SOCAR-da maaş artımının ilginc tərəfi

Maaş artımı nə üçün "maaşa əlavə" kimi göstərilir?

Məlum olduğu kimi, bir neçə gün əvvəl SOCAR-ın rəhbər vəzifəli şəxslərinin maaşı 100%-40% arasında artırıldı. Yüksək vəzifəli şəxslərin maaşı daha yüksək faizlə, aşağı vəzifəli şəxslərin maaşı isə aşağı faizlərlə, yuxarıda göstərdiyimiz faiz dəhlizinə uyğun olaraq artırıldı. 

Birincisi, bu çox ciddi neopatik (qohumluq və klan yaxınlığına görə) ayrı-seckilikdir. Yəni, bu o deməkdir ki, şirkətdə daha yüksək vəzifə tutan şəxslər hakimiyyət klanına daha yaxın, aşağı vəzifə tutanlar isə bir qədər uzaq adamlardı. Bu səbəbdən, bəlkə də, dünyada ilk dəfə olaraq belə bir prinsiplə maaş artımı sxemi düşünülüb.

Adətən istənilan şirkətdə və ya hər hansı bir sahədə maaş ümumi faizlərlə artırılır. Məsələn, elan edilir ki, SOCAR işçilərinin maaşı 30% artırıldı. Bu artıq qazmaçıdan tutmuş prezidentə qədər hamıya şamil edilir. İndiki halda isə SOCAR yalnız rəhbər işçilərin maaşını artırıb, özü də ierarxiyaya uyğun olaraq fərqli faizlərlə. Yəni hər bir vəzifə üçün xüsusi artım faizi müəyyən edilib. Bu işçilər arasında ayrı-seçkilik qoymaqdır və bunun səbəbini yuxarıda göstərdik.

SOCAR-da maaş artımının digər ilginc məqam isə daha təəccüblüdür. Kobud desək, bu addımla dövlət şirkəti elə dövlətin özünə "atır". Belə ki, sözügedən artım qərarına diqqət yetirsəniz, orada yazılır ki, filan vəzifə sahibinin maaşına filan qədər əlavə edilir.

Məsələn SOCAR prezidentinin 6004 manat əmək haqqına 100% əlavə edilərək, 10 008 manata çatdırılır. Bu nə deməkdir? Yəni SOCAR prezidentinin əmək haqqının yalnız 6004 manatı vergiyə cəlb ediləcək, ona görə 25% sosial şigorta və 0.5% işsizlik sığortası ödəniləcək, 18% ƏVD tutulacaq, amma əlavə edilən 6004 manat isə bütün bu vergilərdən və tutulmalardan kənarda qalacaq. Ona görə ki, bu artıq maaş deyil, maaşa əlavədir.

Başqa sözlə desək, SOCAR bu "maaş artımı" ilə şirkətin rəhbər vəzifəli şəxslərinə verdiyi paketin bir hissəsini leqallasdırır. Digər tərəfdən isə bu maaş artımını "maaşa əlavə" adlandırmaqla dövlət büdcəsinə ödənilməli olan milyonlarla manat ödənişdən yayınır. 

Məsələn, təkcə SOCAR prezidentinin maaşına əlavə edilən 6004 manata görə dövlət büdcəsinə məbləğin 43,5%-i qədər (2624.4 manat) vergi və sığorta haqqı ödənilməlidir. SOCAR məhz bu ödənişdən yayınmaq üçün rəhbər vəzifəli şəxslərin maaş artımını "maaşa əlavə" kimi göstərir.

Əmək Məcəlləsinə görə, işçinin əmək haqqına əlavələrin edilməsi mümkündür. Amma bu əsaslandırılmalı və əlavənin təyinatı mütləq göstərilməlidir. Bu təhsil haqqı, çörək pulu, zərərli isə görə kompensasiya və s. kimi verilə bilər. Aadətən bu məbləğ maaşın 30% həddini aşmır . Lakin SOCAR öz işçilərinin maaşlarına əlavələr edərkən heç bir əsaslandırma və təyinat göstərməyib. Əlavələrin minimum məbləği maaşın 40%-ə bərabərdir. Bunula da SOCAR Əmək Məcəlləsinin tələblərini pozaraq, dövlət büdcəsinə külli miqdarda zərər vurmuş sayıla bilər. 

P.S.

Əmək Məcəlləsi

Maddə 157.5 Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.

Akif Nəsirli