Putinin payızı...
Qəzənfər Həmidoglu
Putin ilk dəfə açıq şəkildə hədəfinin Ukraynanı məhv etmək olduğunu bildirdi. Rusiya liderinin sözlərinə görə, Ukrayna ərazisində “anti-Rusiya anklavı” yaradılır və “xüsusi əməliyyat”ın məqsədi bu anklavı ləğv etməkdir.
“İndiki Ukrayna ərazisində anti-Rusiya anklavı yaratmağa başlayıblar, bu bizim ölkəmizi təhdid edir. Odur ki, bizim orda döyüşən uşaqlar həm Donbası, həm də Rusiyanın özünü müdafiə edirlər”, - deyə RF prezidenti sentyabrın 1-də Kalininqradda məktəblilərlə ünsiyyətdə olarkən bəyan edib. Uşaqlara keçdiyi “Mühüm olan haqqında danışaq” adlı dərsdə köhnə tarixçilik mərəzi baş qaldıran Putin keçmişə qısa ekskurs edərək “Sovet İttifaqı yaradılanadək Ukraynada heç bir dövlətçiliyin olmadığına” dair nimdaş iddiasını təkrarlayıb: “Belə dövlət olmayıb. 1917-ci il inqlabından sonra cürbəcür kvazi-dövlətlər yaranmışdı, sonra Sovet İttifaqı formalaşarkən Ukrayna peyda oldu”. Psevdotarixçi Donbasın və Ukraynanın xeyli hissəsinin bir daha Rusiyanın “tarixi əraziləri” olduğunu iddia edib.
Putin 2021-ci ilin yayında dərc etdiyi “Rusların və ukraynalıların tarixi birliyi haqqında” adlı psevdotarixi-təbliğati məqaləsində Ukraynanı dövlət kimi həzm etmədiyini dolayısı ilə bəyan etmiş - “Rusiya imperiyasının qırıntıları”nda peyda olan dövlətləri kvazi-dövlətlər adlandırmış və Ukrayna xalqı adlı xalq olmadığını iddia etmişdi:
“Ruslar və ukraynalılar bir xalq, vahid bütündürlər”.
Bu ilin martında “Lujniki” stadionunda Krımın ilhaqının 7-ci ildönümü ilə bağlı tədbirdə də Rusiya lideri sovet hakimiyyətini Rusiya imperiyasının torpaqlarını SSRİ daxilindəki “kvazi-dövlət formalaşmaları”na paylamaqda suçlamışdı: “ Ötən əsrin 20-ci illərində Sovet İttifaqını formalaşdıran bolşeviklər indiyədək hələ də anlaşılmayan hansısa səbəblərdən böyük əraziləri geosiyasi məkanın kvazi-dövlət qurumlarına verdilər”.
Putin yalnız imperiya yıxıldıqdan sonra yaranan dövlətləri deyil, SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış postsovet məkanı ölkələrini də kvazi-dövlətlər sayır. İndi Ukraynadan “rus torpaqlarını yığmağa” başlayan RF prezidenti şübhəsiz ki, digərlərini də növbəyə düzüb, ən azı beyinində...
Bütün bunları o, dərsdə uşaqlara danışır. Putinin “pedaqogikası” isə ayrıca yazı mövzusudur. Rusiya prezudenti şagirdlərə başa salır ki, “əməksevərlik – sadəcə, bağışlayın, rezin sağrı (gündəyməz) deyil, ümumiyyətlə, aryıca istedaddır“.
Bunu psixoloq bilər ki, Ukraynaya hikkə və niftət Vovada uşqlıqdanqalma travmanın əsər-əlamətidir, ya yox? Amma bunu iddia etmək olar ki, Putin “KQB”dən çıxan insanlar üçün tipik olan dünyagörüşü sahibidir: İnsanlara inanmazlar və tutduqlarını buraxmazlar.
Adam hələ də dərk etmir və ya dərk etmək istəmir ki, Ukrayna gerçək ölkədir, Ukrayna cəmiyyəti Rusiyadan fərqli olaraq azaddır, ukraynalılarsa rus deyillər və öz suverenlikləri uğrunda sonadək döyüşəcəklər. Bir çox ekspertə görə, Ukraynaya “anti-Rusiya anklavı” kimi baxması bundan xəbər verir ki, Putin uğursuzluqdan dərs çıxarmaq iqtidarında deyil, son hədəfə kildlənib və ağlına belə gətirmir ki, bu hədəf onun sonu da ola bilər. Amma bu versiya daha inandırıcıdır ki, Putin məhz sonunu ertələmək üçün müharibənin uzanmasında maraqlıdır. Kremlin sahibi anlayır ki, Rusiyada müharibəni uduzmaq hakimiyyətinin sonu, hakimiyyəti itirmək isə diktator üçün fiziki son deməkdir...
Qarşıdakı payız ayları Putin və Zelenski üçün həlledici olacaq. Ukrayna üçün vacib olan yaxın strateji hədəf ilk növbədə Qara dəniz sahillərini işğaldan azad etməkdir. Çünki Ukrayna iqtisadiyyatının varlığı Qara dəniz limanlarından asılıdır. Əksər ekspertlərə görə, Xersonun işğaldan azad edilməsi və Krım körpüsünün partladılması Putinə öldürücü zərbə olacaq, rusları şoka salacaq. Bunun üçünsə yüzlərlə HIMARS, reaktiv artilleriya lazımdır ki, rusların olduqca güclü, 3-4 qatlı müdafiə səddini məhv etmək mümkün olsun.
Şübhəsiz ki, ukraynalıların döyüş ruhu ruslarınkından qat-qat üstündür. Amma Ukrayna payızda – sentyabr-oktyabr aylarında işğal altındakı torpaqlarının mühüm hissəni azad etməsə, şaxtalar düşdükdə vəziyyət yetərincə qəlizləşə bilər. Düzdür, Rusiya yerində sayır, irəliləyə bilmir və Ukraynanın əks-hücum təhdidi qarşısında hər vəchlə savaşı dondurmağa can atır. Putinin ümidi bunadır ki, qış ayları, şaxtalar özü ilə təbii atəşkəs gətiriəcək. Ukraynanın iqtisadiyyatı, infrastrukturu darmadağın edilib, Qərbin böyük hərbi və maliyyə yardımlarına rəğmən, qışın ukraynalılar üçün ağır keçəcəyi gözlənilir. Ukrayna rəhbərliyi də bundan narahatdır və Ukrayna daxilindəki Rusiyaya bağlı telegram-kanallar artıq bu istiqamətdə təbliğata başlayıblar. Kreml isə bunun daxili siyasi situasiyaya ciddi təsir edəcəyinə ümid edir.
Rusiyanın digər ümidi sərt qışın Avropanı da tərəddüd keçirməyə məcbur edəcəyi ilə bağlıdır. Özəlliklə də Fransanın Ərdoğana paxıllıq edən lideri Makron anti-Putin koalisiyasına istənilən neqativ sürprizi edə bilər. “Kimsə Rusiya ilə dialoqun davam etdirilməsində Türkiyənin yeganə ölkə olmasında maraqlı deyil”, - deyən Fransa prezidenti Ukrayna-Rusiya sülh danışıqları üçün arabuluculuqda Ərdoğanın missiyasına göz dikib.
Gözlənilir ki, Ramştayn-5 – anti-Putin düşərgəsinin üzvü olan ölkələrin hərbiyyə nazirlərinin sentyabrın 8-də ABŞ-ın Almaniyadakı hərbi-hava bazasında keçiriləcək sayca 5-ci görüşü NATO və müttəfiqlərinin Ukrayna-Rusiya savaşındakı payız taktikasına müəyyən aydınlıq gətirəcək. Ramştayn formatına rəhbərlik edən Pentaqonun şefi və Ukraynanın böyük dəstəkçisi LLoyd Ostinin sözlərinə görə, müttəfiqləri Ukraynaya Rusiya aqressiyasına müqavimət və Ukrayna torpaqlarının işğaldan azad olması üçün hər cür yardımı davam etdirəcəklər.
Hələlik isə NATO ölkələri Ukraynanı o səviyyədə silahla təmin etməyiblər ki, ukraynalılar Rusiya ordusunu 23 fevral sərhədlərinə sıxışdıra bilsinlər. Əgər ABŞ müharibənin eskalasiyasından çəkinsə və situasiya dondurulsa, vaxt Rusiyanın xeyrinə işləyəcək, Putinə nəfəs dərdirəcək.
Ümid edək ki, Ukrayna ordusu payızda Putinə ciddi zədələr vuracaq və ilin sonuna güclü əks-hücumla çıxacaq.