmində dəyərləndirilməsi qüsurlu yanaşmadır.

Böyük Fransız İnqilabından (1789) sonra dünyada trendə çevrilən milli dövlət arzusu yəhudi intellektuallarda da “milli yəhudi dövləti” ideyasını oyatmışdı. Amma bir problem var idi: digər millətlərdən fərqli olaraq, yəhudilərin kompakt yaşadığı, dövlət qura biləcəkləri “vətəni” yox idi. Bu səbəbdən, yəhudilər dövlətdən daha öncə, dünyanın dörd bir tərəfində diaspor formasında yaşayan yəhudiləri bir yerə toplamaq üçün “vətən” yaratmalı idilər.

“Vətən” üçün fərqli variantlar olsa da, daha çox yəhudini cəlb edə biləcək ən effektiv seçim üç min il ərzində yəhudi kimliyinin mərkəzində olan dindən istifadə edilməsi idi. Dini qaynaqlarda Tanrı yəhudilərə bir vaxtlar sürgün edildikləri “Eretz İsrail”ə (Fələstin əraziləri) qayıtmağı vəd edir. Lakin burada da bir problem var. Dini qaynaqlara görə, yəhudilərin vədedilmiş torpaqlara geri dönüşünə Tanrının göndərəcəyi Məsih tərəfindən öndərlik edilməlidir, bu səbəbdən Məsih gələnədək yəhudilərin özbaşına “Eretz İsrail”ə qayıtmaq üçün cəhd etməməsi barədə müqəddəs and var. Buna görə də bir sıra yəhudi dini çevrələrində vədedilmiş torpaqlarda yəhudi dövləti qurmaq istəyən “Siyonizm” hərəkatı bu andı pozan və Tanrının iradəsinə qarşı çıxan kafirlik kimi şərh edilirdi.

Lakin modernlik çağı digər dinlərdə olduğu kimi yəhudi dininin də cəmiyyət içərisindəki rolunu zəiflətmiş, sekulyar-millətçi düşüncəni mərkəzə yerləşdirmişdi. Digər tərəfdən XIX əsrdə baş vermiş yəhudi qətliamları, poqromlar fonunda güclənən anti-semitizm dalğası “Siyonizm” hərəkatının legitimliyini gücləndirmiş, yəhudilərə məxsus milli dövlət zərurətini həm yəhudi xalqı, həm də dünya ictimaiyyətinin əksəriyyətinə qəbul etdirmişdi.

İdeoloji zəminlə yanaşı, praktiki addımların da doğru seçilməsi vacib idi. Burada da əsasən iki proses həlledici idi: birincisi, siyonistlər Fələstində yaranmış güc vakumunu doğru dəyərləndirərək buranı ərəblərdən geri almaq üçün kolonial fəaliyyətə başlamış, böyük yəhudi köçlərini Fələstinə istiqamətləndirə bilmişdi. İkincisi, siyonistlər dünyanın aparıcı dövlətlərinin dəstəyini qazanmağı bacarmışdı. Təbii ki, burada həmin dövlətlərdə yaşayan güclü yəhudi diasporları başlıca rol oynamışdı. Böyük dövlətlərin dəstəyinin qazanılması Fələstində milli yəhudi dövlətinin quruluşunda həlledici oldu.

Deyə bilərik ki, reallıqda “siyonizm” dini bir hərəkatdan daha çox, sekulyar millətçi ideallar üzərində qurulan, dindar, irqçi, liberal, sosialist və mədəni baxışları özündə birləşdirən ideologiyalar sintezidir. Dini dəyərlər və anti-semitizm dalğaları “siyonizm” tərəfindən hərəkatın güclənməsində təkanverici qüvvə kimi istifadə edilib. Fələstin ərazilərinin mənimsənilməsi və böyük dövlətlərin dəstəyinin qazanılması isə “siyonizm”in tarixi missiyasını uğurla tamamlanması, yəni İsrail dövlətinin qurulmasının praktiki sütünlarını təşkil etdi.
#Hikmət

Mənbə: Şərqə Baxış.