ABŞ MƏĞLUB OLA BİLƏCƏYİ MÜHARİBƏNİN BİR ADDIMLIĞINDA – “Vaşinqton və müttəfiqlərinin qətiyyət göstərməsi vaxtı çatıb”
İkinci Dünya müharibəsindən sonra dünya bəlkə də ən gərgin dövrə qədəm qoyur. “Soyuq müharibə” zamanı ABŞ və SSRİ arasındakı rəqabət öz mahiyyətinə və xarakterinə görə ictimai-iqtisadi formasiyaların mübarizəsiydi.
Hər iki tərəfin ictimi-siyasi və iqtisadi sistemi bir-birinə zidd gələn ideoloji platformalara söykənirdi. Sovet İttifaqı kommunist təmayüllü sosializm ideyalarını təbliğ və təşviq edirdisə, ABŞ bunun əksi olan liberal-demokratiya və bazar iqtisadiyyatına üstünlük verirdi.
Geostrateji mübarizə, hərbi xərclərin artırılması və dünyadakı münaqişə ocaqlarına müdaxilələr zamanı məhz həmin ideolji bazalar ön plana çəkilirdi. SSRİ ilə Amerika arasında ciddi iqtisadi rəqabət yaşanmırdı, çünki dünya ticarətindəki böyük rollarına baxmayaraq, onların maliyyə və iqtisadi sistemləri bir-birindən ayrı fəaliyyət göstərirdi. Ancaq SSRİ dağılandan sonra dünyada vahid iqtisadi, maliyyə sistemi yarandı. İndi Çin və Amerika arasındakı gərginliyin əsas səbəbi dünya bazarının paylaşıla bilinməməsindən qaynaqlanır. Ona görə də bir çox beynəlxalq analitiklərin fikrinə görə, yaxın gələcəkdə ABŞ və Qərb dünyasının digər yeni güclər ilə silahlı mübarizəsi qaçınılmaz görünür.
“AzPolitika.info” xəbər verir ki, ABŞ-ın“Foreign Policy” nəşri “Amerika məğlub ola biləcəyi müharibənin bir addımlığında” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur.
Həmin məqaləni qısa ixtisarla təqdim edirik: “ABŞ məğlub ola biləcəyi dünya müharibəsinin bir addımlığındadır. Strateji baxımdan dünyanın üç ən əhəmiyyətli regionundan ikisində Amerikanın diqqət verməli olduğu ciddi münaqişələr yetişib. Əgər Çin Tayvana hücum etmək qərarına gəlsə, onda vəziyyət ABŞ-ın üç cəbhədə birbaşa və ya dolayı yolla iştirakı ilə qlobal müharibəyə çevriləcəyi təhlükəsinə qədər gedib çıxa bilər. Vaxt getdikcə daralır və vəziyyəti yaxşılaşdırmaq üçün Amerikanın müxtəlif variantları olsa da, onların hamısı ciddi səylər və kompromislər tələb edəcək. Dövrümüzün ən böyük böhranı ilə mübarizəyə səfərbər olunması üçün ABŞ və müttəfiqlərinin qətiyyət göstərməsi vaxtı gəlib çatıb.
ABŞ-ın çətin vəziyyətə düşməsi barədə bu cür kəskin ifadələrin işlədilməsi, yəqin ki, bir çox oxucuya yersiz təlaş kimi görünə bilər. Amerika artıq çoxdandır ki, Yer kürəsinin ən qüdrətli dövlətidir. O, iki dünya müharibəsində qalib gəlib, Sovet İttifaqını məğlub edib və indiyədək dünyanın ən güclü ordusuna sahibdir. Amerika son il yarım ərzində Ukraynaya dəstək göstərməklə Rusiyanı böyük xərcə saldı və ilk baxışda elə fikir yarandı ki, Vaşinqton başqasının əliylə Moskvanı həlledici məğlubiyyətə uğrada bilər və bundan sonra o, bütün diqqətlərini Hind-Sakit okean regionundakı hərbi mövqelərinin möhkəmləndirməsinə cəlb edəcək. Amma gün geçdikcə bu strategiya daha az işə yarıyır. Rusiya bütün gücünü Ukraynada uzanan müharibəyə səfərbər edir, Aralıq dənizinin şərq sahillərində yeni cəbhə açılır və sürətlə silahlanma yolunu tutan Çinin Tayvana qarşı qətiyyətli addımlar atmaq həvəsi güclənir.
Üçüncü geosiyasi böhranın öhdəsindən gəlməyin ABŞ üçün çətin olacağını yaxşı anlayan Pekin Şərqi Asiyada Vaşinqtonun səbrini sınağa çəkir. Əgər həqiqətən müharibə başlasa, onda ABŞ ən əhəmiyyətli faktorların onun əleyhinə işləməyə başlaması ilə üzləşəcək. Bu cür faktorlardan biri coğrafiyadır. Belə ki, ABŞ-ın son iki Milli Müdafiə Strategiyasından çıxan nəticəyə və Konqresin Strateji Siyasət Komissiyasının təsdiq etdiyi son sənədə görə, hazırda ABŞ ordusu eyni anda iki əsas rəqiblə müharibə aparmaq iqtidarında deyil. Əgər Çin Tayvana hücum etsə, ABŞ-ın Ukrayna və İsrailə yardımı kəsmədən onun qarşısını alması xeyli çətin olacaq. Bu, ABŞ-ın tənəzzülə uğramasına görə baş vermir. Çünki hər üç strateji teatrda (Ukraynada, Aralıq dənizinin şərq sahillərində və Tayvan ətrafında) güclü olmaq məcburiyyətində qalmış Amerikadan fərqli olaraq, Çin, Rusiya və ya İranın məqsədlərinə çatmaları üçün yalnız öz regionlarında güc nümayiş etdirmələri kifayətdir. Ən pis ssenari üç uzaq müharibə teatrında döyüşlərin şiddətlənməsidir ki, belə halda ABŞ ordusu çox zəif təchiz olunmuş müttəfiqləri ilə birikdə mübarizə aparmaq məcburiyyətində qalacaq. Bu mübarizə amerikalılardan və onun müttəfiqlərindən milli birlik, resursların səfərbər olunmasını və fədakarlıq tələb edəcək. Amerika lap əvvəllər də bir neçə cəbhədə döyüşüb, lakin öncəki müharibələrdə onlar həmişə düşmənlərindən üstün olublar. Amma bu gün vəziyyət dəyişib: hazırda Çin donanması gəmilərin sayına görə ABŞ donanmasını geridə qoyub və hər dörd ildən bir bütöv fransız donanmasının sayı qədər çoxalırlar (Fransa Hərbi Dəniz Qüvvələrinin qərargah rəisinin sözlərinə görə, bu,130 gəmi edir). Müqayisə üçün deyək ki, ABŞ Hərbi Dəniz Qüvvələri növbəti on il ərzində cəmi 75 gəmi almağı planlaşdırır. Buradan başqa bir zəiflik - pul çatışmazlığı meydana çıxır.
Öncəki münaqişələr zamanı Vaşinqton xərc baxımından öz rəqiblərini çox asanlıqla ötüb keçə bilərdi. İkinci Dünya müharibəsində ABŞ dövlət borcunun Ümumi Daxili Məhsula nisbəti təxminən iki dəfə artaraq 61%-dən 113%-ə yüksəlmişdi. Amma bu günün Amerikası ÜDM-in 100 faizini aşan bir borcla müharibəyə girişəcək. Belə fərz edək ki, artım tempi İkinci Dünya müharibəsindəkinə oxşardır və ÜDM borcunun 200%-ə və ya ondan da yuxarıya yüksələcəyini gözləmək tam ağlabatandır. Konqresin büdcə idarəsi və digər müvafiq mənbələr bildirirlər ki, bu həcmdəki borc yükü ABŞ-ın iqtisadi və maliyyə sistemi üçün fəlakətli nəticələrə gətirib çıxaracaq. Qlobal münaqişə öz ardınca başqa təhlükələr də gətirəcək. Amerikanın iki rəqibi Rusiya və İran dünyadakı əsas neft və enerji istehsalçıları və ixracatçılarıdır. Bu yaxınlardakı məruzələrdən birində iddia edilir ki, Hörmüz boğazının blokadaya alınması neftin bir barrelinin qoymətini 100 dollardan yuxarı qaldıra bilər ki, bu da öz növbəsində inflyasiyaya səbəb olar. ABŞ borcunun əsas sahibi Çindir və Pekinin uzun müddət ərzində ABŞ istiqrazlarını satması iqtisadiyyatı əlavə yükləyə bilər. Amerikalıların elektronika avdanlıqlarından tutmuş tikinti materiallarına qədər hər şeydə qıtlıqla üzləşə biləcəkləri ehtimalı çox yüksəkdir.
Amma bütün bunların hamısı Amerikanın qlobal münaqişə nəticəsində üzləşəcəyi insan itkisi ilə müqayisədə çox solğun görünür. Yəqin ki, döyüşlər zamanı xeyli sayda ABŞ hərbçisi həlak olacaq. ABŞ-ın bəzi düşmənləri Amerika ərazilərini vura biləcək həm adi və həm də nüvə silahlarına malikdirlər. Əgər bu kabus kimi görünürsə, deməli belə də olmalıdır. Bibliyada deyildiyi kimi, qorxu müdrikliyin başlanğıcıdır. Qlobal müharibə təkcə politoloqların müzakirə etdiyi sırf nəzəri fəlakət və ya “şahinlərin” və hərbçilərin qızdırmalı sayıqlaması olmaqdan çıxıb. Bu, real və proqnozlaşdırıla bilən bir ehtimaldır. ABŞ bu münaqişənin önünü kəsmək ümidi ilə söylənilən ssenariyə hazır olmalıdır. Ukraynanın, İsrailin və Tayvanın silahla təmin edilməsi ABŞ-ın başlıca prioritetinə çevrilməlidir. Lakin ABŞ öz müdafiə sənayesi bazasını qaydaya salmazsa, bunu etmək mümkün olmayacaq. Rusiya-Ukrayna müharibəsinin başlanmasından bu yana Amerika müdafiə istehsalının ümumi həcmi yalnız 10 faiz artıb.
Vəziyyət o dərəcədə ciddidir ki, hətta Vaşinqton Müdafiə İstehsalı Aktını tətbiq etməklə bəzi mülkü sənaye obyektlərini hərbi məqsədlər üçün istifadəyə yönəltməlidir. Və belə olan təqdirdə ABŞ hökuməti istehlak iqtisadiyyatı üçün nəzərdə tutulmuş material və xammal da daxil olmaqla ölkənin bütün sənaye bazasını səfərbər etmək üçün ən sərt tədbirlər görmək məcburiyyətində qala bilər. Tamamilə aydın görünür ki, Vaşinqton müdafiə xərclərini artırmalı olacaq. Vaşinqton borcu yüksəltmədən müharibəyə hazırlaşmaq üçün xalqın geniş dəstəyini qazanan sosial proqramlara çəkilən xərcləri azaltmalıdır. Konqresdəkilərdən heç kim yaşlı seçicilərə onların imtiyazlı müavinətlərinin kəsiləcəyini söyləmək istəmir. Amma əks halda, çox yaxın gələcəkdə - müharibə başlayanda, bu adamların övladlarının və nəvələrinin lazımı silahlarla təzhiz edilmədən nəyə görə qaynar döyüş nöqtələrinə göndərilməsinin səbəbini izah etməli olacaqlar.
ABŞ-ın müttəfiqləri də bu istiqamətdə mühüm addımlar atmalıdır. Ukraynadakı müharibə Avropadakı NATO üzvlərini, ilk növbədə Almaniyanı təhlükəsizlik məsələlərində daha ciddi davranmağa sövq edir. Lakin hətta indinin özündə də bu ölkələrin yalnız üçdə birindən azı Ümumi Daxili Məhsulun iki faizinin hərbə xərclənməsi öhdəliyini yerinə yetirir. Alyansın ən böyük Qərbi Avropa ölkələri bir il öncə Madrid sammitində NATO-nun şərq cinahında briqada həcmində hərbi birləşmə yerləşdirilməsi vədini yerini yetirməyiblər.
Qərb hökumətləri və vətəndaşları qarşıdakı müharibədə pis vəziyyətdə qalmamaq üçün prioritetlərini yenidən gözdən keçirməli olacaqlar. Çinin həftədə kömürlə işləyən iki elektrik stansiyası inşa etdiyi bir vaxtda Amerikanın iqtisadi böyüməni məhvə sürükləyən tələsik və həm də çox baha başa gələn iqlim siyasəti ilə öz əl-ayağını bağlamasının heç bir mənası yoxdur. Avropalılar nüvə enerjisinə olan nifrətlərini yığışdırmalı, amerikalılar isə ABŞ-ın enerji istehsalının artmasına mane törədən və özlərinin tətbiq etdikləri məhdudiyyətləri aradan qaldırmalıdır.
ABŞ və onun müttəfiqləri çətin qərarların qəbul ediləcəyi bir dövrə girirlər. Ukrayanda və İsraildə baş verənlər bir neçə il əvvəl təsəvvürəgəlməz kimi görünürdü, hələ bunlar təzə çiçəklərdir, giləməyvə daha sonra yetişəcək...
Amerikalılar və müttəfiqləri elə indidən hər şeyi öz qaydasına salmalıdırlar ki, qlobal münaqişə onları qəflətən yaxalaya bilməsin.
"AzPolitika.info"