PAŞİNYAN YENƏ NALA-MIXA VURDU - "Biz hələ sülhə tam əmin deyilik"
Hazırda Azərbaycanla Ermənistan arasında üç prinsip üzrə sülh müqaviləsinin imzalanacağı bəlli deyil.
Ermənistan KİV-ləri xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 24-də canlı yayımda vətəndaşların video suallarını cavablandırarkən belə deyib.
Paşinyan yenə də Brüssel danışıqları zamanı üç prinsip razılaşdırıldığını, Ermənistanın ərazisinin 29 800 kv. km. olduğunun qəbul edildiyini, sərhədlərini müəyyən edilməsi zamanı 1974-1990-cı illər xəritələrindən istifadə edilməli olunduğunu (halbuki Ermənistan SSR 1920-ci ildə yaradılıb, sərhədi də həmin vaxt müəyyən edilib -red.) iddia edib.
Həmçinin Zəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü öhgəlikdən imtina edərək, kommunikasiyalar ölkələrin yurisdiksiyasında olmasının vacibliyini bildirib.
"Biz əminliklə deyə bilmərik ki, Azərbaycan bu üç prinsipə əsaslanan sülh müqaviləsini imzalamaqdan imtina edir. Amma biz onu da deyə bilmərik ki, Azərbaycan bu üç prinsipə sadiqliyini təsdiqləyir», - deyə, Paşinyan yenə nala-mıxa vurub.
Onun sözlərinə görə, danışıqlar zamanı bu məsələlərin aydınlaşdırılmasına ehtiyac var.
«Bildiyiniz kimi, noyabrın 30-da sərhədlərin demarkasiyası komissiyalarının iclasının keçirilməsi nəzərdə tutulur. Biz bu müzakirələrdən Azərbaycanın bu prinsiplər əsasında danışıqlara aparmağa hazır olması və ya bu prinsipləri qəbul etmədiyinə dair nəticə çıxaracağıq. Bizdə hələ də belə bir inam yoxdur. Düzdür, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Amma Ermənistan Respublikasının ərazisi dedikdə hansı əraziləri nəzərdə tutduğunu dəqiqləşdirmək lazımdır” - deyə, Paşinyan bildirib.
Beləliklə, Paşinyan da bilir ki, Ermənistanın ərazisinin əhəmiyyətli bir hissəsi Sovet hakimiyyəti tərəfindən Azərbaycandan qoparılan torpaqlardır. Artıq sovet hakimiyyəti mövcud olmadığından Ermənistanın həmin əraziləri Azərbaycana qaytarması lazımdır. Sərhədlərin dəqiqləşdirilməsi də məhz 1918-20-ci illərin xəritələri əsasında aparılmalıdır.
Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarovun sözləri ilə desək, "Ermənistan SSRİ-yə nə ilə gəlmişdirsə, onunla da getməlidir!"