Yeni il qabağı bahalaşma - Bu məhsulların qiyməti artacaq

2023-cü ilin bitməsinə, demək olar ki, 1 ay vaxt qalıb. Hər il olduğu kimi bu il də vətəndaşlarımız dekabrın ilk günlərindən etibarən yeni ilə hazırlıq prosesinə başlayır.

Rəsmi statistikaya görə, bu ilin yanvar ayında illik inflyasiya 12,5 faiz olmuşdusa, oktyabr ayında bu göstərici 3,9 faiz təşkil edib. Artıq Azərbaycan bazarlarında olan əksər məhsulların qiymətində bahalaşma müşahidə olunur.

 

Bəs bu bahalaşma yeni il üçün daha çox hansı məhsulların qiymətində hiss olunacaq?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin fikirlərinə görə, əmək haqqı və pensiyaların artımı Azərbaycan bazarı üçün qiymətlərə psixoloji təsir göstərəcək.


“Əhalinin hansı mallara qarşı təlabata artacaqsa, həmin malların qiyməti bahalaşacaq. Yeni il qabağı müəyyən hədiyyələr, müxtəlif ərzaq məhsulları var ki, vətəndaşlar bunları alırlar. Ona görə də bütün növ ərzaq məhsullarının qiymət artım gözləniləndir. Bildiyimizə görə  pensiyaların, əməkhaqqılarının artımı gözlənilir. Bunun hamısı Azərbaycan bazarı üçün qiymətlərə psixoloji təsir olacaq. Ona görə də Azərbaycanda bütün istiqamətlər də bahalaşma gözləniləndir.”

İqtisadçı ekspert Xalid Kərimli qiymət səviyyəsində bahalaşmanın ləngiməsini görəcəyimizi diqqətə çatdırıb:

 

“Bu bahalaşma bayramlardan da aslıdır, məsələn Novruz Bayramında qoz-fındığın bahalaşmasını, Qurban Bayramında ətin bahalaşmasını müşahidə edirik. Yeni il bayramında isə bu əsasən bahalaşan hotel qiymətləridir. Daha sonra restoran qiymətlərini deyə bilərəm. Əhalinin haraya təlabatı artırsa, həmin istiqamətdə də artımlar müşahidə olunur. Əsasən qış geyimlərində bahalaşma olur. Ümumiyyətlə biz Dövlət Statistika Komitəsinin məlumatlarından da görürük ki, inflyasiya bir qədər səngiyib. Oktyabr-noyabr ayında elan edilən rəqəmlərə görə bu hazırda 10,2 faizdir. Proqnozlar ondan ibarətdir ki, inflyasiya 9.5-9.7 faizə qədər düşəcək. Bu o deməkdir ki, ümumi qiymət səviyyəsində biz bahalaşmanın bir qədər ləngiməsini görəcəyik. Lakin bahalaşma gözləniləndir.”

 

İqtisadiyyat məsələləri üzrə ekspert Natiq Cəfərlinin sözlərinə görə, yeni ilə aid bütün məhsulların qiymətində artım müşahidə olunacaq.

 

“Azərbaycanda inflyasiya kifayət qədər yüksəkdir. Ərzaq inflyasiyası ən azından ikirəqəmlidir. Azərbaycanda uzun illərdir yeni il qabağı çox pis ənənə var mövcuddur. Ərzaq qiymətləri kifayət qədər artır. Hər ailə öz gəlirlərinə uyğun olaraq yeni ildə bayram süfrəsi hazırlamaqla məşğul olur. İstər-istəməz tələbat da artır. Tələbatın artması qiymətlərə də təsir göstərir. Bu, yeni ilə aid olan bütün məhsulların qiymətinə təsir göstərir. Bunun yaşana biləcəyi ehtimalı çoxdur. Hələ də Azərbaycanda ərzaq inflyasiyası 10 faizdən yüksəkdir. Buna görə də yeni il qabağı, dekabrın 1-ci həftəsindən sonra yenidən müəyyən qiymət artımlarını müşahidə edə bilərik.”

 

İsmayıl Bakuvi